İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan böyrək, qaraciyər satanlarla bağlı MÜRACİƏT 

“Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə “böyrək və qaraciyər alıram” - yazılır. Avtobus dayancaqlarında da bu elanlar var”.

Musavat.com-un məlumatına görə, bunu deputat Razi Nurullayev parlamentin iclasında söyləyib.

Deputatın sözlərinə görə, bu məsələdə bir neçə yanaşma ola bilər:

“Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikincisi isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu, sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz”.

R.Nurullayev əlaqədar orqanlara müraciət edib:

“O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, altı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm. Bu məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR