Onlayn ictimai-siyasi qəzet
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başa çatmasından bir ay ötsə də, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı qərəzli münasibəti səngimək bilmir. Azərbaycanın uğurla keçirdiyi bu mötəbər tədbirdən sonra beynəlxalq təşkilatlar, bir sıra ölkələr bir daha məkrli niyyətlərini ortaya qoydular. Bu sırada Ermənistanın “böyük bacısı” Fransa yenə də xüsusi canfəşanlıq göstərməkdədir.
Bütün bunlarla əlaqədar Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a açıqlama verib:
“COP29-la bağlı anti-Azərbaycan qüvvələrinin ədalətsiz mövqeyini və təhdidlərinin mahiyyəti üzərində dayanıb, fikirlərimizi söyləmişik. Bütün bunların önündə gedən Makron Fransasının iç üzünü açmışıq. Həm Milli Məclis səviyyəsində, həm də kütləvi informasiya vasitələrində. Lakin bu qüvvələr ölkəmizə qarşı hibrid xarakterli hücumlarını hələ də dayandırmaq niyyətində deyillər. Azərbaycanın uğurlarını həzm etməyən, xüsusilə, Fransanın və bir sıra Qərb dövlətlərinin ölkəmizə yönələn düşmənçilik və anti-COP29 kampaniyası davam etməkdədir. Lakin dövlətimizin peşəkarlığı və beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək ənənəsi Azərbaycanı gözlənilən bu sınaqlardan da uğurla çıxmasını təmin etdi. Ölkəmizə qarşı aparılan hibrid hücumları bu günə qədər heç bir nəticə verməmiş və verməyəcək də. Çünki haqqa və ədalətə söykənən rəsmi Bakı ən məkrli planları alt-üst etmək gücünə qadirdir”.
Cavanşir ABBASLI
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ