İnsanlara hürriyət, millətlərə istiqlal!

Orucluq alverimizi "öldürüb" - Qızıl bazarından REPORTAJ

Son aylarda qızılın qiymətində artım müşahidə edilir.

Musavat.com xəbər verir ki, mütəxəssislər bunu bir sıra amillərlə dəyərləndirirlər.

Geosiyasi gərginliklər, inflyasiya riski və mərkəzi bankların siyasətləri investorları daha təhlükəsiz aktivlərə, xüsusən də qızıla yönəldir. Eləcə də dolların zəifləməsi qızılı digər valyutalarla alanlar üçün ucuzlaşdırır və tələbi artırır.

Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltmaq ehtimalı qızıl kimi faiz gəliri gətirməyən aktivlərə marağı artırır.

Qeyd edək ki, Bakıda qızılın qiymətləri bir sıra amillərə, o cümlədən onun əyarına, çəkisinə və bazar şərtlərinə görə dəyişir.

Misal üçün, rəsmi platformada (Azərgold) 24 mart tarixinə olan qiymətlər belədir - 5 qramlıq qızıl sikkə: 846,5 manat, 10 qramlıq qızıl sikkə: 1 692,99 manat, 20 qramlıq qızıl sikkə: 3 385,98 manat, 2 qramlıq qızıl külçə: 338,6 manat, 5 qramlıq qızıl külçə: 846,5 manatdır.

"Umico.az" onlayn mağazada da qızıl külçələrinin qiymətləri müxtəlifdir: 1 qramlıq qızıl külçə (995 əyar): 248,90 manat, 10 qramlıq qızıl külçə (999.9 əyar): 2 442,00 manat.

Qeyd edək ki, qızılın qiyməti əyarına görə belə dəyişir: misal üçün, 585 əyarlı (türk qızılı) qızılının alışı 92 manat, satışı 125 manatdır. 750 əyarlı (italyan qızılı) qızılın alışı 117 manat, satışı isə 170 manatdır.

Bəs zərgərlik bazarında vəziyyət necədir? "Neftçilər" metrostansiyası yaxınlığında qızıl alışı və satışını həyata keçirən bir neçə mağazaya daxil olub, qiymətlərlə maraqlandıq.

Musavat.com-a danışan satıcılar bildirdilər ki, son vaxtlar alıcılıq qabilliyyəti xeyli aşağı düşüb.

"Düzdür, qızılın qiyməti qalxandan alver "ölüb", amma arada toy edənlər gəlirdilər. Ramazana görə toylar dayanıb, bizim işimiz də dayanıb", - deyə Minurə adlı satıcı dedi.

Qiymətlərlə maraqlanarkən onu da öyrəndik ki, insanlar qızıl alışı və ya satışı əvəzinə lombardlara daha çox üz tuturlar. Həm qızıl alışı-satışını həyata keçirən, həm də lombard kimi fəaliyyət göstərən mağazada da bunu təsdiqlədilər:

"Bəli, lombarda qızıl qoyanların sayı çoxdur. Camaat banklara getmir, bizə müraciət edirlər, çünki sərfəlidir. Məsələn, 4 qramlıq qızıla 300 manat pul veririk. 300 manata hər ay 12 manat faiz alırıq. Faizdən əlavə əsas borcdan müəyyən qədər ödəyən vətəndaşların faizi də azalır. Bizdə kredit müddətsiz verilir. Gecikmə olanda günə 0,10 qəpik cərimə yazılır. Çalışırıq ki, daimi müştərilərimizi itirməyək. 4-5 minə qədər kredit veririk".

Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR