İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Qohum-əqrabanızdan və reketlik edənlərdən başqa heç kim dalınızca getmir”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirdi ki, ötən həftə çox gərgin bir mərhələ adladıq. “Erməni təxribatları və onları müdafiə edənlərin Azərbaycana total hücumları fonunda biz postmüharibə dövrünün ən böyük sınaqlarından birindən uğurla çıxdıq. Xarici media çirkab yağdırdı, ayrı-ayrı dövlətlər beynəlxlaq hüquqa zidd bəyanatlar verdi. Nəticədə kimsə bizi haqq işimizdən geri çəkilməyə vadar edə bildimi? Yox. Son nəticədə İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində, əsgərimizin döyüş ruhu nəticəsində Azərbaycan öz iradəsini yeritdi, Fərruxda nəzarət ələ alındı və hər kəs susdu”, - B.Məhərrəmov bildirdi.

Deputat ardınca bildirdi: “İndi siz məqama baxın, ölkəyə qarşı xaricdən çoxsaylı informasiya təxribatları fonunda sabiqlərin şəxsi qisas zəminində qurduğu radikal dərnək olan Milli Şura qalxır ki, mən Ukraynaya dəstək mitinqi keçirəcəyəm. Xarici təzyiqlərin gücləndiyi bir vaxtda ölkənin daxilindən belə bir cəhdin məqsədi aydındır. Bunlar niyyəti sahiblərindən aldıqları tapşırığa uyğun olaraq paytaxtda qarışıqlıq yaratmaqla xarici təxribatlara daxildən dəstək verməkdir. Yəni bunların dərdi Ukrayna deyil, Ukraynaya real yardım etməyin çox yolları var. Mitinq ac ukraynalı uşaq üçün nə qədər səmərəli kömək üsulu ola bilər?”

B.Məhərrəmov daha sonra müxaliflərə xitab etdi: “Yaxşı, indi siz mitinqi səmərəli çıxış yolu kimi görürsünüzsə, niyə bir dəfə müraciət etmirsiniz ki, biz Qərbin ikili standartları və erməni vəhşiliyinin ifşası üçün mitinq etmək istəyirik? Çox uzağa gemək lazım deyil, ötən həftə Fərruxda kütləvi məzarlıq aşkarlandı, ondan əvvəl Seyidəhmədlidə, ondan öncə Edillidə. Yaxud, minalanmış ərazilərin xəritəsini və kütləvi məzarlıqların koordintlarını gizlətdikləri üçün beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün niyə hansısa bir aksiya cəhdində bulunmursuz? Avropada dəstə-dəstə gəzirsiz, elə 3-5 nəfər gedin Avropa Parlamentinin qarşısında bu məsələləri qaldırın da. Bütün günü eyni adam, eyni müsahib, internet kanallarda boş-boş danışır. Nə olar, bir saat söyüş söymə, əvəzində 4 min azərbaycanlının taleyini gündəmə gətir. Danışanda da hamısının ağzınızdan xalq, millət, hüquq kəlmələri daşır, niyə bir dəfə trol ordunuzu belə məsələlərdə səfərbər etmirsiz? Edə bilmirsən, çünki ipin başqasının əlindədir. Elə ötən həftə də bunu gördük. 3-5 gündən bir bir qrup qadını feminist adı ilə təlimat verib ilə çıxarırsız küçəyə. Əgər, qadın hüquqlarından danışırsan, lap yaxşı, niyə o əllərində şuarlar küçəyə buraxdıqlarınız o plakatların birində yazmır ki, 267 qadınımızdan 30 ildir xəbər yoxdur. Bu da qadın hüququdur da. Bilirsiz, insanlar avam deyil ki, bütün bunları hamı başa düşür. Mən öz dairəmin timsalında deyirəm, qohum-əqrabanızdan və 3-5 demaqoq və yazı-pozu ilə reketlik edənlərdən başqa heç kim dalınızca getmir. İnsanların seçimi bəllidir. İndi iqtidarla düşmənsiz, bu başqa məsələ. Xalqın fikrinə niyə hörmətlə yanaşmırsız? Bu nə düşüncədi, xalqın fikriylə hesablaşmıram, amma xalqı idarə etmək istəyirəm. Bax, budur bunların demokratik düşüncəsi”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR