Onlayn ictimai-siyasi qəzet
Deputat Vüqar İsgəndərov Milli Məclisdəki büdcə müzakirələrində bildirib ki, 2025-ci ilin dövlət büdcəsi çox mükəmməl hazırlanıb.
Musavat.com-un məlumatına görə, deputat hökümət üzvlərinin və həmkarlarının məruzələrini də diqqətlə dinlədiyini vurğulayaraq bunları deyib:
“Düşünürük ki, 2025-ci ilin büdcə zərfi ölkəmizin hərtərəfli inkişafına öz vacib töhfəsini verəcək. Fürsətdən istifadə edərək, bir neçə məsələyə də fikrimi bildirmək istəyirəm. Büdcə zərfində müdafiə və təhlükəsizlik xərclərinə kifayət qədər vəsait ayrılıb. Bu, özlüyündə çox vacib məsələdir. Biz ordumuzun gücünü artırmaq üçün vacib addımlar atırıq. Düşünürəm ki, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət edən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq. Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır. Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olardı. Bura həm də ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarımızı da əlavə etməliyik. Çünki hüquq mühafizə orqanları içərisində ən az məvacib alan DİN əməkdaşlarıdır”.
Ardınca V.İsgəndərov hökumət təmsilçilərinin iclasda iştirak etməsindən istifadə edərək seçildiyi Şəki şəhəri ilə bağlı da bir neçə məsələni diqqətə çatdırdı: “Şəki şəhəri Rəsulzadə prospekti 313 ünvanında yerləşən çoxmənzilli yataqxana binası qəzalı vəziyyətdədir. Maliyyə Nazirliyi və Şəki şəhər İcra Hakimiyyətinin birgə hazırladığı razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Həmin təkliflərdə sakinlərin daimi məskunlaşdırılması üçün onlara kompensasiya verilməsi məqsədi ilə maliyyənin ayrılması nəzərdə tutulub. Nazirlər Kabineti tərəfindən həmin təkliflər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Komitədən isə Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, məsələ Dövlət proqramı layihəsinə salınaraq yenidən Nazirlər Kabinetinə təqdim edilib. Lakin 2 il keçməsinə baxmayaraq məsələ öz həllini tapmayıb. Digər bir məsələ isə hər il burada qaldırdığımız məsələdir. 2010-cu ildən başlanan Şəkinin su kanalizasiya işləri ilə bağlıdır. Təəssüflər olsun ki, 14 ildir öz həllini tapmayan məsələ insanlarımızı narahat edir. Əvvəla, bir təşəkkürümüz var ki, qaldırdığımız məsələ ilə bağlı cənab Prezidentin sərəncamı ilə şəhərin mərkəzi hissələrində asvaltlanma işləri gedir, lakin mərkəzi hissələrin bir çoxunda qazıntı işləri gedir, yarğanlar əmələ gəlir və bu ilin əvvəlindən yenə də işlər dayandırılıb və problem kimi də bu məsələ qalıb. İnsanlarımızın xahişini nəzərinizə çatdırırıq ki, bu məsələyə yenidən baxılsın və maliyyənin ayrılmasına dəstək olunsun.
Şəki rayonunun Oxud kəndi şəhərə ən yaxın kəndlərdən biridir. Şəhərlə bu kənd arasında Kiş çayı axır. Çayın üzərində körpü olmadığından insanlar kəndə getmək üçün uzun bir yol qət etməyə məcbur olurlar. Çay çox enli olmadığından çox da böyük olmayan bir körpü inşa olunsa, 5000-ə yaxın əhalisi olan Oxud kənd sakinlərinin uzun illərdir ki, arzusunda olduğu məsələ həllini tapardı.
Sonuncu məsələ Şəki rayonunun qazlaşdırılması məsələsidir. Rayonunun indiyədək 69 faizi qazlaşdırılıb. 2025-2030-cu illər üzrə “Azəriqaz” İB tərəfindən Şəki rayonu üzrə 2 yaşayış məntəqəsinin qazlaşdırılması planlaşdırılmışdır. Bu da düşünürük ki, sayca çox azdır. Xüsusən şəhər mərkəzindən uzaq olan dağ kəndlərinin qazlaşdırılmasına ehtiyac var. Şəhərin də bir neçə kvartalında bu məsələlərin görülməsi çox vacibdir. Hörmətli Baş nazirdən, hökümətdən məsələlərin həll olunması üçün dəstək vermələrini xahiş edirik”.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ