Onlayn ictimai-siyasi qəzet
Cənub qonşumuzla münasibətlərimizi pozmaq cəhdləri əbəsdir; Tehranda səfirliyimiz iyulda bərpa olunacaq; Azərbaycan Prezidenti: “Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi”
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və digər rəsmi şəxslərin olduğu helikopterin Şərqi Azərbaycan ərazisində qəzaya uğraması xəbəri şok effekti verib, dünyanın bütün xəbər məkanında əsas müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi çox yüksək səviyyədə keçirildi, qarşılıqlı dostluq, qonşuluq mesajları verildi. Həmin günün sonrakı saatlarında İran prezidentinin helikopterinin Verzeqan şəhəri yaxınlığında sərt eniş etməsi, qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvlərinin həlak olması xəbəri Azərbaycanda da böyük əks-səda və acı təəssüf hissi doğurdu.
İranın onlarla xilasetmə qrupı dərhal hərəkətə keçsə də, qəza yerini müəyyənləşdirmək həm gecə saatlarının olması, həm də pis hava şəraitindən mümkün olmadı. Gecə yarısı məlum oldu ki, qardaş Türkiyədən İran prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış yerlərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter göndərilib.
Mayın 20-də səhər saatlarında məlum oldu ki, “AKINCI”nın köməyi ilə İran prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb. Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında bu barədə ilkin xəbər açıqladı.
Yayılan məlumatlardan aydın oldu ki, İran prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb. “Reuters” agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yaydı: “Prezidentin qəzaya uğramış helikopterinin yerini aşkar etdikdə sərnişinlərin sağ olmasına dair heç bir əlamət yox idi”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd deyib. O bildirib ki, xilasetmə qrupları helikopterin qalıqlarını tapıb, lakin sərnişinlərin sağ olmasına dair heç bir əlamət olmayıb.
İran prezidenti İbrahim Rəisinin də olduğu helikopterdəki heyət qəzadan sonra anındaca həlak olub. Musavat.com xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti teleqram kanalında məlumat yayıb. Cəmiyyət qeyd edib ki, qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib.
Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd ötən gün içərisində İran prezidenti İbrahim Rəisinin və digər dövlət rəsmilərinin də olduğu helikopter qəzasının detallarını açıqlayıb. Pir Hüseyn Kolivənd İran prezidentini daşıyan helikopterin 2500 metr hündürlükdən yerə çırpıldığını bildirib. O qeyd edib ki, faciədən sonra ilk dəqiqələrdə bütün sərnişinlər həyatını itirib.
“Yaxşılıq edənlər belə mükafatlandırılır”. Məlumata görə, bu sözlər İbrahim Rəisinin X hesabında paylaşılıb. Bu, İran prezidentinin son paylaşımı olub.
Yeri gəlmişkən, TASS-ın yaydığı məlumata görə, İran prezidenti İbrahim Rəisi bazar günü Ermənistana səfər etməyi planlaşdırsa da, səfər son anda təxirə salınıb. O cümlədən bazar günü Rəisinin Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirdi.
Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. Başsağlığının mətnində deyilir:
“Möhtərəm Ayətullah Xameneyi həzrətləri!
Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Azərbaycan Xarici İşlər Nazirliyi də İrana başsağlığı verib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olması ilə əlaqədar İran xalqına başsağlığı verib. Bu barədə XİN başçısı X-da yazıb. “İran İslam Respublikasının Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir Abdullahianın və digər rəsmi şəxslərin həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət diləyir, dost İran xalqına dərin hüznlə başsağlığı verirəm”, - o qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib.
Azərbaycanın baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib. Bu barədə Rəcəb Tayyib Ərdoğanın rəsmi X hesabında qeyd edilib. “Helikopter qəzasında həlak olduğunu öyrəndiyimiz dəyərli həmkarım, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm. İranın xarici işlər naziri və mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən digər insanlara da Allah rəhmət eləsin. Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xameneyiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülh naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram. Biz Türkiyə olaraq, dəfələrlə etdiyimiz kimi, bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq”, - paylaşımda vurğulanıb.
Rusiya prezidenti Vladimir Putin də İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. “O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”, - Rusiya dövlət başçısı vurğulayıb. (Report)
Qonşu ölkəyə kimin rəhbərlik edəcəyi barədə suala da aydınlıq gətirilib. İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber İran prezidentinin vəzifəsini icra edəcək. İran konstitusiyasının 131-ci maddəsinə əsasən, İran prezidenti öldükdə, vəzifəsindən uzaqlaşdırıldıqda, istefa verdikdə, 2 aydan çox xəstələndikdə İranın Ali Liderinin razılığı əsasında 1-ci vitse-prezident prezidentin vəzifələrini müvəqqəti icra edir. İran konstitusiyasına əsasən, maksimum 50 gün ərzində yeni prezident seçilməlidir.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb. APA-nın “Al-Jazeera” telekanalına istinadən məlumatına görə, bu barədə Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd deyib. O bildirilib ki, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.
Faciəvi şəkildə həyatını itirənlərdən biri də xarici işlər naziri Hüseyn Əmir Abdullahiandır. Bəs Abdullahianı kim əvəz edəcək? Musavat.com xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhrominin sözlərinə görə, mərhum XİN başçısının vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edəcək. O qeyd edib ki, artıq bununla bağlı Nazirlər Kabinetinin iclası keçirilib və yekun qərar qəbul edilib. 20 may tarixli qərara əsasən, Əli Baqeri Kəni hökumətin xarici məsələlər üzrə əlaqələr komitəsinin məsul şəxsi təyin olunub.
İran prezidenti vəzifəsini icra edən, birinci vitse-prezidenti Məhəmməd Möhbər yaxın günlərdə ölkəni idarə etmək üçün 6 xüsusi komitə yaradıb. Bu barədə İran hökumətinin nümayəndəsi məlumat yayıb.
Prezident Rəisi və digərlərinin ölümü Azərbaycanla münasibətlərdə dəyişikliyə səbəb ola bilərmi? Regional siyasətdə dəyişiklik mümkündürmü?
Sahib Alıyev: “İndiki siyasi konfiqurasiyanın qorunub saxlanacağı təqdirdə, qonşu dövlətin regional siyasətində hər hansı dəyişiklik gözləmirəm”
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında hər hansı narahatlığın yarana biləcəyini istisna etməsini aşağıdakı arqumentlərlə əsaslandırdı: “İranda 1979-cu il inqilabından üzü bəri o ölkənin xarici siyasət strategiyasını müəyyənləşdirən əsas fiqur prezident yox, ölkənin ali dini lideri olub və indi də belədir. Ona görə də indiki siyasi konfiqurasiyanın qorunub saxlanacağı təqdirdə, qonşu dövlətin regional siyasətində hər hansı dəyişiklik gözləmirəm. Helikopter qəzasında həlak olanlara rəhmət diləyir və bildirirəm ki, İranın mərhum prezidentinin son səfərində sərgilənən iki ölkə arasında qarşılıqlı faydaya dayanan əməkdaşlıq siyasəti dövlətlərimizlə xalqlarımızın maraqlarına tam cavab verir. Ümid edirəm ki, bu siyasət davam etdiriləcək”.
Bu arada bəlli olub ki, Azərbaycanın Tehranda səfirliyi iyuldan yeni binada fəaliyyətə başlayacaq.
Bu barədə Axar.az-a diplomatik mənbədən daxil olan məlumatda bildirilib.
Qeyd edilib ki, İran Azərbaycan səfirliyinin fəaliyyətinin təhlükəsizliyi üçün yeni bina ayırıb və hazırda orada uyğunlaşdırılma işləri aparılır.
Qeyd edək ki, İranda prezident İbrahim Rəisinin vəfatı ilə əlaqədar milli matəm elan edilib. İranın Azərbaycandakı səfirliyinin binası önündə adıçəkilən ölkənin dövlət bayrağı endirilib.
Son məlumata görə, İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Son məlumatda isə bildirilir ki, helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı günü Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.
Azərtac xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Allah rəhmət eləsin!
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ