Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin iyul ayında Çində işsizlik iyun ayındakı 5 faizdən 5,2 faizə yüksələrək, son dörd ayın ən yüksək səviyyəsinə çatıb.
Musavat.com xəbər verir ki, bu məlumat Çin Milli Statistika İdarəsinin (SSA) hesabatında yer alıb.
Məlumata görə, yanvar-iyul aylarında işsizlik 2023-cü ilin eyni dövründəki 5,3 faizə qarşı 5,1 faiz təşkil edib.
Ötən ay Çinin sənaye istehsalı keçən ilin eyni ayı ilə müqayisədə 5,1 faiz artıb. Bu isə iyundakı 5,3 faizlə müqayisədə artım tempinin düşməsi deməkdir. Trading Economics analitikləri orta hesabla 5,2 faizlik artım gözləyirdilər.
Keçən ay emal sənayesi istehsalı 5,3 faiz artıb. Toxuculuq sənayesində 5,9 faiz, kimya sənayesində 8,6 faiz, neft-qaz sənayesində 5,7 faiz artım qeydə alınıb. Əlvan metalların istehsalı 9,4 faiz, kompüter və rabitə avadanlıqlarının istehsalı 14,3 faiz, avtomobillərin istehsalı 4,4 faiz artıb. Yanvar-iyul aylarında sənaye istehsalının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb.
Statistika İdarəsinin məlumatına görə, ötən ay Çində pərakəndə satışlar illik müqayisədə 2,7 faiz artaraq 3,78 trilyon yuana (528,8 milyard dollar) çatıb. Ardıcıl olaraq on səkkizinci ay artım qeydə alınıb. Ekspertlər orta hesabla 2,6 faiz artım gözləyirdilər.
İyulda geyim və ayaqqabı satışı 5,2 faiz, tütün məmulatları və spirt satışı 0,1 faiz, mebel 1,1 faiz, kosmetika məhsullarının satışı 6,1 faiz azalıb. Eyni zamanda içkilərin satışı 6,1 faiz, rabitə avadanlıqlarının satışı 12,7 faiz, neft məhsullarının satışı isə 1,6 faiz artıb.
Yanvar-iyul aylarında pərakəndə satışlar 3,5 faiz artaraq 27,37 trilyon yuana çatıb. Onlayn satışlar 9,5 faiz artıb.
Yeddi ay ərzində Çində əsas kapitala investisiyalar illik müqayisədə 3,6 faiz artaraq 28,76 trilyon yuan təşkil edib. Konsensus proqnozu 3.9 faiz artım idi. Eyni zamanda daşınmaz əmlaka investisiyalar 10,2 faiz azalıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ