Onlayn ictimai-siyasi qəzet
"Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Daşkənddə görüşü zamanı deyib.
"Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq", - dövlət başçısı bildirib.
Görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 3+3 formatının əhəmiyyəti qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ