İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub -(FOTO)

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın nüfuzlu ali təhsil ocaqlarından olan Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qurulmuş Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub. Universitetin Türkologiya fakültəsində təşkil olunmuş Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuş, onun dövlətçiliyimiz, Ana dili - Azərbaycan dili ilə bağlı sitatları, Azərbaycan-Özbəkistan dostluğuna dair guşələr təşkil edilmiş, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılmışdır.     

Tədbiri giriş sözü ilə açan Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva təhsil ocağı haqqında məlumat verərək, 1918-ci ildə yaradılmış Türkistan Şərqiyyat Universitetinin varisi olan 105 illik yubileyini qeyd edən Universitetdə 7 fakültədə 14 istiqamət üzrə beş minə yaxın tələbənin təhsil aldığını qeyd edib.

Rektor Universitetdə türk, ərəb, fars, koreya, yapon, çin, urdu, hind, puştu, malay, vyetnam və s. dilləri üzrə mütəxəssislər hazırlandığını vurğulayaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2022-ci ildən başlayaraq Azərbaycan dilinin də tədris olunduğunu qeyd edib.

Gülçöhrə Rixsiyeva Azərbaycanla yüksək səviyyəli əlaqələrdən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi ilə razılığa əsasən gələcəkdə Universitetdə Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanmasının həyata keçiriləcəyini və yaradılan Azərbaycanşünaslıq Mərkəzinin bu istiqamətdə baza rolunu oynayacağını söyləyib. O, Azərbaycanşünaslıq Mərkəzinin rəhbərlik etdiyi Universitetin tələbələri, Özbək gəncləri və tədqiqatçıları üçün Qafqazın lider dövləti, qardaş Azərbaycanı daha dərindən öyrənmək üçün gözəl imkanlar  açacağına inandığını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, Türk dövlətləri arasında mədəni əlaqələr və əməkdaşlıqdan danışaraq, dövlət başçılarımızın görüşləri, verdiyi tapşırıqlar nəticəsində bugün münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib.

Diplomat Azərbaycan xalqının, dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzin gələcək fəaliyyəti və onun Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatının təbliği məqsədilə təşkil edildiyini vurğulayıb. O, bu cür Mərkəzlərin artıq Özbəkistanın 10 ali təhsil ocağında yaradıldığını, sözügedən Azərbaycanşünaslıq Mərkəzinin ölkəmizə dair lazımi təbliğatı vəsaitlər, nəşrlər, suvenirlər, məlumat lövhələri, avadanlıqlarla təchiz edildiyini və bu Mərkəzdə daim Azərbaycan, habelə iki ölkə dostluğuna dair tədbirlər, mühazirələr, simpoziumlar, seminarların təşkil ediləcəyi, Azərbaycan dilinin tədrisinin həyata keçiriləcəyini qeyd edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Özbəkistan-Azərbaycan əlaqələrində Heydər Əliyevin tarixi rolundan söz açaraq, məhz onun adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki qardaş ölkə, xalq arasında əlaqələrin möhkəmlənməsi sahəsində gördüyü işləri yüksək dəyərləndirib.

Çıxış edən digər natiqlər - Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkşünaslıq fakültəsinin dekanı dosent Cumali Şabanov, Özbəkistan Milli Universitetinin professoru Nigina Şermuxammedova, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adhambek Alimbekov Universitetdə Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının gələcəkdə təşkil ediləcək Azərbaycan dili fakültəsinin üçün mühüm imkanlar açacağını, poeziya dili, Türk dilləri arasında nüfuzlu dil olan Azərbaycan dilinin öyrənilməsi, tədrisi istiqamətində uğurlu bir addım olduğunu qeyd ediblər.

Çıxışçılar Azərbaycan-Özbəkistan dostluğu, qardaşlıq münasibətlərindən söz açaraq bu sahədə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri haqqında danışaraq, Heydər Əliyevin ideyaları və arzularının gerçəkləşdiyini, müstəqil dövlətlərimizin tərəqqi etdiyini, Türk dövlətləri arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımıza dair dünyada gözəl layihələrin həyata keçirildiyini və bununla fəxr etdiklərini söyləyiblər.

Tədbirdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili tədris edilən tələbələri ana dilimizdə şeirlər söyləyib, xalq şairimiz Səməd Vurğunun Azərbaycan şeirini səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzi adından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə nəfiz «İrəvan xalçaları» kitabı, Mərkəzin layihəsi ilə Şuşaya aid 5 dilli nəşr və Özbəkistanda buraxılmış «Heydər Əliyev» və «Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı» poçt markaları hədiyyə edilib.

Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr  olunmuş “Heydər Əliyev – 100 kəlam” adlı kitab iştirakçılara təqdim olunub. Qeyd edək ki, sözügedən kitabda Ulu Öndərin 100 ümumibəşəri fikirləri toplanıb və bu kəlamlar özbək, türk, Azərbaycan dillərində nəşr edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR