Onlayn ictimai-siyasi qəzet
Cəmiyyətdə mənəvi aşınmanın dərinliyi və miqyası bir qisim adamlarda heyrət, bir çoxlarında təəssüf, bir qrupda təəccüb, bəzilərində isə ikrah doğurur.
Hər kəs baş verənlərə öz bəlli reaksiyasını verir, amma heç kəs bu aşınmanın, kütləvi hal alan deqradasiyanın qarşısını almaq gücündə deyil.
Sanki əxlaq, mənəviyyat kimi kateqoriyalar ləğv edilib və hər kəsə istədiyini etmək azadlığı verilib. Adamlar xəcalət çəkmədən, utanmadan ən qəbahət hərəkətləri edirlər. Sosial şəbəkələr iyrəncliyin güzgüsünə çevrilib. Cəmiyyət o zaman dağılır ki, orada maddi dəyərlər mənəvi dəyərləri üstələyir.
Eyni halı biz artıq bir neçə müddətdir müşahidə edirik. Deməli, dağılma ərəfəsindəyik. Ya da çoxdan dağılmışıq, xəbərimiz yoxdur...
Elə bir gün olmaz ki, insanların heyrətinə səbəb olan sıradışı bir hadisə baş verməsin. Hər cür neqativ hərəkət artıq legitimlik qazanmaqda, adiləşməkdədir. Bir zamanlar Hollivud filmlərində gördüyümüz və çox zaman evdəkilərin görməməsi üçün kanalı dəyişməyə məcbur olduğumuz epizodların içərisindəyik. Ancaq artıq çevirməyə “kanal” da yoxdur. Çünki elə televiziyalarımız da yuxarıda qeyd etdiyimiz ssenarinin bir parçasına çevrilib.
Üç-dörd il öncə 2 və ya 3 uşaq anasının İnternetdə tanış olduğu oğlana qoşulub qaçması ölkə gündəminə bomba kimi düşür, hər yerdə, kollektivlərdə, ictimai toplanış yerlərində müzakirə olunurdu. Hər kəs “qoşulub qaçan” qadını qınayırdı, eləsinin analıq hüququndan məhrum edilməsini lazım bilirdi. QHT-lər hərəkətə keçir, bu mövzunu əsas gətirib seminarlar təşkil edir, SOS təbili çalırdılar.
Sonra belə hadisələr artdıqca, ictimai müzakirələr də azalmağa başladı və bu gün yenə bənzər hadisə olanda insanlar sadəcə sosial şəbəkələrdə lağlağı edib, iki gün sonra unudurlar.
Hətta artıq elələrinin müdafiəçiləri də var, deyirlər, qadın nə etsin, ömrü boyu sevmədiyi adamla yaşasınmı. Bəziləri də günah vektorunun səmtini dəyişir, təqsiri arvadı qoşulub qaçan şəxsin üstünə yönəldir – guya ki, yaxşı kişinin arvadı o hərəkəti etməzmiş.
Bax, mənəvi aşınma budur. Qəbahəti qəbul etməmək, ona haqq qazandırmaq, normal saymaq, hətta təbliğ etmək.
Ekranda, efirdə, müasir media qurumlarının platformalarında öz əndamını nümayiş etdirərək, özlərinə varlı aşnalar axtaran, uzun sürmədən elələrini tapan, daha səxavətli birini tapan kimi “köhnə sponsor”u dəyişən qadınların varlığı mənəvi və əxlaqi aşınmanın yeni mərhələsidir.
Bəzi jurnalist həmkarlarımızın “elit fahişəlik” adlandırdıqları bu trend gündən-günə kütləviləşir. Artıq “varlı sponsor” hesabına lüks avtomobillər, villalar, bahalı əlbisələr, qızıl-zinət əşyaları əldə edən bu tip qadınlara cəmiyyətin mühüm bir hissəsində açıq və gizli həsəd var.
Onlar kimi olmaq istəyən gənc qızların sayı-hesabı yoxdur. Yaşlı həmsöhbətlərimiz danışırlar ki, 40-50 il əvvəl üstünə belə ad qoyulan şəxslər adam içinə çıxmazdılar, gizli həyat tərzinə keçərdilər, qohumları onlardan üz döndərərdi, üz döndərməyənlər də xəcalət çəkərdi. Amma indi abır-həyasını itirmiş bu adamlarla az qala bütün qohumları fəxr edirlər, yeri gələndə onların varidatından, əlaqələrindən faydalanmağa çalışırlar. Yuxarıda qeyd etdiyimiz kimi, maddi dəyərlər, mənəvi dəyərləri üstələyib.
Əslində, mənəviyyatı aşınanlar təkcə düz yolundan sapan “sənətçilər” deyil, həm də onlardan istifadə etmək istəyənlərdir.
Kütləviləşmiş plastik əməliyyatların əsl səbəblərindən biri də mənəvi aşınma ilə bağlıdır. Nəyin bahasına olursa, olsun, hamıdan gözəl olmaq istəməyin səbəbi mənəvi yoxsulluq və özünü başqalarına belə təqdim edərək üstünlük qazanmaqdır. Bu cür qadınlar öz süni “gözəllikləri” ilə real məqsədlərə çatmaq istəyirlər. Bir qədər müşahidəçi olmaq kifayətdir ki, sonradan gözəlləşmişlərin eynilə sonradan necə varlandıqlarını da görmək mümkün olsun.
Bu eybəcərlik və iyrənclik təkcə cəmiyyətin qadın kəsiminə sirayət etməyib, kişi kəsimin də öz mənəvi və əxlaqi problemləri var. Bunların ən başında narkotik maddələrə aludəçilik, zəhmətə qatlaşmadan varlanmaq istəmək, çox gənc ikən kriminal aləmə meyllənmək, özünü vaxtsız vəfat etmiş, daha dəqiqi, öldürülmüş kriminal avtoritetin ardıcılı saymaq kimi hərəkətlər gəlir.
Kriminal dünyanın puçluğu və yalançı parıltısı barədə nə qədər yazılsa da, danışılsa da, danışılan sözlər tində, talvar altında toplaşan yeniyetmə və gənclərin başına girmir. Onlar hesab edirlər ki, əsl həyat “içəridə”dir, “volya”da isə işləmədən də yaxşı pul qazanmaq olar. “Qazanmaq” deyəndə onlar kimisə soymağı, kimisə aldatmağı, özgələrinin bank kartlarından pul çəkməyi, pulu olanlardan aybaay xərac almağı nəzərdə tuturlar. Bir də onda ayılırlar ki, müxtəlif cinayətlərə görə artıq məhkum edilib, həbs həyatı yaşayırlar və “içəri”nin sərt iyerarxiyasında ən aşağı, əzilən pillədədirlər.
Bəs bu mənəvi aşınmanın qarşısını necə almaq lazımdır? Çıxış yolları haqqında nə qədər danışılsa da, deyilsə də, sanki hamı bir konveyerin içindədir və o, durmaq, dayanmaq bilmir.
Əli Rais,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ