Onlayn ictimai-siyasi qəzet
ABŞ və Çin Hollandiyanın Nexperia şirkətinin Çində yerləşən müəssisələrindən çip ixracını bərpa etmək barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki,məlumatı "The Wall Street Journal" mənbələrə istinadən yayıb. Qeyd olunur ki, razılaşma ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdə əldə edilib. Vaşinqton və Pekin arasında ticarət müqaviləsinin təfərrüatlarını aydınlaşdıran sənəd dərc etməyə hazırlaşan Ağ Ev Nexperia şirkətinin çip tədarükünün bərpa olunduğunu rəsmi olaraq elan edəcək.
Nexperia Avropa avtomobil və istehlakçı elektronikası sənayesi üçün mikroçiplər istehsal edir. The Wall Street Journal qəzetinin məlumatına görə, məhsulları ilə bağlı təchizat problemləri artıq avtomobil sənayesinə təsir göstərməyə başlayıb və genişmiqyaslı istehsal fasilələri ilə təhdid edib.
12 oktyabrda Hollandiyanın İqtisadiyyat Nazirliyi Çinin Wingtech şirkətinə məxsus Nexperia şirkətinə qarşı "malların mövcudluğu qanunu"nun - strateji aktivləri qorumaq üçün müstəsna hallarda istifadə edilən aktın - tətbiq olunduğunu elan etdi. İki gün sonra Amsterdam Apelyasiya Məhkəməsi Nexperia şirkətinin baş direktoru Zhang Xuezheng-in vəzifəsindən uzaqlaşdırılması və onun yerinə müvəqqəti direktor təyin edilməsi barədə qərar qəbul etdi. Nexperia Holding-in bir səhmi istisna olmaqla, hamısı müstəqil menecerə verildi. Bloomberg-in məlumatına görə, buna cavab olaraq Çin Nexperia şirkətinə ixrac məhdudiyyətləri tətbiq edərək şirkətin Çin törəmə şirkətinə və subpodratçılarına bəzi komponentləri ölkə xaricinə ixrac etməyi qadağan edib.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ