İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan ilginc çağırış: “Bakıda HDP-yə səs verənlər...”

Sabir Rüstəmxanlı: “Bundan əvvəl də Azərbaycanda yaşamış Türkiyə vətəndaşları HDP-ni dəstəkləyib”

Mayın 2-sində Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Milli Məclis rəhbərliyinin başçılıq etdiyi nümayəndə heyətinin aprelin 27-28-də Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdə olduğunu bildirdi və ənənəyə uyğun olaraq deputatları səfərlə bağlı məlumatlandırdı.

Spiker qeyd etdi ki, iclasda Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə də məlumat verib: “Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün Azərbaycanın göstərdiyi səylərə mane olan amilləri, o cümlədən Ermənistanın mina terrorunun davam etdiyini, onun yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatdığını, revanşist qüvvələrə meydan verdiyini, etnik zəmində nifrəti və irqi ədavəti təşviq etdiyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hərbi təxribatlar törətdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdım. Bu təxribatların qarşısının alınması məqsədilə Azərbaycanın suveren hüququndan istifadə edərək beynəlxalq hüquq prinsipləri və normaları əsasında Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurduğunu da bildirdim”. 

Spiker bildirdi ki, Ankaraya işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopla görüşüb: “Görüşdə qardaş dövlətlərimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolu ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirildi. Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalandı. Bu günə qədər belə saziş yox idi. Ona görə də biz bu sazişi imzaladıq. Hesab edirəm, nümayəndə heyətimizin Ankaraya işgüzar səfəri uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm”.

Cari məsələlərlə bağlı çıxış edən deputat Rüfət Quliyev ölkə yollarının tikintisi ilə bağlı xoş sözlərini söylədikdən sonra təmsil olunduğu dairənin əsas problemindən bəhs etdi. Bildirdi ki, Lənkəranın Sütəmirdov yolunda radarın olmaması səbəbindən vaxtaşırı qəzalar olur. Elə bu yaxınlarda avtomobilin vurduğu iki uşağın reanimasiyada olduğunu deyib, əlaqədar qurumları hərəkətə keçməyə çağırdı.

Deputat Kamal Cəfərov Sumqayıt şəhərində tanınmış idmançının 7 yaşlı uşağın ölümünə səbəb olan zorakılıqlar etməsindən bəhs edib. Deputat rəsmi qurumlara müraciətlə “Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”, - deyə bildirib. K.Cəfərov əlavə edib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Deputatın sözlərinə görə, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. “İdman məktəblərindən müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz, mütləq 102-yə zəng edərək polisə məlumat verin” - deputat çağırış etdi.

Deputat Sabir Rüstəmxanlı bir məsələyə diqqət çəkdi. Bildirdi ki, 14 may seçkiləri ilə əlaqədar artıq xaricdə yaşayan Türkiyə vətəndaşları iştirak edir və Azərbaycanda da mayın 9-dək səsvermə olacaq. Deputat qeyd etdi ki, Azərbaycanda Türkiyədəki prezident seçkilərində HDP-ni (Halkların Demokratik Partisi) dəstəkləyənlər nəzarətdə saxlamalıdır. S.Rüstəmxanlı bunu deyərkən ötən seçkilərdən bəhs etdi. Bildirdi ki, bundan əvvəl də Azərbaycanda yaşamış Türkiyə vətəndaşları HDP-ni dəstəkləyib. “Dəqiq xatırlamıram, amma bundan əvvəl ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının üçdə biri HDP-ni dəstəkəlmişdi. Ona görə indi təklif edirəm ki, HDP-çiləri dəstəklələyən kəsimi bizim xüsusi mühafizə orqanları nəzarətdə saxlasın”.

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı və layihəni Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim etdi.

Milli Meclis: Milli Məclisin plenar iclasında

Komitə sədri Siyavuş Novruzov çıxışında namizədlərin bəziləri barədə müsbət fikirlər söylədi, onların yaxşı tanıdığını söylədi.

Sabir Rüstəmxanlı da İTV-nin fəaliyyətini yüksək qiymətləndirdi. Eyni zamanda ümumilikdə televiziyalarımızla bağlı tənqidlərini bölüşdü. “Bizim televiziyalarımız milləti millət olmaqdan çıxaran verilişləri artırırlar. Heç bir insan küçəyə çirkli paltarla çıxmaz. Amma televiziya ilə çırkli dillə çıxırlar.  Kim sənə haqq verir ki, millətə o dildə müraciət edəsən?!” - S.Rüstəmxanlı etirazını bildirdi. Daha sonra deputat qeyd etdi ki, Dövlət Televiziyasında Mədəniyyət kanalı var. İTV-də də Dünya Azərbaycanlıları kanalı olmalıdır. Təklif etdi ki, belə bir kanal açılsın və orada Azərbaycan dilini və tarixini öyrədən bölmələr olsun: “Düşmənlərimiz bizim əleyhimizə verilişlər verirlər, onlara irad tutanda deyirlər ki, bu, dövlət kanalı deyil. Biz də İTV-də belə bir kanal yarada bilərik ki, onlara efir vasitəsilə cavab verə bilək”.

Deputat Ceyhun Məmmədov media siyasəti ilə bağlı çıxış edərək bildirdi ki, bütövlükdə media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. “Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda maarifləndirməkdir. İnsanlarımızın bizdən gözləntisi budur. Bizə ünvanlanan ən çox narazılıqlardan biri də bununla bağlıdır”, - deputat əlavə edib. C.Məmmədov deyib ki, telekanallar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər. “Bu gün dövlətimizin medianı dəstəkləməyə kifayət qədər imkanı var.  Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik. Eyni zamanda hesab edirəm ki, bu gün dünyada gedən informasiya müharibəsi fonunda biz əcnəbi dillərdə - rus, ingilis, fars, ərəb dillərində verilişlərin təşkilinə xüsusi önəm verməliyik. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarıldı. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçildi.

Milli Meclis: Milli Məclisin iclasında

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzuladı, eyni zamanda deputat həmkarlarının fikir və təkliflərini fəaliyyətləri zamanı nəzərə almağı tövsiyə etdi.

Milli Məclisdə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ilk oxunuşda müzakiyə çıxarılaraq qəbul edildi. Deputat Nizami Səfərovun təqdim etdiyi layihəyə əsasən, “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xidmətlərinə görə təltif edilirlər.

Deputat Razi Nurullayev minatəmizləyənlərin olduqca təhlükəli və riskli fəaliyyətlə məşğul olduqlarını əsas gətirib, onların əməkhaqqının artırılmasını, həlak olanlara şəhid statusunun verilməsini zəruri saydı.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edildi.

Deputat Azay Quliyevin təqdimatından sonra “İctimai iştirakçılıq haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi.

“Mən qorxuram ki, indi səsləndirəcəyim fikrə görə yenə də həmkarlarımdan kimsə məni "konstitusiyanı yalnız sən oxumusan?", - deyə ittiham eləyəcək. Əvvəla, əminəm, həmkarlarımın hamısı bilir ki, insanlar konstitusiyanı bilmədiklərinə görə pozmurlar. Bəzi hallarda korporativ maraqlar və digər məqsədlər naminə bunu edirlər. Elə bu gün bizim hörmətli, tanınmış vəkillərdən biri Anar Qasımlının bir açıqlamasını oxudum ki, 2003-cü ildə kasasiya şikayəti ilə bağlı məhdudiyyətin tətbiq olunması ilə əlaqədar normanı Konstitusiya Məhkəməsi konstitusiyaya zidd hesab edir, amma 2021-ci ildə biz məhkəmə-hüquq islahatları çərçivəsində həmin normanı yenidən Mülki Prosessual Məcəlləyə təqdim etmişik". Bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev söylədi. Bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsində yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətinin başçılarının həyata keçirdiyi qeyd olunur: “Hazırda cənab Prezident tərəfindən səlahiyyətli nümayəndələr təyin olunur. Həmin səlahiyyətli nümayəndələr faktiki surətdə bir çox hallarda icra başçılarının səlahiyyətlərinə aid olan funksiyaları yerinə yetirirlər. Ona görə də konstitusiyaya görə yerlərdə icra hakimiyyəti funksiyası yerli icra başçılarının səlahiyyətlərinə aid olur. Ona görə də buna aydınlıq gəlməlidir. İcra orqanı olduğuna görə, subardinasiya və iyerarxiya olmalıdır. Məsələn, mənim üçün aydın deyil ki, yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri hansı səlahiyyətlərə malikdir? Onlar icra başçılarına göstəriş verə bilərlərmi? Yaxud əksinə, icra başçıları onlara göstəriş verə bilərmi, yaxud səlahiyyətli nümayəndələr icra başçılarına tabedirmi?”

Elşad PAŞASOY,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR