Onlayn ictimai-siyasi qəzet
"Tayvanın lideri Lay Çindenin Çinə Uzaq Şərqi Rusiyadan geri almağı təklif etməsi Qərb mətbuatında geniş işıqlandırılıb. Çindenin sözlərinə görə, Çin Tayvanı öz ərazisi hesab edirsə, o halda Rusiyanın ərazisi olan Uzaq Şərqi də geri almalıdır".
Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, burada söhbət 1858-ci ildə Ayqun müqaviləsindən gedir:
"Həmin müqaviləyə görə, Uzaq Şərq Rusiyanın tabeliyinə keçib. Müqaviləyə əsasən, iki ölkənin sərhədi Amur çayı boyunca bölünüb. Bu bölgü nəticəsində Amur bölgəsinin və Xabarovskun bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub.
Fərq ondadır ki, Çin Uzaq Şərqdən özü imtina edib, Tayvandan isə heç zaman imtina etməyib. Buna baxmayaraq, Tayvanın lideri hesab edir ki, Çin Tayvan əvəzinə Uzaq Şərqi Rusiyadan tələb etməlidir. Bu baş verməyəcəyinə görə, Tayvan lideri hesab edir ki, Çinin Tayvanı nəzarətə götürmək istəyi ərazi bütövlüyü ilə bağlı deyil, bölgədə hegemonluğunu artırmasıyla bağlıdır.
Aydındır ki, Pekin Tayvanın yerinə Rusiya ərazisindəki tarixi torpaqlarını geri tələb etməz. Çin Rusiyaya indiki qədər yaxın olmayıb, iki ölkə arasında strateji münasibətlər formalaşıb. Rusiya prezidenti Vladimir Putin üçün də Çinlə strateji tərəfdaşlığı gücləndirmək xüsusi əhəmiyyət kəsb edir. Çünki, Ukrayna müharibəsinə görə ABŞ və Avropa Rusiyadan üz döndərib. Təsadüfi deyil ki, Vladimir Putin Monqolustana səfərdən bir gün öncə Tuva vilayətində məktəblilərlə görüşündə onlara məsləhət görüb ki, Çin dilini öyrənsinlər.
Buna baxmayaraq, bir sıra Qərb eksperti hesab edir ki, Çin-Rusiya münasibətləri nə zamansa çat verəcək, yaxın tarixdə belə hallar az olmayıb, hətta 1960-vı illərdə iki kommunist dövlət – keçmiş SSRİ ilə Çin arasında sərhəddə silahlı insident baş verib. “The Telegraph” nəşrində yayımlanan məqalədə göstərilir ki, Çin şərqdən Rusiyaya hücum etsə, asanlıqla istənilən ərazini nəzarətə götürə bilər. Çünki Rusiya bütün hərbi gücünü Ukrayna ilə müharibəyə yönəldib. Məqalədə Çin üçün Rusiya ərazisinin böyük hissəsini ələ keçirməsi Tayvanı işğal etməkdən daha asan olduğu yazılıb. Elə Tayvanın lideri Çinin Rusiyaya hücum etməsi üçün ən münasib vaxt olduğunu vurğulayıb".
Elxan Şahinoğlunun fikrincə, bütün hallarda Pekin üçün əsas istiqamət Tayvandır və Çin adadan vaz keçməyəcək.
"ABŞ, Avropa İttifaqı və Çinə qonşu olan ölkələr də belə olduğu qənaətindədirlər",- deyə politoloq vurğulayıb.
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ