İnsanlara hürriyət, millətlərə istiqlal!

Danilovun Stalinə qarşı sui-qəsd cəhdi – 2686 nömrəli cinayət işi...  

 

Tarixin bütün dövrlərində dövlət başçılarına sui-qəsd cəhdləri olub. Elə sovet liderləri də belə cəhdlərdən sığortalanmayıblar. Lenindən başlamış Qorbaçova qədər sovet liderlərinin fiziki cəhətdən məhv edilməsi ilə bağlı planlar cızılıb...

Rəsmi məlumatlara görə 30 ilə yaxın bir müddətdə SSRİ-yə rəhbərlik edən İosif Stalinə qarşı səkkiz dəfə sui-qəsd hazırlanıb. Ancaq onların heç biri baş tutmayıb, şanslı Stalin hər dəfə real ölüm təhlükəsindən sağ-salamat çıxıb.

Sovet liderinə qarşı növbəti qəsd planı 11 mart 1938-ci ildə planlaşdırılıb.  Stalin adətinə uyğun olaraq günorta saatlarından sonra Kremlin həyətində gəzintiyə çıxıb və adətən belə gəzintilərdə mühafizəçilərlə yanaşı, onu həm də silahdaşları müşayiət ediblər. Gəzinti zamanı onlar fikir mübadiləsi, müzakirələr aparıblar.

scale_1200-3.jpg (82 KB)

Amma bu dəfəki gəzintidə Kreml məmurları öz rəhbərləri ilə söhbətdən məhrum olublar. Belə ki, əynində “NKVD” forması olan bir gənc işlər idarəsinin yerləşdiyi korpusun qarşısından çıxaraq yenicə həyətə düşən Stalinin qarşısına çıxıb. Kitelinin iç cibində gizlətdiyi tapançını çıxarıb Stailinə tuşlayanda baş mühafizəçi Vlasik öz bədəni ilə Stalini qapayaraq yerə uzandırıb. Atəş havaya açılıb. Digər mühafizəçilər bir göz qırpımında gənc oğlanı zərərsizləşdiriblər.

Hadisə ilə bağlı dərhal cinayət işi açılıb. “NKVD” formalı gənci yoxlayanda məlum olub ki, o, Tula qarnizonunda yerləşən hərbi hissələrin birində xidmət edir. Leytenant rütbəli Danilov böyük “peşəkarlıqla” özünə saxta “NKVD” vəsiqəsi düzəldib. Bununla yanaşı, o, surğuc möhürlü zərflər də hazırlayıb. “NKVD” formasını əldə edən Danilov Kremlə gələrək əlindəki zərflərin işlər idarəsinə veriləcəyini bildirib.

Gözlənilməyən bir təsadüf də gənc zabitin köməyinə çatıb. Buraxılış məntəqəsindəki kapitan Danilovun məktəb yoldaşı olub. Elə bəlkə də bu səbəbdən Danilov Kremlin ərazisinə silahla keçə bilib.

Stalini öldürmək planı üzərində iki aydan artıq düşünən Danilov əslində belə şansın ələ düşəcəyini heç ağlına da gətirməyib. Stalinlə təsadüfən üz-üzə gəlmək şansı isə Danilovun heç yuxusuna da girməyib.

Əslində o, bu işi kor-koranə etmək fikrində olub. Danilov belə düşünüb ki, o, işlər idarəsinə gedəcək, mümkün qədər bu idarədə vaxt qazana biləcək, variantlar müəyyənləşdirəcək və elə ilk imkanda Stalinə atəş açacaq.

Tukhachevsky.png (223 KB)

Stalinə Danilov haqqında bütün məlumatları məruzə etdikdən sonra o, leytenantı yanına gətizdirib. Təbii ki, leytenantla görüşmək Stalin üçün o qədər də maraqlı görüş sayılmayıb. Sadəcə, Stalin qəsdin arxasında kimin dayandığını müəyyənləşdirmək istəyib. Nəhayət, gecədən xeyli keçmiş leytenantla marşal görüşüblər. Qəzəbi soyumuş Stalin mülayim tonda danışıb:

-Cavan oğlan, leytenantın marşala atəş açması heç də yaxşı hal deyil. Yəqin bunu siz də anlayırsınız. Bəs sizi bu işə kim vadar edib?

Hansı cəzaya məhkum olunacağını yaxşı bilən Danilov başını dik tutaraq Stalinə cavab verib:

-Yoldaş Stalin, marşalın marşalı güllələməsi də yaxşı hal deyil. Axı Tuxaçevski kimi bir sərkərdəni güllələtdirməyə sizi nə vadar etmişdi?

Stalin Danilovun aqressivliyini hiss edib və söhbətin davamını mənasız sayıb. Mühafizəçilər Danilovu aparıblar.

Qısa müddətdən sonra Danilov haqqında açılmış 2686 nömrəli cinayət işi məhkəməyə verilib. Məhkəmə leytenantı ən ağır cəzaya, güllələnməyə məhkum edib.

Qeyd edək ki, 11 iyun 1937-ci ildə SSRİ Ali Məhkəməsinin qapalı iclasında marşal Tuxaçevski vətənə xəyanətdə, terror aktlarının hazırlanmasında, hakimiyyəti devirərək ölkədə hərbi diktatura yaratmağa cəhd etməkdə ittiham olunaraq güllələnməyə məhkum edilib. Hərbçilər arasında böyük nüfuza sahib olan Tuxaçevskinin güllələnməsi ordunun şəxsi heyətində birmənalı qarşılanmayıb və ayrı-ayrı qarnizonlarda Stalinin marşala qarşı bu cür amansızlığı etirazlara səbəb olub. Danilov isə öz etirazını daha sərt bildirmək üçün Stalini məhv etmək qərarına gəlib.

Edamdan əvvəl Danilova son söz veriləndə, leytenant sonuncu şüarını səsləndirib:

-Marşal Tuxaçevskiyə eşq olsun!

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR