Onlayn ictimai-siyasi qəzet
“Bütün qida məhsulları sağlamlığımız üçün önəmlidir, amma bir qidadan, həmçinin çörəkdən sui-istifadə etmək olmaz”.
Bu sözləri Musavat.com-a açıqlamasında həkim-diyetoloq Ləman Süleymanova deyib.
Mütəxəssis orqanizmin sağlam qalması üçün faydalı qidalardan istifadə olunmasını tövsiyə edib:
“İnsan orqanizminin sağlamlığı üçün ən vacib olan amillərdən biri də sağlam qidalanmadır. Qəbul etdiyimiz qida zülal, yağ, karbohidrat, vitaminlər və minerallarla zəngin olmalıdır. Bu cür zəngin tərkibli qidalar qəbul etmək daxili orqanlarımızın fəaliyyətinə, zehni qabiliyyətimizə, onun aktivliyinə müsbət təsir göstərir.
O ki qaldı çörəyə, məlum olduğu kimi, Azərbaycan xalqı üçün çörək əvəzedilməz nemətdir. Belə ki, qonaq gedərkən, qonaq qəbul edərkən süfrəmizə daimi olaraq birinci çörək gətirilir. Statistik araşdırmalara görə, Azərbaycan əhalisinin 65-75 faizdən çoxu çörəkdən istifadə edir. Digər 30 faizi isə pəhriz saxlayan, çörəkdən imtina edən insanlardır. Yəni uşaqdan tutmuş, böyüyə qədər böyük əksəriyyət çörəyə önəm verir. Təbii ki, bütün qida məhsulları bizim üçün önəmlidir, amma bir qidadan, həmçinin çörəkdən sui-istifadə etmək olmaz.
Daha bir məsələ, məlum olduğu kimi, mədə-bağırsaq problemi olan insanlar var ki, onlar pəhriz çörəyindən istifadə edir. Lakin bəzi işbazlar pəhriz adı ilə çörəklər istehsal edirlər ki, bu da heç də pəhriz çörəyi deyil.
Ümumiyyətlə, öncə ondan danışaq ki, çörəyi nədən hazırlayırlar? Buğdanın özü möcüzədir, yəni onun faydası çox böyükdür, onun tərkibində müxtəlif makro, mikro elementlər, minerallar, zülallar, karbohidratlar var. Yəni buğda çox zəngin bitkidir. Müasir dövrdə buğda xüsusi emaldan keçirilir, yəni onun qişaları, rüşeymi atılır, bu zaman ağ un əldə edirik. Lakin pəhriz, qara çörək dediyimiz çörəklər bütün faydalı xüsusiyyətləri saxlanılmış buğdadan hazırlanır. Yəni çörək emal olunmamış, təmizlənməmiş buğdadan, arpa unundan hazırlanır. Hazırlanması da çox rahatdır və daim istifadə olunur.
Qeyd edim ki, buğda kəpəyi əlavə olunan çörəklər xüsusilə mədə-bağırsaq, qəbizlikdən əziyyət çəkən insanlara yaxşı təsir edir və xüsusən də doydurucu xüsusiyyətləri var.
Çox təəssüflər olsun ki, bir çox işbazlar insanların çörəyə qarşı həssaslığından sui-istifadə edirlər. Məlum olduğu kimi, çörəklərin adətən 24 və ya 36 saat saxlanılma müddəti var”.
Mütəxəssis qeyd edib ki, bir çox işbazlar çörəyin, xüsusən də pəhriz çörəklərinin daha uzunmüddətli qalması üçün onun tərkibinə zərərli maddələr, müəyyən inqridientlər əlavə edirlər:
“Hətta bəzən çörəyin guya pəhriz çörəyi kimi görünməsi üçün tərkibinə çay qalığı, kakao, qənd bişirib tökürlər. Ən acınacaqlısı isə budur ki, son dövrlər Avropadan gətirilmiş xüsusi rəngləndirici maddələr əlavə olunur ki, bu da orqanizm üçün çox təhlükəlidir. Bu o deməkdir ki, insan mütəmadi olaraq bu cür çörəklərdən istifadə edərsə, orqanizmində kəskin fəsadlara, xüsusən də onikibarmaq bağıraq, mədə xorasının yaranmasına gətirib çıxara bilər. Hətta yayılan məlumatlara görə, bu əlavələr orqanizmdə xərçəng xəstəliyi yaradır”.
Bəs pəhriz çörəyinin keyfiyyətini necə yoxlamaq olar?
Mütəxəssis məsələyə bu cür şərh bildirib:
“Bunu ev şəraitində də yoxlamaq olur. Belə ki, çörəyi suya qoymaq kifayətdir ki, suyun rənginin necə dəyişdiyini müşahidə edək. Qeyd etdiyim kimi, “qara çörək”, pəhriz çörəyi görüntüsünü yaratmaq üçün çörəyin tərkibinə çay qalığı, kakao və sairə əlavə olunur. Bu maddələr əlavə olunan çörəyi suya qoyanda suyun rəngi nisbətən qaralır. Amma Avropadan gətirilmiş, təhlükəli, zəhərli və zərərli olan maddə qatılmış çörəyi suya qoyduqda suyun rəngi dərhal qaralır. Bu o deməkdir ki, qətiyyən həmin çörəkdən istifadə etmək olmaz”.
Ləman Süleymanova düzgün şəkildə arıqlamağın yollarından da danışıb:
“Bəzən mütəxəssis kimi mənə sual ünvanlayırlar ki, arıqlamaq üçün hansı qidaları rasiondan çıxartmaq lazımdır. Hər hansı qidanı rasiondan çıxartmaq olmaz. Əksər hallarda görürük ki, arıqlamaq üçün çörəkdən imtina edənlər var, amma bu, doğru deyil. Zehni qabiliyyətimiz, daxili hormonlarımızın aktivliyi, həmçinin fiziki aktivliyimiz, uşaqlarda sümüklərin inkişafı üçün bütün qidalar önəmlidir, xüsusən də çörək. Yəni çörəkdən imtina etmək olmaz, sadəcə ondan normal istifadə etmək lazımdır. İstər ağ, istərsə də qarışıq undan hazırlanmış çörəyin tərkibindəki maddələr bizim üçün vacibdir.
Qeyd etdiyim kimi, çörəkdən sui-istifadə etmək olmaz. Məsələn, təndir çörəyini isti-isti, qaynar şəkildə, xüsusilə də yağlı yeməklərlə birlikdə qəbul etmək olmaz. Bu, xüsusən mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən insanlara mənfi təsir göstərir, həzmi ləngidir, halsızlıq, yorğunluq yaradır, təzyiqi yüksəldir və sairə.
Çörəyin həzmi saat 1-2-yə qədər davam edir. Yəni səhər menyusunda çörək qəbulu ola bilər. Tövsiyə olunur ki, saat 1-dən sonra çörəkdən istifadə olunmasın. Əgər daimi olaraq axşam saatlarında çörək və yağlı yemək yeməklər qəbul edəriksə, bu, arterial təzyiqin yüksəlməsinə, qanda şəkərin artmasına gətirib çıxara bilər. Beləliklə, sağlam, incə görünmək, daha aktiv olmaq istəyiriksə, çörəkdən istifadə yalnız saat 1-ə qədər olmalıdır”.
Xalidə Gəray
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ