İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Hesablama Palatasının hesabatı ilə bağlı İLGİNC AÇIQLAMALAR

Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq, Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayında xüsusi dəyişiklik yoxdur.

Musavat.com bildirir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə, Hesablama Palatasının hesabatının müzakirəsində söyləyib.

Ardınca bildirib ki, 2022-ci ildə Palata tərəfindən 42 audit keçirildiyi halda, 2024-cü ildə də audit aparılıb:

“Dövlət büdcəsinin xərcləri 2022-ci ildə 32 milyard 64 milyon manat olsa da, 2024-cü ildə bu rəqəm 39 milyard 742 milyon manatadək yüksəlib.

Auditlərin əhatə etdiyi fiskal dövriyyədə də xüsusi dəyişiklik baş verməyib. Bu baxımdan, Palata tərəfindən audit müddətinin, seçim meyarlarının ayrıca da təqdim olunması məqsədəuyğundur”.

Vüqar Bayramov deyib ki, 2024-cü ildə 6 səmərəlilik (performance) auditi keçirilib və onların yarısında qənaətlilik meyarından istifadə edilməyib:

“Bildiyimiz kimi, İNTOSAİ performance auditinə 3Es (economy, efficiency and effectiveness) prinsipi ilə yanaşır və bu baxımdan nə üçün sayı heç də çox olmayan səmərəlilik auditlərin bütün meyarların tətbiq edilməməsi sual doğurur.

Səmərəlilik auditin ümumi auditdə payı cəmi 14.3 %, orta müddətli dövr üçün hədəf isə 15.0 faizdir. Səmərlilik auditin sayının az olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir. İNTOSAİ-nin əsas tövsiyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır. Amma hələ də Palata tərəfindən bu audit növündən istifadə olunmur. Halbuki bu auditdən istifadə nəzarətin miqyasının genişləndiriməsinə imkan yarada bilər”.

Deputat əlavə edib ki, Palatanın hesabatında bir sıra terminlərin dəqiqləşdirilməsinə ehtiyac var:

“Məsələn, hesabatda daha çox istinad edilən terminlərdən biri də səmərəsiz xərclərdir. Palata bunu ehtiyatlardan müəyyən edilmiş nəticələrin (hədəflərin) və ya mövcud ehtiyatlardan daha yaxşı nəticələrin əldə edilməsini təmin etməyən istifadə kimi xarakterizə edir. Amma daha yaxşı nəticələrin əldə edilməsinin təminatı necə müəyyənləşir və bunun üçün hansı meyarlar var?

Burada ölçülə bilən meyarlardan istifadə çox vacibdir. Eyni ilə “kafi əminlik” və ya “məhdud əminlik” terminlərinin izahatı anlaşılan deyil.

Hesabatda Palata tərəfindən pre-auditing aparıldığı qeyd olunur. Bu zaman “Hesablama Palatası” haqqında Qanuna və İNTOSAİ P 1 maddə 2-ə istinad edilir. İNTOSAİ P 1 Lima bəyannaməsidir və daha çox pre və post-auditi özündə ehtiva edir.

Palatanın fəaliyyət hesabatı ilə tanışlıq göstərir ki, büdcə və digər əlaqəli layihələrə rəy vermək pre-audit, icra sənədlərinə rəy isə post-audit kimi təqdim olunur. Bu, sözügedən qanunun tələbidir və Lima bəyannaməsində bu tip rəylər pre və ya post auditlər kimi xarakterizə edilmir. Rəy ilə auditin fərqli meyarları var.

Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilib və büdcəyə 113.3 milyon manat zərər dəyib. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin.

Eyni zamanda, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur. Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısının hazırlanması, həyata keçirilməsi tövsiyə olunandır.

Strateji plana uyğun olaraq 98 əsas performans göstəricisindən (KPİ- Key Performance İndicators) ibarət monitorinq çərçivəsi tətbiq edilib. Əvvəlki illərdə bu göstərici 90 idi, hansı yeni göstəricilər əlavə edilib və ümumiyyətlə seçim meyarları necədir?”

Vüqar Bayramov bildirib ki, hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yəni 76.0 faizi uyğunluq auditidir:

“Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür.

Büdcə qanunvericiliyində və dövlət satınalmalarda pozuntu sayının artması müşahidə olunur. Səbəbləri araşdırılmır?

“Dövlət Satınalmaları” haqqında Qanunun ötən ildən qüvvəyə minməsi bu pozuntuların sayına necə təsir göstərəcək?

Pozuntuların 35 faizinin mənfəət vergisini əhatə etməsi xərclərin şişirdilməsi yolu ilə mənfəətin azaldılmasından xəbər verir.

2024-cü ildə keçirilən 42 auditin 34-də, yəni 80 faizindən çoxunda büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanlar aşkar edilib. Bu, kifayət qədər ciddi rəqəmdir və maliyyə intizamının daha da möhkəmləndirilməsini prioritetləşdirir.

Dövlət satınalmaları üzrə pozuntuların bölgüsündə, hesabata əsasən, 57 faizi satınalma keçirilmədən müqavilələrin bağlanmasıdır. Bu əslində o deməkdir ki, hər hansı tender və ya dövlət satınalması olmadan fərdi qərarlar ilə müqavilələr bağlanıb və dövlət vəsaiti istifadə edilib”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR