İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Zəngəzur dəhlizində: Bakı-Pekin xəttinin strateji marşrutu  

Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət və nəqliyyat-logistika sahəsində strateji tərəfdaşlıq daha bir mühüm mərhələyə qədəm qoydu.

2025-ci ilin aprelində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıb. Bu razılaşma iki ölkənin tranzit, nəqliyyat, infrastruktur və investisiya sahələrində qarşılıqlı maraqlarının dərinləşdiyini təsdiqləyir.

“Bir Kəmər, Bir Yol” təşəbbüsü Çin iqtisadi diplomatiyasının əsas dayaqlarından biridir. Bu layihə vasitəsilə Pekin Asiya ilə Avropa arasında alternativ ticarət marşrutları yaratmağa çalışır. Bu konteksdə Azərbaycan ərazisi Çin üçün həm coğrafi, həm də siyasi baxımdan mühüm körpü rolunu oynayır. İmzalanan əməkdaşlıq planı Azərbaycanın bu təşəbbüsdə rəsmi və institusional tərəfdaş kimi tanınmasını rəsmiləşdirir.

Bakı isə bu əməkdaşlıqla nəqliyyat-tranzit imkanlarını genişləndirmək, qeyri-neft sektoruna Çin sərmayəsini cəlb etmək və yeni iqtisadi prioritetlərə uyğunlaşmaq niyyətindədir.

Azərbaycanın Orta Dəhlizin əsas ölkələrindən biri olması Pekinin bu ölkəyə marağını artırır. Orta Dəhliz – Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa xətti – Pekin üçün alternativ ticarət marşrutu olmaqla yanaşı, Rusiya və İran üzərindən keçən marşrutlara strateji alternativdir.

Bu mənada Zəngəzur dəhlizi də Çinə Cənubi Qafqaz vasitəsilə Avropaya çıxış imkanlarını daha da genişləndirmək fürsəti təqdim edir. Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa əlaqə yaratmaqla yanaşı, həm də regional tranzit və logistika şəbəkəsinin genişlənməsinə imkan verir. Çin üçün bu dəhliz Rusiya üzərindən keçən marşrutlara alternativdir, yüklərin daşınmasında zaman və məsrəflərin azalmasına səbəb olur, ticarət təhlükəsizliyini artırır. Çünki siyasi risklər daha az olan ölkələrdən keçir. Həmçinin İranın sanksiyalarla üzləşdiyi dönəmdə daha sabit marşrut təklif edir. Pekin Azərbaycanın tranzit potensialını artırmaq və Orta Dəhlizi real rəqibə çevirmək üçün bu layihəyə maraq göstərir. Çin şirkətləri artıq Bakı limanı, dəmir yolları və logistika mərkəzlərinə investisiyalar yatırmağa başlayıb.

Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Çin üçün strateji əhəmiyyət daşıyır. Pekin bu marşrutu “Bir Kəmər, bir Yol” təşəbbüsünün əsas dayaqlarından biri kimi görür. Bakı isə bu əməkdaşlıq sayəsində regionda tranzit mərkəzi rolunu daha da gücləndirə bilər. Beləliklə, tərəflərin maraqları üst-üstə düşür və qarşılıqlı fayda əsasında formalaşan əməkdaşlıq daha da dərinləşir.

Ekspertlərin fikrincə, Azərbaycan Çin üçün sabitlik baxımından etibarlı tərəfdaş, Rusiya və İran üzərindən keçməyən marşrutların açarı, Xəzər və Qafqazı birləşdirən strateji keçid ölkəsidir.

Pekinlə əməkdaşlıq Azərbaycanın tranzit ölkə rolunu gücləndirəcək, Bakı limanı və dəmir yolu layihələrinə daha çox sərmayə cəlb etmək imkanı yaradacaq.

Həmçinin, Çin bazarına çıxış və oradan texnologiya və investisiyaların gətirilməsi də ölkənin iqtisadi şaxələndirilməsi üçün böyük fürsətdir. Eyni zamanda bu əməkdaşlıq Cənubi Qafqazda iqtisadi balansı yenidən qurmaqda  Bakı üçün geosiyasi alətə də çevrilə bilər. Azərbaycanla Çin arasında imzalanan “Bir Kəmər, Bir Yol” üzrə Əməkdaşlıq Planı sadəcə ikitərəfli saziş deyil, bu, yeni dövrün geoiqtisadi yol xəritəsidir. Bu razılaşma Azərbaycanın regionda tranzit və logistik mərkəzə çevrilməsi istiqamətində daha bir mühüm addım kimi qiymətləndirilə bilər. Əgər proses düzgün istiqamətdə davam edərsə, Bakı-Pekin xətti regionun iqtisadi arxitekturasını dəyişən əsas oyunçulardan birinə çevriləcək.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR