İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində uyğurlara qarşı yeni kampaniya – “Foreign Affairs”

ABŞ-ın “Foreign Affairs” jurnalında “Çində uyğurlara qarşı yeni kampaniya” adlı məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Çində uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə müsəlman uyğurlara və digər etnik-dini azlıqlara qarşı təqiblər davam edir.

Xatırladılır ki, on illərdir Çin hökuməti Şərqi Türküstanı öz itaəti altında saxlamaq üçün sərt repressiyalar aparır. Bu repressiyaların bir hissəsi kimi 2010-cu illərdə Sincan Uyğur Muxtar Rayonunda xüsusi düşərgələr salınıb. Sayı dəqiq bilinməyən (ən azı söhbət onlarca düşərgədən gedir), yüz hektarlarla ərazini əhatə edən, hündür, keçilməz beton divarlarla, tikanlı məftillərlə dövrəyə alınan bu düşərgələrdə 2 milyon nəfərə yaxın uyğur heç bir ittiham irəli sürülmədən, məhkəmə qərarı olmadan çox ağır şəraitdə saxlanıb, məcburi əməyə, işgəncəyə, cinsi zorakılığa məruz qalıb. Əvvəl-əvvəl Çin hökuməti belə düşərgələrin mövcudluğunu tam inkar edib. Beynəlxalq qurumların hesabatlarından, qınaqlarından, dünya mediasında işıq üzü görən jurnalist araşdırmalarından sonra, nəhayət, hökumət Sincan bölgəsində “peşə təlimi mərkəzləri” yaratdığını etiraf etməyə məcbur olub. 2019-cu ildə isə rəsmi Pekin “peşə təlimi mərkəzi” adlandırdığı düşərgələrin bağlandığını elan edib.

Lakin “Foreign Affairs” yazır ki, düşərgələrin çoxu bağlanmayıb, rəsmən cəzaçəkmə müəssisəsinə çevrilib, yəni qanuni həbsxana kimi fəaliyyət göstərməyə başlayıb: “Düşərgələrdəki uyğurların bir qismi barəsində uzunmüddətli həbs qərarları çıxarılıb və onlar elə həmin həbsxanalardaca saxlanıb. 100 min nəfərdən çox uyğur isə düşərgələrdən çıxarılaraq Sincan bölgəsindəki və Çinin başqa yerlərindəki fabriklərə aparılıb. Hazırda onlar həmin fabriklərdə qul kimi işlədilirlər”.

“Foreign Affairs” qeyd edir ki, Çin hökuməti uyğurların fabriklərdə məcburi əməyə cəlb olunmasını yoxsulluqla mübarizə kimi qələmə verir. Jurnal vurğulayır ki, hökumət tək düşərgələrdəki əsirləri fabriklərə yığmaqla kifayətlənmir, daha on minlərlə uyğuru ev-eşiyini, kənd-kəsəyini qoyub fabriklərdə məskunlaşmağa məcbur edir: “Hazırda bu və digər formada məcburi əməyə cəlb olunub qul kimi işlədilən uyğurların sayı hətta yaxın keçmişə – 2019-cu ilədək əsir düşərgələrində saxlanmış uyğurların sayından da çox ola bilər”.

O ki qaldı əsir düşərgələrindən evə buraxılan uyğurlara, onların bəzisi ev dustağıdır – bunu “Foreign Affairs” jurnalına həmin uyğurların mühacirətdə yaşayan ailə üzvləri, qohumları deyib.

“Çində uyğurlara qarşı yeni kampaniya” məqaləsində təqiblərin daha bir formasından bəhs olunur. Bildirilir ki, Çin hökuməti bir neçə il əvvələdək xüsusilə Sincan Uyğur Muxtar Rayonunun cənubunu az qala cəbhə bölgəsinə çevirmişdi: “Yollara zirehli texnika düzülmüş, nəzarət-buraxılış məntəqələri qurulmuşdu, topa-topa polislər, hərbi patrullar adamları, avtomobilləri yoxlamaqla məşğul idi. İndi belə hallara az rast gəlinir.Ona görə yox ki, nəzarət götürülüb, ona görə ki, nəzarət texnoloji müstəviyə transfer olunub”.

Məqalədə deyilir ki, mobil telefonlara yerləşdirilmiş proqramlar, biometrik məlumat bazasına, üztanıma sistemlərinə söykənən müşahidə kameraları və digər rəqəmli nəzarət cihazları uyğurların kütləvi təqib olunması missiyasını küçələrdəki nəzarətçilərdən, buraxılış məntəqələrindən də total şəkildə yerinə yetirir.

Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

ABŞ hökuməti, Kanada, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri Çin hökumətinin uyğurlara qarşı törətdiyi cinayətləri soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR