Onlayn ictimai-siyasi qəzet
Bu gün Rusiyadan digər narahatedici xəbərlər gəlməyə başlayıb. Məlumata görə, Sankt-Peterburq polisinə zəng edən bir şəxs “London Mall” ticarət mərkəzinə partlayıcı yerləşdirdiyini bildirib. Dərhal hərəkətə keçən polis ticarət mərkəzindəki ziyarətçiləri təxliyə edib. İlkin xəbərə görə, polisə verilən məlumat yalan imiş.
Musavat.com-un sualını cavablandıran siyasi şərhçi Heydər Oğuz bu ehtimalı istisna etmir.
Onun fikrincə, adətən böyük terror hücumları ərəfəsində belə dezinformasiyaların yayılması adi haldır. Bununla terrorçular dövlət orqanlarının reaksiya qabiliyyətini yoxlayır və diqqəti bir yönə çəkərək tamamilə başqa yerdə təxribat törədirlər.
Bununla belə, siyasi şərhçi Sankt-Peterburq gərginliyini Moskvada baş verən terror hadisəsinin ardıcıl şoku hesab edir və sözügedən qanlı hadisəni törədənlərin öz məqsədlərinə çatdığını düşünür.
“Məşhur bir atalar sözü var: “Atam öldü, ya zəlzələdən, ya vəlvələdən”. Bu kəlamın altında yatan hikmət ondan ibarətdir ki, bəzən zəlzələnin yaratdığı vəlvələ onun özündən daha təsirli olur. Əslində terror hadisəsini planlaşdıranların əsas məqsədi də bu vəlvələ şokunu meydana gətirməkdir. Buna hərbi terminologiyada “mental savaş” da deyirlər”, - Heydər Oğuz bildirib.
Onun fikrincə, “Crocus City Hall” kompleksində baş vermiş dəhşətli hadisə kimi bütün “mental savaşlar”ın qarşıya qoyduğu mühüm hədəflərdən biri cəmiyyətdə xof yaratmaqdır:
““Crocus City Hall” terrorundan sonra Sankt-Peterburqdakı ticarət mərkəzində adi bir şayiə ucbatından ciddi gərginliyin yaranması Rusiyanı qarışdırmaq istəyənlərin böyük ölçüdə öz məqsədlərinə çatdığını göstərir”.
Bəs, həmsöhbətimizin “mental savaş” adlandırdığı bu mübarizə metodologiyasında ictimai xof niyə yaradılır?
Sualımızı cavablandıran Heydər Oğuz “mental savaşlar”ın hədəflərinin uzunvədəli olduğunu bildirib və konkret olaraq “Crocus City Hall” terrorunun hədəflərini belə sıralayıb:
“Əvvəla, istənilən toplumun təşviş altında saxlanılması ilk növbədə ictimai sabitliyi pozmağa xidmət edir. Fərdlərin bir-birindən ehtiyatlanması rahatlıqla iğtişaşlara zəmin hazırlaya və iç savaşa belə səbəb ola bilər. “Crocus City Hall” terroru da faktiki olaraq rus toplumunda bu etimadsızlığı yaradıb. Sankt-Peterburq vəlvələsi bunun ən bariz sübutudur.
İkincisi, bu terror hadisəsini planlaşdıranlar Rusiyada əmək miqrantlarına qarşı aqressiv münasibətin yaranmasını hədəfləmişdilər və buna da nail olduqlarını söyləmək mümkündür. Artıq rus siyasilərinin bir çoxu və mediası miqrantlara qarşı kəskin fikirlər səsləndirirlər. İmperialist iddialara sahib olan bir ölkə miqrantlara qarşı kəskin tutumları ilə həm də öz arxa bağçaları saydıqları bölgələri itirirlər. Post-sovet məkanını Rusiyadan üz döndərməyə çağıran Qərb ölkələrinin və ABŞ-ın da istədiyi bu deyildimi?”
Siyasi şərhçinin fikrincə, məlum terror aktını planlaşdıranlar toplumda dövlət qurumlarına qarşı etimad hissini zəiflətmək istəyiblər və bu hədəflərinə də böyük ölçüdə nail olublar:
“Təsadüfi deyil ki, ABŞ-ın Moskvadakı səfirliyi terror hadisəsindən hardasa 2 həftə əvvəl belə bir hadisənin yaşanacağını bildirmişdi, ardınca da məlum terror hadisəsi baş verdi. Sanki bununla Rusiya yetkililərinə sübut olundu ki, sizin ölkənizə biz daha yaxşı nəzarət edə və nələrin baş verəcəyini daha əvvəl öyrənə bilirik. Bu isə ilk növbədə Rusiyanın təhlükəsizlik orqanlarının nüfuzunu gözdən salmağa hesablanmış ola bilər”.
Bəs, bundan sonra Rusiyaya qarşı aparılan “mental savaş” hansı istiqamətlərdə özünü göstərə bilər?
“ - Əvvəla, yəqin ki, bu cür terror hadisələri yenidən törədiləcək və toplumda qorxu hissləri daha da dərinləşdiriləcək;
- İctimai xofu diri tutmaq üçün güvənliklə əlaqədar bəzi dezinformasiya yayılacaq. Bunu Sankt-Peterburq timsalında gördüyümüz kimi, adi fərqlər tərəfindən də, sosial şəbəkələr vasitəsilə də həyata keçirmək mümkündür. Ən gözəl sosial şəbəkə isə təbii ki, Rusiyada populyar olan Teleqramdır;
- Bəzi həssas bölgələrdə ayrılıqçı təbliğatlara üstünlük veriləcək və bunun üçün xaricə sığınan müxalif rusların imkanlarından istifadə olunacaq;
- Ukrayna daha aktiv şəkildə Rusiyanın mərkəzi vilayətlərini atəşə tutacaq və cəmiyyətdəki narahatlıq artırılacaq;
- Təbii ki, işğal altındakı regionlardan da daha bəd xəbərlərin gəlmə ehtimalı var;
- Rusiyanın bu zamanadək əlində dəstəvuz etdiyi nüvə təhdidindən indi onun özünə qarşı istifadə olunacaq. Bütün təhdidlərə rəğmən, Avropa ölkələrinin Ukraynanı silahlandırmaq işindən vaz keçməməsi, hətta savaş bölgəsinə canlı qüvvə göndərmək barədə bəyanatlar verməsi Kremlin hədə-qorxularının işə yaramadığını göstərir və rusların savaş əzmini ortadan qaldırır. Bu istiqamətdə daha səy-küylü addımların atılması da gözləniləndir.
- Legionerlər öz fəaliyyətini daha da artıracaq.
Bir sözlə, Rusiyanın öz ərazilərinin təhlükəsizliyini belə nəzarət altında saxlaya bilməməsi qənaətinin formalaşması onun düşmənlərini daha provokativ addımlar atmağa həvəsləndirir”, - Heydər Oğuz belə düşünür.
E.Məmmədəliyev,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ