Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda elə gün yoxdur ki, polis əməkdaşları qanunsuz saxlanan silah-sursat aşkarlamasınlar. Bu barədə demək olar ki, hər gün rəsmi məlumat verilir. Məsələn, sentyabrın 23-də yayılan xəbərə görə, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilib. Bildirilib ki, sentyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 17 qumbara, 9 alışdırıcı, 1 partladıcı, 10 tüfəng, 21 patron darağı, 1842 ədəd müxtəlif çaplı patron və 3 ədəd süngü bıçaq aşkar edərək götürüblər.
Sentyabrın 18-də də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 2 alışdırıcı, 2 tüfəng, 16 patron darağı və 2 min 62 ədəd müxtəlifçaplı patron aşkar edərək götürüblər. Sentyabrın 19-da da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 18 alışdırıcı, 12 tüfəng, 17 patron darağı və 894 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Ümumiyyətlə, təkcə sentyabr ayı üzrə hər gün belə faktlar aşkarlanıb. Qanunsuz saxlanan silah-sursat, yəni dövlət tərəfindən icazə verilməyən silah, onun hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmək, satmaq, saxlamaq və ya gəzdirmək cinayət məsuliyyəti yaradır. Bu fəaliyyətlərə qarşı tədbirlər görülür, çünki bunlar ictimai asayişin təmin edilməsi üçün təhlükə yaradır.
Maraqlıdır ki, bu qədər silah insanlarda haradandır? Onlar bunu necə əldə edirlər? Müharibədən sonra saxlanmış silahların olması mümkündürmü?
Mahmud Hacıyev
Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, odlu silahların, sursatın əhalidən yığılması və sənədləşdirilməsi asan proses deyib. Bu gün ölkədə silah əməliyyatlarının artması, təkcə statistika deyil, aparılan məqsədyönlü işlərin nəticəsidir: “Hər gün aşkar olunan avtomatlar, qumbaralar, partladıcı elementlər və minlərlə patron, sadəcə, rəqəm deyil. Bu, ictimaiyyətin təhlükəsizliyinə yönəlmiş addımların nəticəsidir. Müharibə sonrası dövrlərdə belə hallar əksər dövlətlərdə müşahidə edilir. Əhalidə müharibədən qalan silahların olması mümkündür. Lakin həmin silah-sursat nəzarətsiz qala bilməz. Hər bir saxlanmış, dağıdılmamış və ya uçotdan çıxarılmamış silah potensial təhlükədir. Buna görə döyüş sursatlarının məhv edilməsi, inventarizasiyası və sənədləşdirilməsi prioritetdir”.
Mahmud Hacıyev deyib ki, silahların mənbəyi fərqlidir: “Qanunsuz silah ticarəti, sərhəd nəzarətindən kənar keçirilmə və s. hallar mümkündür. Polis, sərhəd xidmətləri, gömrük və digər qurumlar bunun qarşısını alırlar. Ona görə də əhali arasında profilaktika işləri gücləndirilməli, iş aparılmalı, silahın qanunsuz yolla əldə edilməsinin sosial və iqtisadi səbəbləri araşdırılmalıdır. Məktəbdən başlayaraq vətəndaşlara hüquq və məsuliyyət barədə maarifləndirmə lazımdır. Burada vətəndaş-polis əməkdaşlığı şərtdir. Qanunvericilikdə çatışmazlıqlar və cəza mexanizmləri gözdən keçirilməlidir. Qanunsuz silah-sursatın əldə edilməsi və saxlanmasına qarşı cəzalar adekvat səviyyədə olmalı, eyni zamanda silahın qeydiyyatı və nəzarəti üçün effektiv mexanizmlər tətbiq edilməlidir. Amma sərt cəza təkbaşına nəticə verməz. Polisin bu istiqamətdə əməliyyatları sistemlidir, daimi risk analizi əsasında daha da tədbirli əməliyyatlar aparılması da məqsədəmüvafiqdir. Hər bir silah-sursat götürülməsi faktı analiz edilməli, kimlər vasitəçidir, silah-sursat hansı marşrutlarla gəlib-gedir kimi sualların cavabı tapılmalı, uyğun addımlar atılmalıdır.
Mahmud Hacıyev deyib ki, əllərdə silah olmasına baxmayaraq Azərbaycanda odlu silahın “qara bazarı” yoxdur: “Ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir. Bir sıra məmurların, iş adamlarının təhlükəsizlik məqsədilə öz mülklərində silah saxlaması faktları var. Amma belə silahların hamısı qeydiyyatdan keçmiş silahlardır. Bu insanlar o qədər də ağılsız deyillər ki, evlərində qeydiyyatsız odlu silah saxlasınlar. Xaricdən leqal yolla gəlir. Bunlar da yüksək mənsəbli məmurların şəxsində qeydiyyata alınır və qanuniləşir”.
Sabiq polis rəisi deyib ki, müharibədən sonra əhalidə silahların olması mümkündür: “Azərbaycan torpaqlarının işğalına son qoyulmasının 5-ci ili tamamlanır. Lakin Azərbaycan Ermənistanla 30 il müharibə şəraitində olub. Həmin dövrdə sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son illərdə vətəndaşlardan xeyli silah-sursat götürülüb. Əksər insanlar da baxır ki, silah ona lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”.
Mahmud Hacıyev deyib ki, əvvəllər əhalidə daha çox silah-sursat olub: “Statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ