Onlayn ictimai-siyasi qəzet
İdman ictimaiyyəti ayağa qalxdı; Azərbaycan futbolunun qara gecəsi...
Azərbaycan milli komandası noyabrın 19-u gecəsi tarixinin növbəti faciələrindən birini yaşadı. Günlər öncə 3-0-lıq İsveç qalibiyyəti ilə xalqımızı sevindirən milli Belçika qarşısında 5 cavabsız qol buraxmaqla əslində bu qələbənin təsadüf olduğunu göstərdi.
Məğlubiyyətin acısı bir tərəfə dursun, oyundan sonra baş məşqçimiz Canni De Byazinin davranışları başqa bir dərd idi. O, tənqidi sual verən media nümayəndələrini axmaq adlandıraraq, mətbuat konfrasını yarımçıq tərk edib. Sanki ona hər kəs 5-0-lı biabırçı məğlubiyyətə, meydana çıxardığı heyətə görə əhsən deməli idi. Onun bu cür davranışları bütün ictimaiyyət nümayəndələrində ciddi narazılıq doğurub. Sosial şəbəkələrdə kütləvi şəkildə onun istefa verməsi tələb edilir. Futbol mütəxəssisləri, tanınmış simalar, media nümayəndələri onun jurnalistlərdən üzr istəməsini tələb edirlər.
Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev Canni De Byazinin bu hərəkətlərinə görə idman jurnalistlərindən üzr istəyib.
“De Byazinin jurnalistlər barəsində işlətdiyi ifadələr etik çərçivəyə sığmır və qınanmalıdır”.
Qol.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. Sədr eyni zamanda baş katibin onun əvəzindən üzr istəməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Amma bu addımı De Byazi özü də atmalıdır”.
Aydın Bağırov
Qol.az-ın baş redaktoru Aydın Bağırov öz feysbuq profilində bu biabırçı məğlubiyyətin detallarını ifşa edən bir yazı paylaşıb: “Qalibiyyət üçün nə lazımdır? Həm də milli heysiyyət, xalqının və təmsil etdiyin ölkənin təəssübünü çəkmək, onun yolunda can qoymağı bacarmaq.
Bizim milli komandada Eddi İsrafilov ad-soyadında bir beynəlxalq müqəvva var. Yarı keniyalı, yarıazərbaycanlı, özü İspaniya doğumlu.
Eddinin bu gün Belçika ilə oyunda 7 dəqiqə ərzində göstərdiyi unikal “şou” hətta Rusiyanın “Matç TV” kanalının ekspertlərinin də heyrətinə səbəb oldu. Veteran futbolçu İqor Korneyev Eddinin qeyri-peşəkarlığını - elə onun dediyi kimi də ifadə edəcəm - “tupoyluq” adlandırdı.
Ona görə “tupoyluq” adlandırır ki, İsrafilov əvvəlcə 17-ci dəqiqədə qapımıza qolun vurulmasına səbəb olan ötürməni rəqibə hədiyyə etdi, 20-24-cü dəqiqədə isə gərəksiz yerə iki sarı vərəqə alıb (səbəb?) komandanı çətin vəziyyətə qoydu.
Eddi Azərbaycan millisinə Elxan Məmmədov tərəfindən cəlb edilmiş legionerlərdən ibarət sürüdə yer alan onlarla “futbolçu”dan sadəcə biridir. Orada Höccət kimi başqa yadellilər də var. Və o yadellilərin başında duran Canni de Byazi öz azərbaycanlılarımıza sanki qənim kəsilib. Həmin Eddini heç öz klubu “Neftçi”nin məşqçiləri bu mövsüm əsas heyətdə meydana buraxmır, amma millinin rəsmi matçında o, start heyətdə yer alır.
Niyə ki? Məsələn, Eddi yox, elə Coşqun Diniyev oynasın də.
Yaxud iranlı Höccət Haqverdinin hansı özəlliyinə görə bizim Amin Seydiyevdən üstünlüyü var?
Əlbəttə, üstünlüyü oyunu deyil, yalnız arxasının güclü olmasıdır. Hər şeyi öz adıyla çağırsaq, piramidanın başı yenə Elxan Məmmədov və onun menecer çetesidir. Onların De Byazi üzərində güclü təsiri var. Nəticədə eddilər, höccətlər millidə əsas heyətin daimi sakini olublar.
Azərbaycan bu gün həm də buna görə Belçikaya 0:5 uduzdu.
Amma həm də məşqçi sistemsizliyinə görə.
Və həm də komanda daxilində futbolçularla məşqçi arasında pozulan ab-havaya görə.
Və bir də komanda qürurunun olmamasına görə.
Qürur. Təəssübkeşlik. Vətəndaş ola bilmək... Cibində Azərbaycan pasportu gəzdirmək hələ vətəndaş olmaq demək deyil.
Eddilər, höccətlər ağızlarını yalandan da olsa tərpədib bir dəfə belə himnimizi oxumayıblar.
Çünki AZƏRBAYCANLI deyillər. İllərdir buradadırlar. Şan-şöhrət, var-dövlət sahibi olublar, amma azərbaycanlı ola bilməyiblər.
İstəməyiblər. Necə deyərlər, zorla sevgi olmur.
Deməli, artıq vaxtdır. Getmək, daha doğrusu, göndərilmək zamanıdır.
De Byazinin, Eddinin, Höccətin...
Və bu tragikomediyanın milli təəssübkeşlikdən uzaq olan bütün banilərinin...
...Utan, AFFA!"
Tahir Süleymanov
Beynəlxalq dərəcəli hakim, futbol mütəxəssisi Tahir Süleymanovun da millimizin rüsvayçı məğlubiyyəti barədə paylaşımı xüsusi diqqət çəkməyə bilməz. O yazır: “Qarşılaşmanın sonunu gözləməyə ehtiyac yoxdur. İsveçlə oyunda qazanılan böyükhesablı layiqli qələbədən sonra futbolumuzda cərəyan edən ümumi durumla bağlı məsələlərə kompleks halda yanaşılmasının vacibliyini bildirmiş, eyforiyaya qapılmaması fikrini önə çəkmişdim. Hər qələbə önəmlidir, azarkeşlər sevinir, ruh düşgünlüyü yaranmasın deyə, milli adına dəstək verilir...
Obyektiv yanaşılsa, yığmanın Belçika qarşısında qələbə qazanmaq şansı nəzəri görünürdü, hətta bərabərə qalmağın faiz dərəcəsi çox aşağı idi. Bu, yığmaya inamsızlıq deyil, güclü rəqib qarşısında real vəziyyətin göstəricisidir. Problem millidə yox, illərdir cavabdehlərin Azərbaycan futboluna olan baxışlarındadır.
De Byazinin son mətbuat konfranslarında, müsahibələrində açıq sezilən, medianın, futbol ictimaiyyətinin üzərinə psixoloji hücumu, saymazyana davranışının bumeranq cavabı, həftələr, gün, an məsələsi idi. “Turist səfərlərinə” növbəyə duran AFFA rəhbərliyində bir səlahiyyətli məmur tapılmadı ki, baş məşqçinin hərəkətlərinə diqqət edilməsi vacibliyini onun nəzərinə çatdırsın.
Səfər görüşündən öncə start 11-liyi, qalib heyətlə bağlı çətinliklər yaranmışdı, Ramil Şeydayev, Bəhlul Mustafazadə cəzalı duruma düşmüşdülər, rotasiyaya gedilməsi məcburiyyəti yaranmışdı. Belə vəziyyətdə heyət seçiminə daha həssas yanaşılmalı idi...
Zədəli, öz optimal formasından uzaq olan, klubunda daimi çıxış etməyən, kobudluğu, məsuliyyətsizliyi ilə seçilən, rəqibin ciddi təzyiqi ilə üzləşəcəyi öncədən məlum olan, meydanda ən önəmli mövqelərdən birininin Eddi İsrafilova həvalə edilməsi, güvənilməsi heç bir məntiqə sığmır. Öncədən bəlli idi, sürətli futbolçular qarşısında, ikili mübarizələrdə Eddi çatdırmayacaq... Höccət kimi ağır futbolçunu da bura əlavə etdikdə, yığma 9 nəfərlə oyuna başladı...
Belə bir görüşün əvvəllində, “afro-ispan”ın, hakim termini ilə deyilsə, düşüncəsizlik edib ardıcıl iki sarı vərəqəlik hərəkətə yol verməsi, millini, komanda yoldaşlarını mənəvi məhv etməsi demək idi. Azərbaycan futboluna heç bir xeyir verməyən, kimlərinsə sayəsində milliləşdirilən, milyonlar qazananlara nə vaxtsa yox deyiləcək? Bu mənasız, yaşı keçmiş, heç bir perspektiv vəd etməyən “milli” üzvlərindənsə, öz yetirmələrimizin oynaması daha doğru olmazmı?!
Heç kim demir ki, yerli futbolçular oynasa, qələbələr sıralanacaq, ən azından öz futbolçularımız meydanda döyüşəcək, gənclər isə təcrübə qazanacaq. Müharibə vaxtı düşmənlərimizlə münasibətəri pozmayan, millidən yayınan, öz bayraqlarını səhifələrində paylaşanlara tək millidə yox, Azərbaycan futbolunda yer olmamalıdır! Belələri ilə yanaşı, onlara şərait yaradan, milli-mənəvi dəyərlərdən uzaq olan, şəxsi mənafelərini güdən məmurlar da ölkə futbolundan birdəfəlik yox edilməlidir. Əgər futbolun düzəlməsi, dirçəlməsi, inkişafı istənilirsə..."
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan yığmasının Belçikaya 0:5 hesabı ilə məğlub olmasında qeyri-adi heç nə yoxdur: "Gözlənilən məğlubiyyət, gözlənilən hesabdır. Sadəcə, Bakıda İsveçlə əhəmiyyətsiz oyunda qazanılan qələbə azarkeşləri eyforiyaya salmışdı. O qələbədən sonra çoxlarına elə gəlirdi ki, səfərdə Belçikaya da qalib gəlmək olar. Yəni lazımsız qələbə aldatmışdı ictimaiyyəti. Əslində Azərbaycan yığmasının potensialı bu qrupda ancaq və ancaq Estoniyadan xal almaq üçün yetərli idi. İsveçin motivasiyasının olmamağı bizə əlavə 3 xal bəxş etdi. Azərbaycan futbolunun gücü, potensialı budur. Bir ölkədə uşaq futbolu yoxdursa, bir ölkədə uşaq futbolu üçün infrastruktur yoxdursa, bir ölkədə futbolçu yetişdirmək üçün zərrə qədər də iş görülmürsə, o ölkənin yığmasından nə gözləmək olar? Əsas yığmanın uğur qazanması üçün əvvəlcə aşağı yaş üzrə yığmalar uğur qazanmalıdır. Hər şey pillə-pillə olur. Əvvəlcə aşağı yaş qrupları uğur qazanmalıdır, futbolçular püxtələşməli, sonra əsas yığmanın nəticəsi gəlməlidir. Son 15 ildə Azərbaycanın aşağı yaş qruplarının nəticələrinə diqqət edin: fiasko. İndiki əsas yığmanın üzvləri dünənki o uşaqlardır. Onlardan hansı nəticəni gözləmək olar? Biz özümüz özümüzü 15 ildir aldadırıq. AFFA açıqlayır ki, ölkədə 150 min uşaq futbolla məşğul olur. Amma bu il yaradılan 2-ci dəstədə oynamaq üçün futbolçu tapılmır. Hanı o uşaqlar? Deməli, bu adamlar saxtakarlıqla məşğuldurlar, pripiska edirlər. Dövlətin futbola ayırdığı milyonları mənimsəyirlər. Budur Azərbaycan futbolunun əsas problemi - idarəçilər. Nə qədər ki, futbolumuza belə şəxslər rəhbərlik edəcəklər, elə deyinməklə məşğul olacağıq. Özümüz öz başımızı ağrıdacağıq. Məşqçiləri əlcək kimi dəyişməyin heç bir əhəmiyyəti yoxdur. İstər yerli olsun, istərsə də əcnəbi, millidə nəticə olmayacaq. Proses AFFA-dan başlamalıdır. Bu gün orada islahat aparılsa, futbol peşəkarlara tapşırılsa, biz 15 ildən sonra yığmadan nəticə gözləyə bilərik. Aparılsa, başlasa..."
Kənan Məstəliyev
İdman mütəxəssisi Kənan Məstəliyev isə qeyd etdi ki, Belçika qarşılaşması İsveç qələbəsindən sonra soyuq duş effekti verdi: “Əslində millimizin baş məqşçisi bir foks çıxarmasaydı, normal sistem qursaydı, bu faciə yaşanmazdı. Bu o demək deyil ki, biz Belçikanı udacağdıq. Amma azından bu rüsvayçılığı yaşamaya bilərdik. Oyundan öncəki himn məsələsi ola bilər ki, bir texniki səhv idi, buna görə də üzr istədilər. Düşünmürəm ki, himn məsələsi futbolçularımıza təsir etdi. Baş məşqçi start heyətində ciddi səhvlərə yol vermişdi. İsveç oyununda beşli müdafiə oynadıq, üç mərkəz və iki cinah müdafiəçisi ilə. Oyun sistemində daha hücuma meylli idik. Həm də müdafiədə bu sistemlə etibarlı idik. Biz bunu 10 nəfərlə qalanda daha yaxşı gördük. Uzun müddətdən sonra Byazi bir normal heyət qurmuşdu, onu da bu oyunla məhv etdi. Bəzən o, heyəti özü qurmur, sifarişlərlə kimlərisə ora salır. Məsələn, Höccət Haqverdi mərkəz müdafiəçisi olduğunu dəfələrlə özü deyib, amma cinahda oynatdı, nəticədə vurulan qollar daha çox o istiqamətdən vuruldu. Eddi İsrafilov formada deyildi, olduğu klubda əksər oyunlarda iştirak edə bilməyib. Nəticədə fiziki formada olmadığı üçün qırmızı vərəqə aldı. Özünü idarə edə bilmədiyi üçün qaydaları pozdu. Demirəm o qalsaydı udacaqdıq, sadəcə, hesab bəlkə az ola bilərdi ki, hərçənd bu oyunla buna da inanmaq çətindir. De Byazinin jurnalistlərə qarşı etdiyi tərbiyəsizlik isə ümumiyyətlə, bağışlanılmazdır. O, bizləri, yəni xalqımızı, futbolumuzu sevmir. Onun üçün də hər dəfəsində bizi aşağılayır. Amma təəssüflər olsun ki, onu bura gətirənlər, onun arxasında durmağa davam edirlər. Bu şəxs göndərilməlidir. Düşünürəm ki, istər yerli, istərsə də əcnəbi məşqçi olsun, kim gələcəksə, o, Byazidən daha yaxşı olacaq. Amma təbii ki, yerli məşqçi olsa daha yaxşı olardı”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ