Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın paytaxtı Daşkənddə məktəbdə baş müəllimin 6-cı sinif şagirdini döyməsi hadisəsindən sonra Rusiya Xarici İşlər Nazirliyi Özbəkistandan “rəsmi izahat” istəyib.
Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, Rusiya XİN həmçinin günahkar barəsində tədbir görməyə çağırıb.
Hadisə Daşkəndin Çilanzar rayonundakı 188 saylı məktəbdə baş verib. Rus dili müəllimini əvəz edən dərs hissə müdiri (baş müəllim) sınaq müddətinin ilk günündə 6-cı sinif şagirdini döyüb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 25-də keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən deyib ki, departament “məsələni diqqət mərkəzində saxlayır”.
“Videonun məzmunu narahatlıq və şagirdə acıma hissi doğurmaya bilməz. Biz Özbəkistan tərəfdən rəsmi açıqlama istədik. İki dövlət arasında strateji tərəfdaşlıq və müttəfiqlik xarakterli dostluq münasibətlərində, xüsusən də linqvistik zəmində heç bir düşmənçiliyə yer yoxdur və ola da bilməz”.
“Ardıcıl tədbirlər görülməlidir, o cümlədən rus dilinin çoxəsrlik ünsiyyətimizin müxtəlif sahələrində istifadəsinin faydalı təsirini ictimaiyyətə xatırlatmaq, mədəni, təhsil, elmi və sosial-iqtisadi baxımdan qarşılıqlı zənginləşmə”, - deyə Mariya Zaxarova əlavə edib.
İnternetdə yayılan videoda mübahisədən sonra dərs deyən qadının oğlanın qulağını dartır, kobud şəkildə lövhəyə doğru itələyir, üzünə vurur, boğazından tutur, sonra başını bir neçə dəfə yazı taxtasına vurur və deyir: “Bunu özbək və ya rus dilində istəyirsən? Əlini aşağı sal... Tərbiyəsiz, dedim, oynama... Başa düşürsən? Əlini aşağı sal... Müəllimlə düzgün danış... Tərbiyəsiz, eşşək..."
Rusiya dövlətinin adi məktəb insidentinə belə reaksiya verməsinin səbəbi odur ki, ortada rus dili söhbəti var. Uşağın anası Facebook-da status yazaraq bildirib ki, münaqişə oğlanın müəllimdən dərsi özbək dilində deyil, rus dilində keçməsini istəməsindən sonra yaranıb. Ancaq həmin qeydlər daha sonra silinib.
Ali Məclisin Qanunvericilik Palatasının vitse-spikeri, Milli Dirçəliş Partiyasının lideri Əlişir Kadirov Mariya Zaxarovanın bəyanatına cavab olaraq bildirib ki, məktəbdə Özbəkistan vətəndaşı olan uşağın hüquqları pozulub və Özbəkistan qanunları əsasında tədbirlər görüləcək.
“Onlar tamamilə öz daxili işləri ilə məşğul olsalar, bizim daxili işlərimizə qarışmasalar, daha düzgün olardı”, - Ə.Kadırov yazıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ