Onlayn ictimai-siyasi qəzet
Gürcüstandakı son seçki prosesi də finalına yaxınlaşmaqdadır. Səhv etmirəmsə, bu gün ölkə öz prezidentini seçəcək.
Hamı yaxşı bilir ki, prezident Gürcüstanda heç də həlledici siyasi fiqur deyil, amma prezident seçkiləri ölkənin siyasi durumunda həlledici amil rolunu oynaya bilər: bundan sonra ya siyasi etirazlar tam səngiyəcək, ya da, əksinə güclənəcəkdir.
Deyək ki, hələki siyasi təhlilçilər bu iki ssenarinin hansının daha ehtimallı olduğunun deyə bilmirlər. Biz də yalnız risk edərək onu deyərdik ki, bəli, gürcü müxalifəti güclüdür, amma o, mövcud siyasi konfiqurasiyanı kardinal şəkildə dəyişmək iqtidarında deyil və böyük ehtimalla hazırkı hakim “Gürcü arzusu” koalisiyası müəyyən çətinliklərlə olsa da, hakimiyyətdə qalacaq və güman ki, ən azı yaxın dövrlərdə növbəti “qızılgül inqilabı” baş tutmayacaq Gürcüstanda!
Birincisi, ona görə ki, parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması haqqındakı söhbətlərə elə də inanmırıq – hakim partiya saxtakarlığa getsəydi ən azı özünə daha çox faiz yazardı, çünki onlar parlamentdə konstitusion çoxluğa nail olmaqçün az qala, əldən-ayaqdan gedirdilər, amma buna nail ola bilmədilər.
İkincisi, seçkilər həqiqətən də saxtalaşdırılsaydı, insanlar müxalifətə daha çox səs versəydilər, bunun müəyyən əlamətlərini küçə və meydanlarda görərdik – parlament seçkilərindən sonra çox etiraz aksiyaları keçirildi, amma çox təəssüf ki, hətta xarici müşahidəçilər belə onlar haqqında “möhtəşəm aksiyalar” demədilər...
Həm də belə faktı nəzərdən qaçırmaq lazım deyil ki, Gürcüstan cəmiyyəti də hələ seçim mərhələsindədir. Onların bir qismi düşünür ki, həqiqətən də Rusiya ilə münasibətləri sıxlaşdırmaq lazımdır ki, ölkənin ərazi bütövlüyü məsələsi, nəhayət ki, həll olunsun, Abxaziya və Cənubi Osetiya təzədən Tiflisin konstitusion müstəvisinə qayıtsın!
Onu da deyək ki, bu fikri insanlara təkcə, yumşaq şəkildə desək, daha realist siyasi vektor olan hakim “Gürcü arzusu” koalisiyası və ya Rusiyaya bağlı gürcü oliqarxları təlqin etmir, onların gözünün önündə özünün balanslaşdırılmış siyasətilə ərazi bütövlüyünü təmin edən Azərbaycan nümunəsi var! Amma biz dəfələrlə diqqəti belə bir detala çəkmişik ki, Azərbaycanın timsalında daha bir amil– Türkiyə faktoru var ki, onunla Rusiya getdikcə daha çox hesablaşmaq məcburiyyətindədir və biz bunu hətta hazırki Suriya proseslərinin də nümunəsində də görürük.
O ki qaldı gürcü siyasi və iqtisadi elitasının bu xüsusdakı planlarına, nə demək olar, biz onlara da sidq-ürəkdən uğurlar arzulayırıq...
İnsanların fərqli ovqatına gəldikdə isə, daha bir detalı da qeyd etmək lazımdır. Ukrayna hadisələri açıq şəkildə demək lazımdır ki, gürcüləri çox qorxutdu, xüsusən də nəzərə alanda ki, onların artıq bu xüsusda da müəyyən təcrübələri də var: bəli, bir neçə il bundan əvvəl baş vermiş Rusiya – Gürcüstan müharibəsi zamanı rus qoşunları az qala, iki-üç saat ərzində Tiflisin qapılarına çatmışdılar!..
Həm də müəyyən qism insanlar düşünür ki, onsuz da Gürcüstanı tezliklə heç kim nə NATO-ya, nə də Avropa İttifaqına qəbul etməyəcək, odur ki, tələsməyə, risk etməyə heç dəyərmi?..
Bəs siyasi proseslərin üfüqündə nə görünür? Bilirsiniz, daha təcrübəli siyasət adamları - siyasətşünaslar həmişə deyir ki, REALİST olun, əbəs yerə gücünüzü – qüvvənizi tükəndirməyin, hakimiyyəti dəyişməkdənsə, çalışın, onun siyasətini dəyişsəniz, qərarlarına təsir edəsiniz!
Düşünürük, gürcü müxalifəti də qüvvəsini bu istiqamətə yönəltməlidir – necə deyər, “maksimum planı” alınmırsa, onda “minimum”u yoxlamaq lazımdır...
Savadlı və cəsarətli seçici yetişdirmək lazımdır. Özünüz deyin, əgər insanların çoxu parlament seçkilərində gürcü müxalifətinə səs versəydi hakim partiya nə edə bilərdi? Əgər o, aşkar şəkildə qarşıdurmaya getsəydi indikindən də qat-qat izdihamlı etirazlarla üzbəüz qalmazdımı?
Həm də çalışmaq lazımdır ki, inqilab küçələrdə yox, beyinlərdə olsun. Küçə inqilabları heç də həmişə arzuolunan nəticələrə gətirmir – bəzən onların nəticəsi xaos və idarəsizlik olur, hətta bu proseslərdə ərazilərinin bir hissəsinə nəzarəti itirən ölkələr də tapılır!..
İndi hakim “Gürcü arzusu” partiyası da vəziyyəti dəyişmək üçün intensiv şəkildə çıxış yolları arayır.
Bu günlərdə hətta B.İvanişvililə Fransa prezidenti E.Makron arasında telefon danışığının olduğu deyildi.
Bundan sonra xəbərlər yayıldı ki, guya İvanişvili baş nazir İrakliy Kobaxidzeni istefaya göndərmək istəyir, amma bu xəbərlər təsdiqlənmədi. Hazırda Qərb də Gürcüstana qarşı təzyiqlərini artırmaqda və davam etdirməkdədir. Görən, proseslər üçün hansısa ortaq məxrəc varmı? Hakim gürcü partiyası avro - inteqrasiya kursundan tam imtina edə bilməz, çünki məsələ ölkə konstitusiyasında əksini tapıb, bununçün konstitusiyanı dəyişmək lazımdır.
Amma ortada Moldovanın da strategiyası var: Kişinyov Avropa İttifaqı ilə sıx yaxınlaşmağa çalışır, amma NATO ilə hələ müəyyən məsafə saxlayır! Bəlkə Gürcüstan üçün də bu yol daha məqbuldur? Axı ruslar özləri də bir neçə dəfə deyib ki, onlar Avropa İttifaqı ilə NATO arasında bərabərlik işarəsi qoymurlar! Bəlkə indi bu variantı yoxlamaq lazımdır?
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ