İnsanlara hürriyət, millətlərə istiqlal!

Danışıqlara davam, yoxsa... - ilin son ayının sülh akkordu 

2024-də də sülh sazişi bağlanmadı; Ermənistan müharibə konstitusiyasından imtina etmir, əksinə, müdafiə naziri Parisdən vurub Dehlidən çıxır, terrorçu “Yerkrapa” isə sərhədə baxış keçirir - rəy

2024-cü ilin son ayına girmişik. Təəssüf ki, bu il də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmadı. Hərgah həm Bakıdan, həm də İrəvandan ilboyu yetərincə nikbin bəyanatlar verilmişdi. Amma tərəflər arasında hansısa “çərçivə sənədi” də imzalanmadı - sülh mətninin böyük hissəsinin razılaşdırıldığı bildirilsə də. 

“Yeni Müsavat” qeyd edir ki, Bakı və İrəvan arasında sülh danışıqları ilə bağlı təmasların COP29-dan sonra, dekabr ayında bərpa olunacağı, yekun saziş üzərində diplomatik müzakirələrə yenidən start veriləcəyi gözlənilir. Prezidentin köməkçisi Hikmət Hacıyev də bu anonsu vermişdi. Bəs bu ayın əsas gözləntisi nədir? Danışıqlarda diplomatik sıçrayış mümkündürmü? 

Bu yerdə yada salaq ki, dekabrın 5-6-da Maltada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Yəqin ki, Azərbaycan və Ermənistan XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyan da tədbirə qatılacaq. Malta sülh danışıqları üçün uğurlu məkan ola bilərmi? Onu da xatırladaq ki, oktyabrda Kazanda BRİKS sammiti çərçivəsində görüşən iki ölkə rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan xarici işlər nazirlərinə danışıqları intensivləşdirmək və sülh sənədinin imzalanmasını tezləşdirmək tapşırığı veriblər. Əfsus ki, ötən zaman kəsiyində Ermənistan daha çox havadarları hesabına silahlanmağa davam etməsi ilə diqqət çəkib. 

Yeri gəlmişkən, kapitulyant ölkə gələn il üçün rekord həcmdə - 1.7 milyard ABŞ dolları dəyərində hərbi büdcə müəyyən edib. Ermənistan Birləşmiş Ştatlar, Fransa ilə birgə hərbi təlimlər keçir. Müdafiə naziri Suren Papikyan Parisdən vurub Dehlidən çıxır. Baş verənlərin fonunda ötən həftəsonu Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikayelyan mövqelərə baxış keçirib. Mikayelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb. Mövqelərdə “xidmət”in yaxşı həyata keçirildiyini, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğunu bildirib. Qruplaşmanın komandirləri isə döyüşə hazır olduqlarını deyiblər.

Sözügedən qruplaşmanın 10 mindən çox üzvünün olduğu və həmin şəxslərin hərbi təlimlərə cəlb olunduğu haqda məlumatlar açıqlanır. Orada xidmət edənlərin əksəriyyəti Birinci Qarabağ müharibəsi dövründə iştirak edənlərdir. Ermənistanın Fransa, Yunanıstan, Hindistan kimi ölkələrdən hücum silahları və texnikalar alması və Mikayelyanın mövqelərə baş çəkməsini də nəzərə alsaq, bütün bunlar rəsmi İrəvanın öz revanşist mövqeyindən vaz keçmədiyini bir daha sübut edir. Gerçək həmçinin budur ki, Ermənistan müharibə konstitusiyasından imtina etmək istəmir. Üstəgəl, rəsmi İrəvan yaxın keçmişinə, işğal dönəminin qalığı olan üzdəniraq Minsk Qrupunun rəsmi ləğvinə bu il də dirəniş göstərdi... 

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sülh danışıqları ağır prosesdir və qısa müddətdə nail olmaq asan deyil. Onun fikrincə, tərəflər danışıqlarda xeyli irəliləyiş əldə etsələr də, İrəvan irəli sürülən tələbləri yerinə yetirməkdən boyun qaçırır. Q.Hüseynli hesab edir ki, Bakının şərtləri əsassız deyil və hansısa güzəştləri, yaxud təslimçiliyi nəzərdə tutmur: “Azərbaycan haqlı olaraq qeyd edir ki, sənin konstitusiyanda mənim ərazilərimə iddian var və onu çıxar. Bizim Ermənistan qanunvericiliyinə dəyişikliklə bağlı ayrı tələbimiz yoxdur. Yəni onların daxili işlərinə qarışmırıq. Sadəcə, bizə aid hissə barədə əsaslı tələb irəli sürmüşük. Amma Ermənistan 2026-cı ildə referenduma gedəcəyini açıqlayıb. Bakı da birmənalı şəkildə deyib ki, yarımçıq sülh heç vaxt olmayacaq və indiki şərtlərlə müqavilə imzalana bilməz. O baxımdan, Ermənistan götür-qoy etməli və özü fikirləşməlidir. Bizim tələsən yerimiz yoxdur. Azərbaycan suverenliyini təmin edib, indi sərhədləri dəqiqləşdirməyi və yekun sülh sənədini imzalamağı tələb edir”. 

Q.Hüseynli bu il danışıqlarda müsbət dinamikanın da müşahidə edildiyini əlavə edərək düşünür ki, gələn il sülhə yaxınlaşmaqda növbəti addımlar atılacaq: “Hələ heç nə qurtarmayıb və dekabrın sonuna qədər niyyət protokolu ola bilər, yaxud çərçivə sənədi. Biz yaxın günlərdə müzakirələrin sürətlənəcəyini gözləməkdəyik. Ermənistan anlayır ki, müstəqillik bəyannaməsindən ərazi iddiaları çıxarılmasa, Azərbaycan sazişə qol çəkməyəcək. Sadəcə, Paşinyan erməni xalqına bunu həzm etdirmək yolları axtarır. Məncə, referendum olmadan da mümkündür. Çünki qərar parlamentdə qəbul edilib və Paşinyanın deputatları da sayca üstün olduğu üçün həyata keçirə bilər. Şifahi olaraq bəyan olunub ki, Qarabağ Azərbaycana aiddir, Praqada bir sənədə qol da çəkilib, erməni cəmiyyəti də bunu görür. İndi qalır onu öz qanunvericiliyindən ləğv etmək. Zənnimcə, 2025-ci il bu istiqamətdə uğurlu ola bilər. Ermənistanın silahlanmasına gəlincə, 44 günlük məğlubiyyətin travması canlarından çıxmayıb və inanmıram ki, yenidən müharibə etmək istəsinlər. Yeni münaqişə minlərlə ölü erməni hərbçisi deməkdir ki, artıq onu istəmirlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR