Onlayn ictimai-siyasi qəzet
Bakıda avtobus sürücüsü mübahisə etdiyi şəxsi bıçaqlayıb. Avtobus sürücüsü ağır cəza alıb və məhkəmə zalında həbs olunub.
Musavat.com-un xəbərinə görə, hadisə ötən ilin oktyabrında Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Bakı Beynalxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib.
“BakuBus”un 14 saylı marşrut avtobusunun sürücüsü Bayramov Elnur İsrafil oğlu yolda aralarında yaranmış mübahisə zamanı bıçaqla “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlunu bıçaqlayıb.
İstintaq zaanı müəyən edilib ki, tərəflər arasındakı mübahisə bir-birlərinə yol verməməyə görə baş verib. Qorxmaz öz maşını ilə hərəkətdə olan zaman avtobusun yolun ortasında dayanmasına etiraz olaraq siqnal verib. Avtobus sürücüsü Elnur da buna görə ona irad bildirib və mübahisə böyüyüb.
Bıçaqlanan Qormaz taksi sürücüsü olub. Hadisə vaxtı müştəri axtarırmış.
Onun ifadəsindən hadisənin təfərrüatı məlum olub:
“Bakı-Masallı marşrutu ilə sərnişin daşıyırdım. İki müştəri götürüb avtovağzala gəldim. İki müştəri də götürüb gedəcəkdim. Avtobus yolun ortasında idi. Ona işıq və səs siqnalları verərək etiraz etdim. Avtobusu keçib yola davam etdim. Avtobus sürücüsünün arxadan dəfələrlə işıq siqnalları ilə dayanma işarəsi verdiyini gördüm. Maşından düşüb avtobusa tərəf getdim. Niyə siqnal verdiyimi soruşdu, mən də niyə yolda dayandığını soruşdum. Dedi ki, dədənin yolu deyil. Mübahisə edib aralandıq. Birdən qadın qışqırığı eşitdim. Qışqırığa tərəf dönəndə sürücünün əlində bıçaqla üstümə gəldiyini gördüm. Birinci dəfə bıçaq atarkən tutdum, amma ikinci dəfə tuta bilmədim. Bıçaq ürəyimin aşağısından dəydi. Heç kim kömək etmədi. Maşınıma minib xəstəxanaya getdim”.
Qorxmaz onu bıçaqlayan sürücünü bağışladığını, şikayətinin olmadığını bildirib.
Avtobus sürücüsü ifadə verən zaman qeyd edib ki, əməlindən peşman olub. Onun ifadəsinə görə, hadisə vaxtı Qorxmazın maşınından iki nəfərin düşdüyünü görərək döyüləcəyini düşündüyü üçün avtobusdan bıçaq götürüb:
“Qorxmaz məni təhqir etdi, mübahisə böyüdü. Maşından iki nəfərin düşüb bizə tərəf gəldiyini gördüm. Onların da mənə hücum edəcəyini düşündüm. Bıçaq götürüb Qorxmazı vurdum. Sonradan həmin şəxslərin sərnişin olduğunu bildim”.
Elnur xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq ittihamları ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
İ.Muradov
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ