Onlayn ictimai-siyasi qəzet
Ukrayna lideri ABŞ-a səsləndi ki, 1 milyona yaxın əsgəri ilə gözləməkdədir, yardımın gecikdirilməsi avropalı liderlərə təsir edir, NATO-da parçalanma ola bilər; Rusiya isə irəliləyə bilmir, yerində sayır - strateji savaş uzadılır
Ukrayna müharibənin 705-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Yanvarın 29-na olan məlumata əsasən, Rusiya indiyə qədər 383 180 hərbçi itirib. Hərbi texnikasına gəldikdə, 6 290 ədəd tank, 11 696 ədəd zirehli döyüş maşını, 9113 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 660 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 149 ədəd avtomobil texnikası, 7049 ədəd PUA, 1 846 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1443 xüsusi avadanlıq məhv edilib.
Müharibənin iki ilinin tamamına isə bir aydan da az vaxt qalır. Bu müddətdə savaş vaxtaşırı Rusiya ərazisinə transformasiya edilir. Ukrayna tez-tez dron zərbələri endirir. Elə son olaraq Yaroslavl şəhərindəki “Slavneft-YANOS” neft emalı zavoduna PUA hücumu edilib. PUA zavodun hidrokrekinq qurğusunun yanına düşüb. Habelə Belqorod, Kursk və digər Rusiya şəhərləri PUA hücumlarına məruz qalır. Rusiya xüsusi hərbi əməliyyat adını verdiyi işğalçı savaşda tutduğu ərazilərdə möhkəmlənməyə çalışır. Lakin “Z” ordusu irəliləyə bilmir. Zelenskinin müşaviri Podolski də bunu qeyd edib.
Rusiya 4 regionu özünə birləşdirib, amma həmin ərazilərdə döyüşlər davam edir. Putinin ordusu daha artığını edə bilmədi. Hazırda rus qoşunları separatizm olan bölgələrdə mövcuddur. Hazırda artilleriya döyüşləri gedir. Kollektiv Qərbin yardımları və Ukrayna ordusu rus qoşunlarını bu iki il ərzində bir küncə sıxışdıra biliblər, işğal edilən ərazilərin 50 faizi azad olunub. Amma Krım da daxil olmaqla, 18 faiz torpaq işğal altındadır. Hərçənd 2014-cü ildən Luqansk və Donetskdə separatçılıq başlamışdı, yəni mərkəzi hakimiyyət bu nəzarət edə bilmirdi. Hazırda Rusiya yeni ərazilər işğal etmək qüdrətinə malik deyil. Ekspertlərə görə, bundan sonra Kreml dayanmaq və işğal etdiyi torpaqlarda qalmağı hədələyib. Bundan artıq potensialı olmadığını anlayan Putin, indi atəşkəs yolları axtarır. Beləliklə, rus ordusu haqda mif dağıldı. Amma koalisiya qoymur ki, müharibə dayansın. Bu, Rusiyanın yarımçıq qələbəsi demək olar. O baxımdan təhlilçilərin fikrincə, strateji müharibə 2025-dək davam etdiriləcək. Ondan sonra isə Rusiyanın iqtisadi və hərbi imkanlarını nəzərdən keçirəcəklər. İki il əvvəlki Rusiya deyilsə, bundan iki il sonrakı Rusiyanı da təsəvvür etmək olar. Qərb texnoloqları da bunu hesablayır. Rusiya isə ərazi işğalını özünün nəticəsi kimi təqdim etməyə çalışır.
“Avropa ABŞ-sız Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək”. Bunu isə Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib. “Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür”, - Zelenski bildirib. Zelenski ordudakı hərbçilərin sayı ilə bağlı da açıqlama verib. Ukrayna ordusunda bir milyona yaxın hərbçinin olduğunu bildirib. “Hazırda 880 min hərbçimiz var. Eyni zamanda aktiv əmək qabiliyyəti olan 30 milyon vətəndaşımız var”, - deyə o qeyd edib. Zelenski müharibə səbəbindən Ukraynanı tərk edənlərlə bağlı sualı da cavablandırıb. O, bu sayın dəqiq olmadığını, lakin təxminən 6,5-7,5 milyon insanın Ukraynanı tərk etdiyini bildirib.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin sözlərinə görə, Zelenski tələskənlik edir, Qərb nəzərdə tutulan yardımları ayıracaq. Onun fikrincə, Rusiyanın hakimiyyət qatlarında, fərqli ideyalarla silahlanmış qüvvələrin mübarizəsi gedir, ölkənin daxilinə sirayət etməkdədir. Q.Hüseynli hesab edir ki, Zelenski hövsələsizlik edir: “İl başlayandan Ukrayna əleyhinə hər hansı proses baş verməyib axı?! Respublikaçılar və Demokratlar da konsensusa gəlməkdədir, 61 milyard dolların aqibəti tezliklə həll olunacaq. ABŞ-da siyasi qüvvələr qərara gəliblər ki, Rusiya müəyyən cığıra salınıb, oradan çıxmağa imkan vermək olmaz. Artıq Rusiya özü də tükənir, əvvəlki potensialı yoxdur. "F-16" qırıclarının da Ukraynaya verilməsinə razılıq əldə olunub, Niderland bu addımı atacaq. Ümumiyyətlə, bu yardımlar məsələsində Avropa liderləri bir söz deyir, başqa əməl sahibi olurlar. Məsələn, Almaniya kansleri deyirdi ki, bizim silahımız elə özümüzə çatır. Amma kanlser Şolts başqa platformada elan etdi ki, Ukraynaya nə qədər hərbi yardım lazımdırsa veriləcək. NATO baş katibi də bildirirdi ki, üzv ölkələrin imkanları tükənir, amma Brüsseldə çıxışı zamanı sona qədər dəstək veriləcəyini açıqladı. ABŞ-ın özünü qeyd edək, Lend-Liz qanunu qəbul olundu, o cümlədən Marşal qanunu qəbul edildi. Bu qanun müharibədən sonra Ukraynanı yenidən qurmağı nəzərdə tutur. Yəni Rusiyanın işğalçı müharibəsində Qərb koalisiyası Ukraynanı yarıyolda qoymayacaq”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ