İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: Koordinasiya Şurasının yaradılması problemlərin həllində effektiv rol oynayacaq

Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.
 
Musavat.com xəbər verir ki, Koordinasiya Şurası barədə qərarı Sherg.az üçün şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, qərar ilk  verilən zaman  Koordinasiya Şurasının yaradılması üçün müəyyən tədbirlərin  həyata keçirilməsi nəzərdə tutulurdu. Amma bu qərar 2020-ci ildə pandemiyanın tüğyan etdiyi üçün müəyyən dövlət qrumlarının iş fəaliyyətində problemlər var idi:
 “Sözügedən mövzuda baş nazirin qəbul etdiyi qərar prosesin təşəkkül tapmış formada fəaliyyətinə şərait yaradacaq. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi təkcə bir dövlətin problemi deyil. Bu səbəbdən də Koordinasiya Şurasının yaradılarkən bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əlaqəli fəaliyyəti planlaşdırılıb”.  
 
Ç. Qənizadə Azərbaycanda yaradılacaq Koordinasiya Şurasının  digər dövlətlərdə olan eyni qrumlarla əməkdaşlıq çərçivəsində xidmət göstərməli olduğunu söyləyib:
“Çünki bu cinayətləri yaradan hallar bir neçə ölkəni təhlükə altına alacaq şəraitdə baş tutur. Dünyada bu cür cinayətlər razılaşdırılmış şəkildə ən ağır cinayətlər kateqoriyasına aid edilir. Kütləvi qırğın silahları ilə bağlı məsələ bütün ölkələrin qabaqcıl problemlərindən birinə çevrilib. Belə cinayətlərin qarşısını tamamilə  almaq mümkün deyil. Cinayətkarlar günü-gündən profisionallaşırlar. Onlar müasir texnologiyalardan istifadə edərək cinayət törədikləri üçün tapılmaları və tutulmaları çətinləşir. Yəni Koordinasiya Şurasının yaradılması problemi tam həll etməsədə, kibercinayətkarlıqla, qanunsuz pulların dövriyyəsi və çirkli pulların əldə olunması üçün kütləvi qırğın silahlarından istifadə edən təşkilatların qarşısının alınmasında effektiv rol oynayacaqdır. Əgər yaradılacaq şura digər ölkələrdə olan şuralarla əlaqəli şəkildə fəaliyyət göstərəcəksə, o zaman şübhəsiz ki daha çox uğur əldə edəcəkdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR