Onlayn ictimai-siyasi qəzet
Paradokslar, ikili standartlar, öz gözündə tiri görməyib, özgə gözündə tük axtaranların dünyasında yaşayarıq, əziz oxucular.
Yazıram, özümdə şübhə əmələ gəlir ki, əslində atalar tir və tük məsələsinə aid kəlamda o qədər də efvemizm (biədəb ifadələri yumşaltma) tətbiq etməzdilər, sözü birbaşa deyərdilər, amma biz də hesab edək ki, söhbət gözdən gedir.
Dünənin söhbətlərini götürək. Qədirbilən ictimaiyyətimiz mətbuat günüylə bağlı jurnalistlərə demədiklərini buraxmadılar: bir təbrik, beş təpik, üç təqdir, yeddi təhqir, beş öymə, on söymə. “Ləyaqətsizlər”dən başladılar ta “qələmini satmaq fahişəlikdir”ə qədər getdilər. “Xəyanət”, “satqın”, “yaltaq”, “trol” ifadələrinin yeşiyi qiymət dəyişməsindən sonra 1 manat 10 qəpiyə olmuşdu.
Bu vuhavurda elə paradoksal söhbətlər vardı ki, adamın yadına dərhal tir və tük söhbəti düşürdü. Məsələn, bir qrup insan vardı, özləri üçün “vicdanlı jurnalistlər” qrafası düzəltmişdilər, xarici dövlətlərdən, fondlardan 300-500 min dollar alaraq öz ölkəyə, hökumətə qarşı yazılar yazan bəzi jurnalistləri azad sözün mücəssəməsi, mətbuatın şərəfi sayıb göylərə qaldırır, tərif, təbliğ, təbrik edirdilər, öz dövlətinin büdcəsindən 3-5 min manat qrant alaraq mövcudluğunu qoruyan media qurumlarında işləyənləri isə iqtidara satılmaqda suçlayır, təhqir edirdilər.
İndi bu necə işdir? Fəaliyyətin maliyyələşdirilməsi satılmaqdırsa, xarici dövlətlərə və fondlara 3-5 yüz min dollar qarşılığında işləmək qat-qat artıq satılmaqdır. Bəs necə olur, onlar qəhrəmandır, bu birilər satqın? Xidmətin qiyməti arasında on qat fərq necə olsun?
Yəni ayıba kor olmaq məsələsi aktualdır. Yaxud xirtdəyə qədər zibilin içində olan sahələrdə çalışan və o zibilə bir neçə dəfə kəlıə vurub üzə çıxan adamlar var, mediadan qüsursuz fəaliyyət tələb edirlər. Adamın yadına “Mozalan” satirik kinojurnalının sovet dövründə futboçu və çəkməçinin münasibətlərinə dair çəkdiyi süjet düşür.
Deməli, əhvalat vaqe olur stadionda. Ayaqqabı fabrikinin baş ustası bilet alıb gəlir futbola baxmağa, stadionun ön cərgəsində oturur və hər dəfə qol vura bilməyən, topu itirən hücumçunu söyür: “Alçaq, topal, yaramaz, səriştəsiz, bu nə oyundur, oynayırsan” və s. Bir belə, beş belə. Hər dəfə söyülən futbolçu başını qaldırıb onu terrorizə edəni görür, amma bir söz deyə bilmir. Bir gün çəkməçi usta fabrikdə öz işini gördüyü yerdə qapı açılır, futbolçu əlində altlığı qopmuş bir cüt ayaqqabıyla içəri girir, brak malı masanın üstünə qoyub deyir: “Alçaq, topal, yaramaz, səriştəsiz, bu nə işdir, görürsən” və sair və ilaxır.
Yəni, ay vicdansız, başqalarını tənqid edib söyürsənsə, özün də düz-əməlli iş gör, nümunəvi ol. Bax, o çəkməçi öz gözündə tiri görsəydi, gedib futbolçunu söyməzdi, özü də söyülməzdi.
İndi o söhbət olmasın, qoy jurnalistləri o həkimlər söysün ki, əməliyyat olunacaq pasiyentə görə skalpeli xəstə yaxınının boğazına dirəyib 3-5 min manat tələb etmirlər, dərman firmalarıyla ilə işbirliyinə gedib insanlara bahalı və heç bir xeyri olmayan preparatlardan ibarət resept yazmırlar, peşələrindən yaxşı baş çıxarır, yanlış diaqnozlar qoymur, səhv müalicə aparmırlar.
O müəllimlərin jurnalistləri danlamaq haqqı var ki, məktəbdə ciddi dərs keçirlər, baha qiymətə “bunker müəllimi” olaraq repetitorluq etmirlər, şagirdlərdən pul ummurlar, işlərini vicdanla görürlər, seçki komissyalarında dürüst hərəkət edirlər.
Büdcə talanmasında, müxtəlif pul maxinasiyalarında iştirak edən, korrupsiya və rüşvətxorluq qazanında qaynayan adamların nəinki jurnalistlərə, heç kimə dil uzatmağa haqları yoxdur.
Başqa peşə sahibləri də onlar kimi. Masaj salonlarında işləyənlər qədər təcrübəsi və stajı olanlar adamı peşəyə xəyanətdə suçllayanda az qalırsan havalanasan. 30 il hökumət işində çalışan, hər pəstəhanı başından aşıran, vəzifənin gülünü dərən, axırda nəyə görəsə işdən çıxarılan biri axşamüstü dissident olur, haqq-ədalətdən, dürüstlükdən, medianın funksiyalarından danışır.
Bir bizdə deyil, öz gözündə tiri görməyənlər hər yerdə var. 24 ildir hakimiyyətdə olan və ölkəsində əməlli-başlı Stalin demokratiyasına oxşayan rejim bərqərar edən Putin Zelenskinin tənqid edir ki, o, ölkəsində diktatura qurub, səlahiyyət müddəti bitib, amma vəzifəsində qalır.
Amerikada 79 yaşlı Tramp dünənə qədər otutub-durub deyirdi ki, 81 yaşlı Bayden qocadır, ondan prezident olmaz. Halbuki onlardan biri 8-ci sinifdə oxuyanda o biri 10-cuya gedib. Bir məhəllədə yaşasalar, tay-tuş olar, reqbi oynamağa, qaradərili həmyaşıdları ilə dalaşmağa birgə gedərdilər.
Xüləs, işlər belədir. Həyat davam edir, qoy həmişə sülh olsun.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ