İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoxuşaqlılıqdan azuşaqlılığa keçid hansı sosioloji problemlər yaradır - rəylər

Ekspert: “Bütövlüdə ölkədə gənc ailələrə sosial dəstək əhatəsini gücləndirmək lazımdır”

Bir neçə gün öncə millət vəkili Siyavuş Novruzov parlamentdə 2 uşaqdan sonra ailələrə güzəşt nəzərdə tutulmasını təklif etmişdi. Deputat qeyd edib ki,  ailəyə yalnız 5 uşaqdan sonra müəyyən güzəştlərin verilməsi yaxşı deyil. “2 uşaqdan sonra təminat nəzərdə tutulsa, daha yaxşı olar”, deyə deputat bildirib.

Qeyd edək ki, son illər ölkədə azuşaqlı ailələrin sayı artır. Artıq ailələr əsasən 1, maksimum 2 uşağa üstünlük verir. Diqqət edəndə görürük ki, ötən əsrin 80-ci illərində 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdu, indi isə bu rəqəm azı 50 faizdir. Beləliklə, 2 uşaqlı ailələrin çəkisi azı 2 dəfə artıb. Bir sıra mütəxəssislərin fikrincə, buna səbəb son dövrlərdə sosial durumun çətinləşməsi, qlobal bahalaşmadır. Bütün bunların fonunda da ailələr 2-dən artıq uşaq dünyaya gətirmir, hətta gənclər evlənməkdən də çəkinirlər.

Mütəxəssislər bildirir ki, çoxuşaqlılıqdan azuşaqlılığa keçid sosioloji problemlər yarada bilir. Belə ki, əvvəlki ailələrdə bir uşaq dünyaya gələndə artıq digər uşaqlar böyümək üzrə olurdu. Uşaqlar bir-biri ilə ünsiyyət qurur, qidasını, oyuncağını, paltarını paylaşırdı. Yeni doğulan uşaq da doğulduğu zaman bu vərdişləri görüb, çətinlik çəkmədən onlara yiyələnirdi. Lakin indi doğulan uşaqların ailədə ünsiyyət problemləri olur. Valideynlər işləyir, onlara vaxt ayıra bilmir, məktəb, bağça vaxtında isə şikayət edirlər ki, uşaqlar sosiallaşa bilmir. Azuşaqlı ailələrdə adaptasiya və ünsiyyət problemi olur.

Psixoloqlar da qeyd edir ki, təkuşaqlı ailələrdə uşağın eqoistlik və özünəqapanma problemləri olur. Ailədə iki və daha artıq uşağın olması uşaqların gələcəkdə özgüvənlərinin yüksək olmasına təsir edir, çünki bacı, qardaş bir-birinə mənəvi dayaqdır.

Çoxuşaqlılıqdan azuşaqlılığa keçid hansı sosioloji problemlər yaradır?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb:

Azərbaycanda nikahlar azalır, boşanmalar artır - ölkəyə demoqrafik təhdid  varmı?

Üzeyir Şəfiyev

“Çoxuşaqlı ailələrdən azuşaqlı ailələrə keçid prosesi təkcə Azərbaycanda deyil, qlobal dünyada gedən ümumi tendensiyadır. Bunun da müxtəlif səbəbləri var. Onun içərisində ailə fəlsəfəsindəki dəyişiklikləri qeyd etmək olar

Əvvəllər xüsusən də Sovet coğrafiyasında stimullaşdırıcı tədbirlər var idi. Hətta çoxuşaqlı qadınlara “qəhrəman ana” statusu verilirdi. Yeri gəlmişkən deyim ki, mən də 11 uşaqlı ailədə dünyaya gəlmişəm, mənim də anam “qəhrəman ana ” nişanını alıb. Bu bir növ  demoqrafik tənzimləmə, stimullaşdırıcı bir alət kimi ifadə olunurdu. Çoxuşaqlı ailələrə çox sayda imtiyazlar verilirdi və cəmiyyətdə həm həmin analar, həm də ailələr xüsusi nüfuza malik idi, onlara sosial dəstək göstərilirdi

Sovet ittifaqı süquta uğrayandan sonra müstəqillik əldə etmiş respublikalarda qlobal miqyasda olduğu kimi ailə institutlarında dəyişikliklər baş verdi. Artıq çoxuşaqlı ailə anlayışı üstün anlayış kəsb etmədi, ailə planlaşdırmalarında dəyişikliklər oldu. Bu həm də keçid dövründə, sosial-iqtisadi çətinliklərin fonunda baş verirdi.

Beləliklə, azuşaqlı ailələrin artmasının səbəbi təkcə sosial-iqtisadi amillər deyil, həm də qlobal dünyada gedən trenddir.

Demoqrafik vəziyyətə görə dövlətimiz bu gün çoxuşaqlı ailələrin artması üçün addımlar atmalıdır".

Sosioloq son vaxtlar Azərbaycanda təbii artımda xeyli azalmaların olduğunu vurğulayıb:

“Ölkədə təbii artımla bağlı statistik rəqəmlərə baxanda görürük ki, son illər təbii artımda azalmalar var. Məsələn, 2021-ci ilin statistikasına əsasən təbii artım 35 mindən bir qədər çox olub. 2023-cü ilin son  5 ayının statistikasına baxanda isə görürük ki, ölkədə təbii artım 17, 5 faiz aşağı düşüb.

Çox yaxşı olardı ki, bununla bağlı digər ölkələrin təcrübələrindən istifadə edək. Məsələn, uşağın doğulmasına görə müavinət artırılsın, ikinci, üçüncü uşağın doğuşuna ayrıca müavinət təşkil olunsun.

Həmçinin əvvəllər 9-10 uşaqlı qadına “qəhrəman ana” statusu verilirdi, indi isə artıq vəziyyət, dövr dəyişib, biz  6-7 uşağı olan qadına bu statusu verə bilərik və həmin ailəyə xüsusi imtiyazlar verilər bilər.

Daha bir məsələ, “uşaq pulu” ilə bağlıdır. Məlum olduğu kimi, əvvəllər ölkədə “uşaq pulu” verilirdi. Doğrudur, onun dəyəri o qədər də böyük deyildi, amma hər halda bunu bərpa etmək olar.

Həmçinin bütövlüdə ölkədə gənc ailələrə sosial dəstək əhatəsini gücləndirmək lazımdır. Hazırda gənclərin böyük hissəsi evlənməyən gənclərdir ki, onların da əsasən əsas gətirdikləri arqument mənzil şəraiti ilə bağlı olur. Çox yaxşı olardı ki, gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülsün, ipoteka kreditlərinin faizi aşağı düşsün, şərtlər yumşaldılsın və sairə.

Bu gün həm də ölkədə boşanmaların sayı artmağa başlayıb ki, bu da ailələrdə doğulan uşaqların sayına təsir edir. Bu baxımdan çalışmaq lazımdır ki, boşanmaların da qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilsin".

 Hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR