Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Tramp ölkəyə daxil olan məhsullara tarif qiymətlərini qaldırmaqda qətidir".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
"Bu məqsədlə Xarici Gəlir Xidməti təsis edib. Xidmətin məqsədi gömrük rüsumlarını, vergiləri və xarici mənbələrdən gələn bütün gəlirləri toplamaqdır.
Trampın əvvəlki açıqlamalarından da aydındır ki, Xidmətin əsas istiqamətlərindən biri Çin olacaq. Tramp Çindən Amerikaya ixrac olunan məhsullara tarif qiymətlərini 60 fazi artırmağı hədəfləyib. Pekin Trampın hansı qərarlar verəcəyini əvvəlcədən proznozlaşdırdığına görə, məhsullarının ixrac bazarını şaxələndirib. Çin öz məhsullarını Şərqi Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrinə yönəldib. Əlbəttə, bunların tamamı Çin üçün ABŞ bazarını əvəz etməsə də, Çin Amerika bazarından asılılığını azaltmağa çalışır. Pekinin həyata keçirdiyi “bir kəmər, bir yol” layihəsi məhz məhsullarının ixrac bazarlarını şaxələndirmək üçün lazımdır. Çin investisiya siyasətini də genişləndirib. Çin daha bir hiylədən istifadə edir, başqa ölkələrdə istehsal etdiyi məhsulları öz adına çıxmır və həmin məhsulların üzərində “Çində istehsal olunub” yazılmır. Bu Çinə bazarlarına daha çox məhsul çıxarmağa imkan verir", deyə politoloq qeyd edib.
Elxan Şahinoğlu həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqının tətbiq etdiyi yüksək tariflərə baxmayaraq, Çinin 2024-cü ildə ticarətdən əldə etdiyi gəlir 1 trilyon dolları ötüb:
"Hesablamalar göstərir ki, ABŞ-ın tətbiq etdiyi və ya tətbiq edəcəyi yüksək tariflər Çin iqtisadiyyatını cəmi1 faiz kiçildə bilər. Buna baxmayaraq, Tramp və dövlət katibi Marko Rubio Çin məhsullarına yüksək tariflərinə tətbiqi siyasətindən imtina etməyəcəklər. Rubio sentyabr ayında Senata yeni qanun layihəsi təqdim etmişdi. Buna görə Çinin üçüncü ölkələr üzərindən ABŞ-a məhsul ixracatına da tariflər tətbiq edilməlidir. ABŞ_dan fərqli olaraq digər dövlətlər Çinin ucuz məhsullarına maraqları azalmayıb.
Bu arada, Çinin “DeepSeek” süni intellekt startapı ABŞ-ın texnoloji şirkətlərinə zərbə vurub. Müxtəlif ölkələr qarşıdurmalar içərisində olarkən, Ağ Evin yeni sahibi Donald Tramp hədələmə siyasətinə üstünlük verərkən, Çinin texnoloji imkanları genişlənməkdə davam edir. Çinin “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itiriblər. Çinli startapın Google və OpenAI kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başlayıb. Son model ən çox yüklənən süni intellekt proqramına çevrilib. Çin böyük xərc qoymadan süni intellekti inkişaf etdirmək hədəfini qarşısına məqsəd qoyub. Halbuki, aparıcı ABŞ şirkətləri süni intellektin formalaşmasına yüz milyonlarla dollar xərcləyirlər. ABŞ-ın texnoloji şirkətlərinin səhmləri ucuzlaşıb. Vaşinqton buna qarşı da müvafiq tədbirlər görmək məcburiyyətindədir".
Xalidə Gəray
Musavat.com
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ