Onlayn ictimai-siyasi qəzet
Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb.
Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb.
O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib.
Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub.
Musavat.com xəbər verir ki, araşdırmanın nəticəsini öyrənmək üçün Bizim.media Binə çörək zavodu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə yaradıb.
Binə çörək zavodunun hüquqşünası Rəhim Axundov israrla belə halın mümkün olmadığını deyib:
"Bizdə qapalı elektron ələklər var, un ələnir və borular vasitəsilə yoğrulma prosesinə göndərilir. O ələkdə gərək deşik olsun ki, unun içərisindən yad cisim keçə bilsin. Ələyin içərisində elə bir deşik yoxdur. Hətta dəyirmandan gələn kisənin içərisində nəsə varsa, o, orada ilişib qalmalıdır. Əgər bir işçi öyrədilibsə, kimdənsə pul alıbsa, unun içərisinə nəsə atırsa, o yenə də ələkdə ilişib qalacaq, boruya keçməyəcək. Bu, o zaman baş verə bilər ki, ələkdə deşik olsun, kimsə ələkdə süni şəkildə deşik açsın, cırsın və s. Əgər ələk sağlamdırsa, bu necə baş verir?!"
Zavodun hüquqşünasının sözlərinə görə, faktın həqiqiliyini sübut etmək üçün ən azı üç şahid lazımdır:
"Əgər iddia edirlərsə, çörəyi sübut üçün qurudub saxlaya bilərlər. Vətəndaşı dəvət etmişik, o, çörəyi gətirməli, bizə təhvil verməli idi. Buna görə protokol tərtib olunmalı, məsələ aktlaşdırılmalı idi. Mən də sabah çörək alıb, özüm onun içərisinə hansısa formada nəsə qoya bilərəm. Bunun üçün minimum üç nəfər şahid ifadəsi olmalıdır. Məsələnin aktlaşdırılması, araşdırılması üzərində işləyirik".
AQTA-dan cavab olaraq bildirilib ki, sözügedən zavodda yoxlama aparılıb və bir sıra nöqsanlar aşkarlanıb:
"Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən "Binə Çörək Zavodu" MMC-yə məxsus çörək emalı müəssisəsində agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ