Onlayn ictimai-siyasi qəzet
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb. Başqa bir dəyişikliklə məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.
Həmçinin yol hərəkəti qaydaları ilə bağlı bəzi digər cərimələr də artırılıb.
Bəs cərimələrin artırılması yol qəzalarının sayına necə təsir edəcək? Bəlkə cərimələr daha çox qaldırılsın?
Vəkil: “Yollarda elə şərait yaradılmalıdır ki, qayda pozmağa imkan olmasın”
Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır: “Bununla yanaşı, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Təəssüf ki, bu gün qanunlar qəbul olunanda onun ictimai müzakirəsi təmin olunmur, qanunların qəbulu zamanı onun qəbul edilməsinin məqsədi ilə bağlı izahedici qeyd verilməlidir. Yəni bu qanun, yaxud bu qanuna dəyişiliklər hansı məqsədlərə xidməti edir. Fikir verirsinizsə, əmək haqqı, o cümlədən minimum əmək haqqı, pensiyalar birdən-birə 50 faiz, yaxud iki dəfə artırılmır, lakin cərimələr qəflətən 2 dəfə və daha çox artırılır. Cərimələrin artırılması yol hərəkəti qaydalarının pozulması statistikasına təbii ki, təsir göstərəcək”.
Vəkil bildirib ki, cərimələdən əldə olunan gəlirlər haqda vətəndaşlara vaxtaşırı məlumat verilməli, ictimai şüurda qaydalara riayət olunması oturuşmalıdır: “Azərbaycanda "Yol hərəkəti haqqında" Qanun hər il sərtləşdirilir. Sürət həddi aşağı salınır, digər tədbirlər görülür. Amma qayda pozuntularının sayı azalmır. Deməli, cərimələrin və ölümlərin sayında da azalma baş vermir. Azərbaycan yollarında elə şərait yaradılmalıdır ki, qayda pozmağa imkan olmasın. Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanda sürücülər 136 milyon 500 min manat cərimə olunub. Gəlin Bakı şəhərində yol infrastukturuna baxaq. Hər kəs tıxaclardan şikayət edir. Bunun qarşısının alınması üçün görülən tədbirlər əsasən vəziyyəti bir qədər də qəlizləşdirir. İctimai nəqliyyat bərbad durumdadır. Sovet dağılandan sonra tikilən yeni metro stansiyalarının sayı heç ona çatmayıb. Tramvay inftarstukturu ümumiyyətlə dağıdılıb. Sürücülərdən alınan bu qədər cərimələr yol infrastukturunun qaydaya salınmasına xərclənsəydi, bu gün başqa mənzərənin şahidi olardıq.
Nəqliyyat eksperti: “Cərimələrin artırılmasından yalnız qaydaları pozanlar narahat olur”
İndiki halda cərimələrin artırılması çıxış yolu deyil. Biz yollarda qəzaların sayının və yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq istəyiriksə, hərtərəfli iş görməliyik. Sadəcə, cərimələri yüksəltməməliyik. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbi hər zaman qaydaların pozulması ilə bağlı olmur. Digər səbəblər də var. Yol infrastrukturlarının yaxşı olmaması, qaranlıq və çala-çuxur yolların olması, eyni zamanda köhnə avtomobillərin olmasını səbəblər sırasına daxil edə bilərik. Biz cərimələri yüksəldib yol infrasturukturu ilə bağlı hər hansı islahatlar aparmasaq, vəziyyəti köklü şəkildə dəyişə bilməyəcəyik".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, qəzaların baş verməsinin qarşısını almaq üçün təkcə cərimələrin artırılması kifayət deyil: “Yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq üçün sürücülərin maariflənməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac var. Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı prosedur sərtləşdirilməlidir. Təlim prosesi daha da ciddiləşdirilməlidir. Sağlamlıq haqqında arayışların alınmasına yenidən baxılmalıdır.
Cərimələrin artırılması çıxış yollarından biridir. İşıqforu qırmızı işıqda keçmək, sürət həddini əhəmiyyətli dərəcədə aşmaq, eləcə də narkotik maddələrin təsiri altında avtomobil idarə etmək kifayət qədər ciddi qayda pozuntularıdır. Bu kimi qayda pozuntularına tətbiq edilən cərimələrin məbləği artırılmalıdır ki, baş verməsin. Cərimələrin artırılmasına görə ancaq qaydaları pozanlar narahat olur".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ