İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayıla böyük köç

“Biz cəbrayıllılar qürurla, fəxarətlə deyirik ki...”

Qarabağa “Böyük qayıdış planı” istiqamətində görülən işlər durmadan sürətlənir. Sonuncu köç karvanı Cəbrayıl şəhərinə oldu. Bu etapda  42 ailə - 205 nəfər Cəbrayıla köçürüldü. Yenidən qurulan şəhərə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

"İllər sonra böyük sevinc və qürurla ana vətənim Cəbrayıla qayıdıram".

Bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Nazim Rüstəmov deyib.

“Cəbrayılla bağlı xatirələrim çoxdur. Uşaqlığım, cavanlığım orada keçib. İndi 30 illik həsrətdən sonra yenidən ora qayıdıram. Allah övladlarımıza, gələcək nəsillərə bir daha bizim illər əvvəl yaşadığımız həyatı - köçkünlüyü, ağrı-acını nəsib etməsin”, - deyə o vurğulayıb.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən sakin doğma yurduna qayıtdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya da minnətdarlığını bildirib.

"İllərlə əziyyətlər çəkdik, bir çox yer dəyişdik. Bu günə şükür, arzumuza çatdıq və doğma yurdumuza qayıdırıq".

Bu sözləri isə Cəbrayıla köç edən daha bir keçmiş məcburi köçkün Yusifov Yusif bildirib. Cəbrayıllı günlərindən bəhs edən sakin illərlə bu günün həsrətini çəkdiyini deyib: “Beş yaşımdan Cəbrayıldan çıxmışam. Otuz ildir qayıtmaq həsrəti ilə yaşayıram. Düzdür, hər yer vətəndir, ancaq düşünürəm ki, yurda qayıtmaq, orada yaşayıb-yaratmaq lazımdır”.

"Doğma yurdumuz Cəbrayıla qayıtmaq hissi əvəzolunmazdır".

Bu fikirlər isə Cəbrayıl sakini Rüstəmli Rəhminəyə məxsusdur. Onun sözlərinə görə, 1 yaşında məcburi şəkildə tərk etdiyi Cəbrayıla indi artıq müəllim kimi qayıdır: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi var eləsin.

Uzun illər həsrətini çəkdiyimiz Cəbrayıla dönmək bizə sevinc və qürur yaşadır".

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Rəhim Əhmədzadə (@rehimahmadzade) / X

Rəhim Əhmədzadə

Əslən Cəbrayıldan olan, AĞ Partiya başqanının müavini Rəhim Əhmədzadə doğma yurduna ard-arda yola salınan köç karvanlarının bütün cəbrayıllıları sevincə qərq etdiyini söylədi: “Bu gün şükürlər olsun ki, rəşadətli ordumuz, igid oğullarımız sayəsində arzularımız çin olur. Hələ aprel döyüşlərində itirilmiş Cəbrayılımızın Cocuq Mərcanlı kəndinin azad edilməsi bu böyük qayıdışın ilk işartıları idi. Artıq bu gün biz cəbrayıllılar qürurla, fəxarətlə deyirik ki, Cəbrayıl azaddır, bütöv Qarabağ bizimdir və biz qayıtmışıq. "Dəmir yumruq" öz gücünu bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməyi bacaran xalqdır. Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda yenidən bərpa və quruculuq işləri sürətlə davam edir. Və böyük köçün növbəti ünvanı məhz Cəbrayıl şəhəridir. Onu da qeyd edim ki, işğaldan azad edilmiş şəhərlərimizdən Laçın, Şuşa, Zəngilan, Xankəndi və Cəbrayıla bu yaxınlarda getmişəm və artıq şəhərin böyük hissəsinin abadlaşdırıldığının canlı şahidi olmuşam. Artıq Qarabağı yenidən dirçəltmək bir xalq olaraq bizim ən əsas vəzifəmizdir. Vətənim Cəbrayıl rayonunda əsasən taxılçılıq, üzümçülük, maldarlıq, qoyunçuluq geniş yayılmışdı. Yerli sakinlər səbirsizliklə geri dönüb o əvvəlki təsərrüfatı yenidən qurmağı planlayırlar. Cəbrayıl erməni vəhşiliyinin daha çox qurbanı olmuş, tamamilə dağıdılmış şəhərlərimizdəndir. Şəhərin mərkəzindən başlayan geniş quruculuq işləri çərçivəsində mərkəzlə bərabər kəndlərin də bərpası qarşıya qoyulan məqsədlərdəndir. Təkcə Cəbrayıla deyil, artıq işğaldan azad etdiyimiz bütün Qarabağ torpaqlarına həmin ərazilərin həqiqi sakinlərinin geridönüşü reallaşmaqdadır. Bu prosesin uğurla davam edəcəyinə inamımız tamdır. Biz illərlə bu günləri arzuladıq. Və hər zaman inandıq ki, dünyaya gözümü açdığımız ana torpağa mütləq bir vaxt qayıdacağıq. Çox ağrılı, çətin günlərdən keçdik, amma sonunda buna da şükür edirik. Biz artıq Qarabağa əbədi qayıdırıq".

Yazını hazırladı:  Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR