İnsanlara hürriyət, millətlərə istiqlal!

Depozit və kredit faizləri artır: Deputatdan AÇIQLAMA

2025-ci ilin yanvar ayında Azərbaycanda banklar 71 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz və ya 28,6 milyon manat azdır. 2024-cü ilin yanvar ayında bankların xalis mənfəəti 99,6 milyon manat təşkil etmişdi.

Bankların əməliyyat mənfəəti isə bir ildə 143.6 milyon manatdan 122.5 milyon manata enib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 79.7 faizi və ya 36 milyard 961 milyon manat. Depozit portfelinin 61.1 faizi (22 milyard 575.5 milyon manat) hüquqi şəxslərin, 38.9 faizi (14 milyard 385.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Açıqlanan statistikadan aydın olur ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri də daxil olmaqla) 14 milyard 698.7 milyon manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,2 faiz və ya 36,8 milyon manat çoxdur. Ötən ilin sonuna bu rəqəm 14 milyar 661,9 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin 66 faizi (9,497 milyon manat) milli valyutada, 34 faizi (4,888.4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8 faizi (8,746.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7 faiz və ya 146 milyon manat artıb.

Ötən ilin dekabrında Azərbaycan banklarında hüquqi şəxslərin depozitlərinin həcmi 23 milyard 397,5 milyon manata bərabər olmuşdu. Bu isə o deməkdir ki, hüquqi şəxslər bir ayda banklardan 820 milyon manat depoziti geri çəkiblər.  Bu proses ötən ilin ikinci yarısından müşahidə olunmağa başlayıb. Oktyabr ayında hüquqi şəxslər banklarda rekord həcmdə 1,8 milyard manatı geri çəkiblər. Belə ki, ötən ilin noyabr ayının 1-nə banklarda hüquqi şəxslərin depozitləri (maliyyə institutları istisna olmaqla) əvvəlki ayla müqayisədə 8.1 faiz və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat təşkil edib.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, hüquqi şəxslərin depozitləri üzrə müvafiq dinamika əsasən xarici valyutada cari hesabların azalması ilə bağlıdır. Müşahidə olunan dinamika şirkətlərin fəaliyyət xüsusiyyətlərindən, eləcə də dövlət və digər ödənişlərdən asılı olaraq formalaşıb: “Müqayisə üçün bildiririk ki, analoji hal 2022-ci ilin yanvar, fevral, iyul, eləcə də 2023-cü ilin yanvar, fevral, iyun və iyul aylarında da müşahidə olunub. Ümumilikdə, hüquqi şəxslərin depozitlərinin dinamikasına ortamüddətli dövr üzrə baxılması məqsədəuyğundur. Məlumat üçün qeyd edək ki, son 3 ildə müddətli depozitlərin həcmi 2.6 dəfə və ya 3.3 milyard manat, cari ilin 10 ayında isə 20.6 faiz və ya 0.9 milyard manat artıb”.

Maraqlıdır ki, ötən ilin dekabrında hüquqi şəxslərin depozitlərində kəskin artımla yadda qalıb - 21,3 milyard manatdan dekabrın sonunda 23,4 milyard manata yüksəlib.

Onu da qeyd edək ki, ölkədə həm depozit, həm də kredit faizlərində artım davam edir. Cari ilin yanvar ayında Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.75 faiz təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 1.19 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1.75 faiz bəndi artıb.

VÜQAR BAYRAMOV: 11 QƏSƏBƏNİN UZUN İLLƏRDİ İÇMƏLİ SU TƏMİNATI YOXDUR

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun fikrincə, depozit faizlərinin artımı bir çox baxımdan vətəndaşlar üçün çağırışlar formalaşdırır: “Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə 3.0 faizədək artıb. Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq.

Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozit sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir.

Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da belə, hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni bank müflis olarsa, o əmanətlər geri qaytarılmır. Bu arada, cəmi depozitlərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ayla müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır. Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə, vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil".

Eldəniz Əmirov - FOTOBAZA Pravda.az

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, hüquqi şəxslərin depozitləri geri çəkməsi halı müəyyən aralıqlarla müşahidə olunur: “Ötən ilin noyabrında da bu hal baş vermişdi. Bu prosesin bir sıra səbəbləri ola bilər: devalvasiya qorxusu, vəsaitlərin digər istiqmətlərə yönləndirilməsi, banklara etimadın azalması, iqtisadi qeyri-müəyyənliklər, Mərkəzi Bankın pul-kredit siyasətindən yaranan digər hallar və ya nağdsız ödənişlərin çox olması, gəlir vergisi öhdəliklərinin artması və sair. Gəlir vergisi dərəcəsində hər hansı dəyişikliyin olmaması digər səbəblər üzərində düşünməyə əsas verir. Ötən ilin noyabrında hüquqi şəxslərin xarici valyutada cari hesablarındakı azalma depozitlərin azalmasının əsas səbəbi idi. Bu dəfə azalma daha aşağı məbləğdədir, bu baxımdan onun yenidən artması da mümkündür”.

Ötən ilin dekabrında hüquqi şəxslərin depozitlərindəki kəskin artım, ümumilikdə, alternativ investisiya imkanlarının az olmasından qaynaqlana bilər.

E.Əmirova görə, yanvardakı azalmanın kökündə də hüquqi şəxslərin xarici valyutada cari hesablarının azalması faktoru dayana bilər: “Bu məsələdə dəqiq səbəbin rəsmi qurumlar tərəfindən açıqlanması daha dəqiq təsəvvür formalaşdırmağa imkan verər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR