Onlayn ictimai-siyasi qəzet
SSRİ-yə rəhbərlik edənlərin xarakterləri, həyat tərzləri, idarəetmə üsulları fərqli olsa da, sovet liderlərinin oxşar cəhətləri də olub. Onlardan biri də birincilərin öz şəxsi həkimlərinə münasibətləridir ki, siyasilər öz “xilaskar”larına çox da qulaq asmayıblar. Lenin həkimlərin tövsiyələrini qulaqardına vurub, Stalin nəinki şəxsi həkiminə qulaq asıb, hətta onu cəzalandırıb, Xruşşov ümumiyyətlə, həkimlərin məsləhətlərini ciddiyə almayıb və s. Sovet liderləri arasında nisbətən Leonid Brejnev həkimlərlə “dostluq” etməyi bacarıb. Düzdür, baş katib həkimlərin qadağalarına məhəl qoymayıb. Amma o, tez-tez SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazovla söhbətə vaxt ayırıb. Qeyd edək ki, 4-cü idarə partiya və hökumət rəhbərlərinin sağlamlığına cavabdehlik daşıyıb və bu idarənin rəisi Çazov qeyri-rəsmi Kremlin baş həkimi kimi tanınıb.
Məlum olduğu kimi 1970-ci illərin sonlarında Brejnevin sağlamlığında ciddi problemlər yaranıb. Xüsusilə uzun-uzadı müşavirələrdən, gərgin keçən müzakirələrdən sonra baş katib özünü daha çox narahat hiss edib, gərgin və əsəbi mühit onu daha da əldən salıb. Brejnev Çazovla növbəti görüşündə keçirdiyi bu vəziyyət haqqında Kremlin baş həkimini məlumatlandırıb. Çazov onu diqqətlə dinlədikdən sonra bu narahatlığın baş katibin keçirdiyi hisslərlə bağlı olduğunu bildirib.
Maraqlıdır, insanın keçirdiyi hisslər onun sağlamlığına necə təsir edir? Brejnev zaman-zaman hansı hisslərinin güdazına gedib?
Məlum məsələdir hər bir insan həyatında baş verən hadisələrə hissləri ilə reaksiya verir və bu normal haldır. Ancaq qədərindən artıq hisslərə qapılmaq, onları cilovlamağın mümkünsüzlüyü yolverilməzdir. Elm də sübut edib ki, insanın keçirdiyi hisslərin sağlamlığa birbaşa təsiri var. Yaşam tərzində qida məhsulları kimi keçirdiyimiz hisslər də qədərindən artıq olanda orqanizm üçün mənfi fəsadlar yaradır.
Əslində Brejnev son dərəcə təmkinli olub, ən mübahisəli məsələləri sakitliklə həll etməyə çalışıb, hisslərini mümkün qədər cilovlamağı bacarıb. Amma hər halda nəhəng bir ölkəni idarə etmək əsəb və gərginliksiz ötüşməyib. Bununla yanaşı Brejnevin hədsiz sevinc hissləri keçirdiyi məqamlar da az olmayıb. Hətta baş katib 1978-ci ildə haqqı olmadığı “Qələbə” ordeni ilə təltif olunanda sevinc hisslərini uşaq kimi büruzə verməkdən çəkinməyib.
Məhz Çazovun Brejnevə növbəti sağlamlıq dərsi də hisslərlə bağlı olub. Kremlin baş həkimi baş katibə aşağıdakılarını anladıb:
Sözsüz ki, Brejnev dost münasibətində olduğu Çazovun bu “dərs”ini sona qədər dinləyib. Amma əməl edə bilibmi, hisslərini cilovlamağı bacarıbmı? Yəqin ki, yox. Çünki gündə bir mükafat alan adam sevinc hissindən, mütəmadi olaraq qərb ölkələrinin təzyiqinə məruz qalan siyasətçi həyəcan hissindən, davamlı Kreml intriqaları sayəsində birinci kürsünü itirmək təhlükəsini yaşayan baş katib narahatlıq hissindən yan keçə bilməzdi...
İlham Cəmiloğlu, Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ