İnsanlara hürriyət, millətlərə istiqlal!

Çimərlik sahiblərinin “mavi bayraq” qorxusu - mövsüm qapıda

Ekspert: ""Mavi bayraq" olmasa da, heç olmasa təmiz çimərliklərin adı açıqlansın"

Gələn ay-iyunda çimərlik mövsümü açılacaq. “Turan” agentliyi mövzu ilə bağlı maraqlı araşdırma edib.  Bildirilir ki, hər il olduğu kimi, Abşeron çimərliklərində dəniz suyunun bakterioloji göstəriciləri əvvəlki kimi qalır: yarımadanın şimal sahili nisbətən təmizdir, Bakı, Sumqayıt, Yalama və Xaçmaz yaxınlığındakı çimərliklər isə dənizə girənlərə ağır xəstəliklər bəxş edə bilər.

Həmçinin dənizi “sadə dincələnlərin” üzünə bağlayan qanunsuz hasar problemində də dəyişiklik yoxdur. “Hər il və dəfələrlə mətbuat və TV dəniz boyunca kilometrlərlə hasarları göstərir, sakinlərin etirazından (Zağulba) hasarların sökülməsi ilə bağlı nadir hallarda məlumatlar yayılır, lakin yeniləri ortaya çıxır. Heç nə dəyişmir”, - deyə yazıda bildirilir. 

Heç bir maneənin olmadığı yerlərdə çimərliklər sahildə kölgəlik, masalar, tualet kabinələri və geyinib-soyunma otaqları quraşdıran iş adamları tərəfindən icarəyə götürülür. Hər kəs öz zövqünə və cibinə görə düzəldir. Əvvəlki illərin kabinələri qışda çürüyür, daxmalara bənzəyir, duş kabinələrindən su quma axır. Zağulba, Buzovna, Novxanı çimərliklərində istirahət edənlərin gözləri qarşısında dənizə kanalizasiya suyu axır. Elit dənizkənarı müəssisələrin inkişaf etdiyi Bilgəh və Nardaranda da kanalizasiya təmizlənmədən dənizə axıdılır. 

Bizim ölkəmiz çimərliklərin beynəlxalq “Mavi bayraq” keyfiyyət statusu (Blue flag sertifikatı, 1987-ci ildən verilir) almasına can atmır. Turizm Assosiasiyası rəhbərinin müşaviri Müzəffər Ağakərimov deyib ki, “Mavi bayraq” çimərliyin keyfiyyət simvoludur, onun sanitar normalara uyğunluğunun göstəricisidir. 

Yeri gəlmişkən, Türkiyənin 551 çimərliyi beynəlxalq “Mavi bayraq” mükafatına layiq görülüb. Bu barədə “Mavi bayraq” beynəlxalq jürisinin 2023-cü il üçün mükafatçılar siyahısında bildirilir. “Mavi bayraq” reytinqi hər il çimərlik mövsümü ərəfəsində mənzil-qərargahı Kopenhagendə (Danimarka) yerləşən Ekoloji Təhsil Fondu (FEE) tərəfindən elan edilir. Ötənilki reytinqdə Türkiyə “Mavi bayraq”lı çimərlik sayına görə İspaniya və Yunanıstandan sonra üçüncü yeri tutub. Dünya turizmində böyük payı olan İtaliya və Fransa bu sıralamada 4-cü və 5-ci yerdədir.

“Mavi bayraq” reytinqində ilk üçlüyə düşmək turizm üçün böyük uğurdur. Bu mükafat 1987-ci ildən etibarən çimmək üçün ən təhlükəsiz və suyu ən yüksək təmizlik standartlarına uyğun gələn çimərliklərə verilir. Mükafata layiq görülən çimərliklərdə onun loqosu olan mavi bayraqlar dalğalanır. Bu, turist cəlb etmək üçün ən vacib göstəricilərdən biridir.

Türkiyədə sözügedən proqram 1993-cü ildən tətbiq edilir. Proqramda çimərliklər üçün ümumilikdə 33 meyar nəzərdə tutulub. Əsas meyarlardan biri mövsüm boyu 15 gündən bir suyun analizinin aparılması və müvafiq standartlara cavab verməsidir. Türkiyədə “Mavi bayraq” sayına görə birinci yerdə Antalyadır, bölgədə 231 çimərlik bu mükafata layiq görülüb.

Qeyd edək ki, ötən il qadağan olunan çimərliklərin adı açıqlanmışdı. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə monitorinqlər keçirilmişdi. Səbayel rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərində dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Baxmayaraq ki, istifadəsi qadağan olunan ərazilər hər il elan edilir, insanlar yenə də bu ərazilərdən istifadə edir. Həkimlər isə bildirir ki,  bakterioloji çirklənmə olan çimərliklərdə çimmək kəskin mədə-bağırsaq xəstəliklərinə yol aça bilər. Belə ərazilərdə qumluq sahədə dincəlmək belə  təhlükəli sayılır. Çünki bakteriyalar qumla qarışaraq insanlarda dezinteriyaya səbəb ola bilər. 

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, “Mavi bayraq” statusu təmiz olan, suyunda zərərli maddələr aşkar olunmayan, bakterioloji vəziyyəti qənaətbəxş olan dənizlərə verilir: “Azərbaycanda da bununla bağlı yeniliklər olacağı deyilirdi, hələ ki dəyişiklik yoxdur. Türkiyədə bir neçə çimərlik bu statusu alıb. Bunu xüsusi yoxlama komandası qəbul olunmuş beynəlxalq standartlara əsasən araşdırma aparır və həmin yerə "Mavi bayraq" nişanı verilir ki, o da həmin ərazinin üstünlüyü sayılır. Azərbaycanda özəl çimərliklər mövcuddur, orada təmizliyə diqqət olunur. Ən azı günlük sahil təmizlənir, çirkab suları axıdılmır və sairə. Bu da Bakıda bir neçə yerdə var. Bundan əlavə, hasara alınmış nisbətən xidməti olan ərazilər də var ki, orada giriş pulsuzdur. Amma orada masanın qiyməti 10 manatdır. Lənkəran-Astara zonası, Abşeron yarımadası, Nabran ərazisinə qədər üç aya yaxın müddətdə çimərlik üçün yararlı yerlərdən istifadə edilir. Amma bəzi yerlərdə çirkab suların axıdılması ilə bağlı müəyyən problemlər qalmaqdadır. Aidiyyəti qurumlar isə hər il çimməlli olan yox, yararsız çimərliklər haqda daha çox məlumat yayırlar. “Mavi bayraq” olmasa da, insanlara təmiz olan çimərlikləri də təklif etmək olar. Xüsusilə də yay mövsümündə ölkəmizə gələnlər çox olur. Dəniz mövsümü olduğu üçün Rusiyadan gələn turistlərə daha çox maraqlıdır. Müşahidə edirik ki, turistlər daha çox sıravi insanların istifadə etdiyi çimərliyə yox,  ödənişli xidmət göstərən çimərliklərə üstünlük verirlər. Burada onlar həm dənizdən, həm də hovuzdan istifadə edə bilirlər. Bu çimərliklərin  ödənişli olması faktı qeyd edilməlidir. Əlbəttə, sıravi insanların istifadə etdiyi çimərliklər də normalara uyğun olmalıdır. Hətta ölkəmizə gələn qonqlar bu çimərliklərdən yararlana bilsinlər “. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR