İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!

Avropa İttifaqının son dönəmlər sərgilədiyi fəaliyyət, xüsusən də Fransanın məlum istiqamətdə xüsusi canfəşanlığı başa düşülən deyil. O anlamda ki, erməninin özündən daha çox erməni olmağa çalışanların məramını anlamaqda bəzən həqiqətən çətinlik çəkirsən. Hətta hərdən adama elə gəlir, Paşinyanla Makron rotasiya edib, dövlətləri idarə edən subyektlər müvəqqəti dəyişib.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

O, Azərbaycana qarşı sanksiya anonsuna diqqət çəkib:

"Hokkey vətəninin qar adamları o tərəfdən sanksiya anonsu verir. (Sanki bunlarla milyardlıq ticarət əlaqəmiz və ya dəhşətli gediş-gəlişimiz varmış kimi) Digərləri isə söhbətə “fransız” qalmalarına rəğmən yuyulmamış çömçə kimi özlərini ortalığa atırlar ki, bəs demə Qarabağdakı erməni əsillilərin hüququ-azadlığı pozulubmuş, onu təcili bərpa etmək lazımdır.

Nə hüquq? Hansı hüquq? 30 il boyunca işinin dalınca gedən və indi qış yuxusundan ayıldığınızda yadınıza düşən hüquqmu? Yoxsa Xocalı qətliamı törədildiyində qulağınıza tıxadığınız pambığın, gözünüzə taxdığınız qara eynəyin ucbatından görə bilmədiyiniz hüquqmu? Bəlkə söhbət sabotaj hüququndan gedir? Ya da cinayətkarın cinayət törətmə hüququndanmı?

Gün görəsən haradan çıxıb ki, zamanında 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün taleyi ilə 1 dəfə maraqlanmayanlar indi Avropa qiyafəsində, demokrat libasında peydahlanıblar? Üstəlik, hələ utanmadan moizə oxuyurlar, məsləhət verirlər, bəzən hətta “sifət” edirlər...

“Ağ gün”ə çıxardıqlarınız ortadadır. Müharibəyə sürükləyib sonucda arxalarından qaçdıqlarınız da ən yeni tarixin “mübarək” məhsulları və nümunələridir. Amma və lakin! – Yetmədimi? Məkrli niyyətlər bitmədimi? Bölgə axı indi-indi dirçəlir, ədalət və ətalət yenicə öz tamlığına qovuşur. Bir qalıb sülh müqaviləsi, o da imkan versəz olacaq. Amma vermirsiz! Həm də bütün gücünüzü səfərbər edərək - vermirsiz! Çünki sabitlik sizin anlamınızda kabus deməkdir!"

Elşən Musayev qeyd edib ki, Paşinyanın artıq itirəcəyi heç nə yoxdur:

"Paşinyanın zatən itirəcəyi bir şey yoxdur. Üzünü ha Rusiyaya döndərsin, ha Avropaya, ha Qərbə (hərgah Qərb və Avropa artıq bərabər asosasiya olur) , ha Asiyaya. Nə tafotu var? Sıfırı onsuzda neçəyə vursan yenə sıfır edir. Yəni, bütün hallarda adam öz dövləti ilə bərabər fiaskoya məhkumdur. Çünki nə gücü var, nə resursu. Amma Azərbaycanın vəziyyəti fərqlidir axı. Daha dəqiq desəm: Perspektiv bütün istiqamətlər üzərindən bizim üçün açıq və məqbuldur. Guya Avropa ilə ticari dövriyyəmizi məsələn, tamlıqla Çinə yönəltsək, nəsə itirəcəyik? Ya da olsun digər ölkələr. Xeyr! İtirməyəcəyik. Əksinə, itirən Avropa olacaq. Əsas da enerji təminatı mövzusunda danışarkən ağızları umsuqlanan bəzi ölkələr!

Bəli. Avropa ailəsi zamanında çox cəlbedici idi. Amma o ailənin başında Avropalı olmayanlar qərarlaşana qədər. Ailədə hamı öz yerini və sərhədini bildiyi zamana qədər. Elə ki, əl dəyişdi, val da dəyişdi. Hə, aydındır, coğrafi düzən bəzi məsələləri – tutaq əbədi qonşuluq və ya beynəlxalq təşkilatlarda ümumi təmsilçilik mövzularını qaçılmaz edir. Amma müttəfiqliyi və tərəfdaşlığı qaçılmaz etmir! Fərd olaraq hansısa dövlətin ədalətsiz qərarına mövqe bildirmək, həmin dövləti yerində oturtmaq hüququnu və lüksunu qaçılmaz etmir!

Qısası, dişə-diş, buynuza-buynuz prinsipi artıq geosiyasi tələbə çevirilib... Və... həddini bilməyənə hədd göstərməyin əsl zamanı da məhz indidir!"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR