İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29 çərçivəsində “Yaşıl iş və bacarıqlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib. Tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak edib.


Beynəlxalq Əmək Təşkilatının İş və Sosial Müdafiə üzrə Baş direktorunun köməkçisi Mia Sepponun moderatorluğu ilə keçən dəyirmi masada yaşıl iqtisadiyyata ədalətli keçidi dəstəkləmək üçün mövcud və gələcək işçi qüvvəsinin bacarıqlarının inkişafına sərmayə qoyulması, layiqli yaşıl iş yerlərinin və bu iş yerləri üzrə bacarıqların inkişafının təşviq edilməsi, bu sahədə qabaqcıl təcrübələrin mübadiləsi məsələləri müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev moderatorun ölkəmizdə işçi qüvvəsinin yaşıl sənayelər üçün tələb olunan bacarıqlara sahib olması üzrə görülən işlərə dair sualını cavablandırıb.

Nazir bildirib ki, yaşıl iqtisadiyyata keçid bu sahələr üzrə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını da zəruri edir. Yaşıl texnologiyaların sürətli inkişafı tələb olunan bacarıqların da daim inkişaf etməsini şərtləndirir və mövcud təhsil, peşə təhsili sistemlərimizin bu dəyişikliklərə uyğunlaşması əsas istiqamətlərdən biridir. Yaşıl iqtisadiyyata keçidi hədəfləyən digər ölkələr kimi, Azərbaycan da öz işçi qüvvəsini yaşıl iqtisadiyyata keçid üçün zəruri olan yeni bacarıqlarla təmin etmək istiqamətində işlər aparır. Həmin keçid prosesi mühəndislik, ətraf mühit, elmi, rəqəmsal texnologiyalar və digər sahələrdə texniki təcrübəyə malik işçi qüvvəsini tələb edir.

S.Babayev son zamanlar intensiv peşə hazırlığına və ixtisasartırmaya qlobal tələbatın artması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də bu istiqamətə üstünlük verdiyini, Nazirliyin 5 regional peşə-tədris mərkəzinin fəaliyyət göstərdiyini, daha bir neçə belə mərkəzin də tikilməkdə olduğunu qeyd edib. O bildirib ki, bu mərkəzlər işsiz və iş axtaran şəxslərə alternativ enerji qurğuları və avadanlıqlarının istismarı, bərpa olunan enerji avadanlıqlarının yığılması və külək turbin sistemlərinin quraşdırılması kimi yaşıl bacarıqlar üzrə təlimlər də təklif edir.

Nazir Qarabağ və Şərqi Zəngəzurda yaşıl iş yerləri üçün ixtisaslı kadr hazırlanması işlərinin miqyasının da getdikcə xeyli genişləndiyini, bu sahələrdə təlim proqramlarının yaşıl iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, işsiz və işaxtaran şəxslər üçün yeni məşğulluq imkanları yaratdığını qeyd edib. Dövlət məşğulluq siyasətində gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğun və layiqli əməyin təmin edilməsinin əsas məqsədlər kimi müəyyən edildiyi, həssas qrupların əmək bazarına inteqrasiyasını dəstəkləmək üçün işəgötürənlər üçün bir sıra stimullaşdırıcı proqramların icra olunduğu da diqqətə çatdırılıb.

Dəyirmi masada Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial işlər naziri Mixeil Sarjveladze, Böyük Britaniyanın Dövlət katibinin parlament müşaviri Meri Kreq, Pakistanın İşçilər Federasiyasının regional vitse-prezidenti Shavar Siraj, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti, Bəhreynin Ticarət və Sənaye Palatasının nümayəndəsi Sonya Janahi, Asiya İnkişaf Bankının İnsan və Sosial İnkişaf Sektorları Qrupunun direktoru Şanti Caqannathan, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəedici direktoru İnqrid-Qabriela Hoven, Milli Məclisin deputatı Nigar Məmmədova, Monteneqronun Əmək, Məşğulluq və Sosial Dialoq Nazirliyinin dövlət katibi Anjela Basoviç, Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan və başqalarının çıxışları dinlənilib.

Onlar moderatorun suallarını cavablandırıb, yaşıl iqtisadiyyata ədalətli keçidi dəstəkləmək üçün işçi qüvvəsinin bacarıqlarının inkişafı məqsədilə ölkələrində aparılan işlər, bu sahədə qarşıda duran hədəflər barədə məlumat veriblər. Yaşıl iş yerlərinin və bu iş yerləri üzrə bacarıqların inkişafı sahəsində əməkdaşlığın və təcrübə mübadilələrinin də önəmli olduğu qeyd edilib. COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov çıxış edərək aktual bir mövzuda keçirilən bu müzakirələrin əhəmiyyətini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR