İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan kibercinayətkarlıqla mübarizə ilə bağlı MÜHÜM TƏKLİFLƏR

Milli Məclisin iclasında çıxış edən deputat Nizami Səfərov kibercinayətkarlıqla mübarizədən bəhs edərək bildirib ki, müasir şəraitdə Azərbaycan Respublikasının əsas prioritet vəzifələri sırasında ölkənin kibersuverenliyinin təmin edilməsi xüsusi yeri tutur.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, kritik infrastrukturu obyektlərinin etibarlı formada mühafizəsi, vətəndaşların hüquqları və qanuni mənafelərinin müdafiəsi ayrılmaz şəkildə kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlıdır:

“Dövlət başçısının 19 mart 2025-ci il tarixli sərəncamına əsasən, təsdiq olunan “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasının” əsas məqsədləri sırasında milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, informasiyadan manipulyasiyanın, habelə dezinformasiya hücumlarının qarşısının alınması və süni intellekt sistemlərinin mühafizəsinin təmin edilməsi üçün rəqəmsal alətlərin etimadlıq səviyyəsinin gücləndirilməsi xüsusi yer tutur.

NİZAMİ.jpg (94 KB)

Nəzərə almaq lazımdır ki, müasir şəraitdə cinayətkarlığın strukturu və dinamikasında müşahidə edilən uzunmüddətli meyllər birmənalı olaraq nümayiş etdirir ki, mütəşəkkil cinayətkar qruplar və fərdi kriminal elementlər informasiya kommunikasiya texnologiyalarından istifadə edərək terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırılması, maliyyə sisteminin mühüm elementi olan bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq kimi qanunazidd məqsədlər uçun istifadə edirlər.

Son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.

Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub.

Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri təbdirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləsdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensilarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir”.

N.Səfərov xatırladıb ki, 2024-cü ilin 24 dekabr tarixində son 20 ildə ilk dəfə olaraq BMT 193 dövlətin səsverməsi nəticəsində Kibercinayətkarlıqla mübarizə üzrə Konvensiya qəbul edib:

“Qısa zamanda onun ratifikasiyası və beynəlxalq standartların milli qanunvericiliyə daxil olunması müstəsna əhəmiyət kəsb edir. Regional təcrübədən də yaralanmaq faydalı ola bilər.

Bir çox Avropa dövlətləri milli hüquq sistemi çərçivəsində süni intellektin tənzimlənməsi, kibercinayətkarlıqla mübarizə, rəqəmsal aktivlərin dövriyyəsi prosesində təhlükəsizliyin təmin olunması ilə bağlı çox sayda qanunvericilik aktları qəbul edib.

Bununla bağlı qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyəti inkaredilməzdir və nəticə etibarı ilə kiberfəza sahəsində təhlükəsizliyin təmin edilməsi ciddi töhfə verə bilər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR