Onlayn ictimai-siyasi qəzet
Çinin paytaxtı Pekində güclü leysan yağışları fəlakətli nəticələrə səbəb olub. Rəsmi məlumatlara görə, daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, "Sinxua" agentliyinin yaydığı məlumata əsasən, ölənlərin 28-i şəhərin şimal-şərqində yerləşən Miyun rayonunda, 2-si isə Yankin rayonunda qeydə alınıb.
Fövqəladə vəziyyətlə əlaqədar şəhərdə yüksək hazırlıq rejimi elan edilib.
Çin Mərkəzi Televiziyası bildirir ki, təhlükə səbəbilə artıq 80 mindən çox sakin, əsasən Miyun, Xuançjou və Fanşan rayonlarından təxliyə olunub. Təkcə Miyun şəhərindən 3000 nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Rəsmi qurumlar vətəndaşlara vacib səbəb olmadıqca evlərini tərk etməməyi, xüsusilə çay kənarlarından və sürüşmə ehtimalı olan yerlərdən uzaq durmağı tövsiyə edir.
Məlumata görə, iyulun 24-dən başlayaraq Çinin şimalında yerləşən Çaobai çayı hövzəsində intensiv yağıntılar müşahidə olunur. Miyun su anbarında suyun səviyyəsi artıq son 60 ilin maksimum həddinə çatıb.
Fəlakətin nəticələrinin aradan qaldırılması üçün Çin hökuməti hərəkətə keçib. Milli İnkişaf və İslahat Komissiyası Pekindəki bərpa işlərinə 200 milyon yuan (təxminən 27,8 milyon dollar) ayırıb.
Prezident Si Cinpin daşqınla bağlı açıqlamasında regional rəhbərləri qabaqlayıcı tədbirlər görməyə və təbii fəlakətlərin fəsadlarını vaxtında aradan qaldırmağa çağırıb.
Qeyd edək ki, ötən il eyni dövrdə Pekində yağan leysanlar nəticəsində 11 nəfər həlak olmuş, 44 min nəfər yaralanmış, yüz minlərlə insan isə evlərini tərk etməyə məcbur qalmışdı.
Musavat.com
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ