Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun Odessa şəhərinə hücumu nəticəsində 500-dən çox ev işıqsız və istiliksiz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə şəhərin meri Gennadi Truxanov bildirib.
"Düşmənin hücumu nəticəsində 14 məktəb, 13 uşaq bağçası və böyük yaşayış sahəsi - 500-dən çox ev işıqsız və istiliksiz qalıb... Uşaq poliklinikasına və uşaq bağçasına xeyli ziyan dəyib", - deyə o Telegram-da yazıb.
Şəhər merin sözlərinə görə, hakimiyyət orqanları çadırlar qurur, kommunal xidmətlər isə hücumun nəticələrini aradan qaldırır. Bir nəfərin artıq xəstəxanada olduğu məlum olub.
"Bu gün, fevralın 19-da istilik və elektrik enerjisi olmayan təhsil ocaqları vəziyyət düzəlməyənə qədər uşaqları qəbul etməyəcək. İstilik məntəqələri işləyəcək, burada isinmək, cihazları yükləmək və isti çay içmək mümkündür. Səbr edin!", - mer əlavə edib.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları keçirilib. Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil edib. ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak edib.
İqbal,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ