Onlayn ictimai-siyasi qəzet
Mən bir dəfə yazmışdım, bizim futbolçular oynamağı bacarmasalar da dünyada bu işin statistikasını aparan azarkeşlər, şərhçilər üçün qiymətli, əvəzsiz xəzinə rolu oynayırlar. Futbol oynama, rol oyna, əsas oynamaqdır.
Məsələn, hansısa oyun gedir, şərhçi aradakı boşluqları doldurmaq üçün nəsə hap-gop etməlidir, bu zaman deyir: “Topa zərbə vuran bu oyunçu vaxtilə öz milli komandasının heyətində Azərbaycana qarşı oyunda het-trik etmişdir”. Başqa oyun zamanı hakimdən danışır: “Xatırlayırsınızsa, milli komandamız filan ölkəyə 8:0 uduzanda oyunu bu hakim idarə etmişdi”. Kimsə avtoqol vurur, deyirlər lap elə bil bizim oyunçu Behmankəsdir və sairə. Respublikamızın idman şərəfini yüksəklərə qaldırıb, bizi dünyada tanıtdıqları üçün futbolçularımıza minnətdarıq. Nə olsun uduzurlar? Necə deyərlər, antireklam da bir reklamdır. Təki adamın adını çəksinlər. Ən pisi yada düşməmək olardı.
Çexovun bir hekayəsinin qəhrəmanı da qaçaraq evə gəlir, qəzetdə adının çıxmasını sevinə-sevinə ailəsinə bildirirdi, axırda məlum olurdu ku, haçansa yeməkxanadan sərxoş çıxanda at arabasının altında qalıb, qəzetdə də bunu “işıqlandırıblar”.
Lakin bugünlərdə futbol temasında, futbol kontekstində olsa da, tam başqa sahəmizin - mədəniyyətimizin dünya üzrə reklamı getmişdir. İspaniyada “Marca” adında gündəlik qəzet var, bu sözün hərfi mənası “qeyd” deməkdir. “Marca” İspaniyada və bütün dünyada çox ünlü qəzetlərdən biridir, gündəlik tirajı 400 min ədədə yaxındır. Həftəlik 2 milyon 800 min qəzet satırlar. 1 nüsxəsi 1 avroya satılır. Ondan başqa radiosu-filanı da var. Bax, həmin “Marca”da gözlənilmədən Azərbaycanın adı çəkilmişdir.
Söhbət belə olub: “Real” Madrid klubu “Rayo Valekano” klubu ilə 3:3 hesablı bərabərlik, heç-heçə edib. “Marca” da həmin oyun barəsində “Qeyd” edib ki, “Real”ın oyunlarına baxmaq mümkün deyil, cansıxıcıdır, sanarsan Azərbaycan filminə tamaşa edirsən.
Buyur. Əla deyilmi? Bəlkə bugünəcən bizim hansısa filmə beynəlxalq arenada heç 400 tamaşaçı baxmayıb, indi isə 400 minlik auditoriya önündə kinomuzdan bəhs olunur. Nəticədə ispanlar, o cümlədən başqa oxucular Azərbaycan kinosunun nəmənə şey olduğunu arayacaq, axtarıb tapacaq, internetdə baxacaqlar. Milli kino tənqidçilərimiz də yana-yana qalacaqlar, çünki həmişə deyinirlər: “Azərbaycanda kino çəkilmir, dövlətin ayırdığı pulları 3-4 nəfər çırpışdırıb yeyir, kinostudiyanın həyətini satıblar, aktyorlar təqaüd alıb yatmaq arzusuyla yaşayır” və sairə. Tam da elə deyilmiş. Əks halda, ispan mətbuatı niyə bizim kino sənətimizdən sitat verir?
İşin başqa detalı odur ki, “Marca”nın həmin şərhçisi, müxbiri filmlərimizi izləməyibsə, bu qənaətdə olmazdı. Baxmasa haradan bilərdi cansıxıcı filmlərimiz var? (Düzdür, bizim tərəflərdə Pasternakın başına sovetlərin açdığı oyunu xatırladaraq “Filankəsi oxumuram, lakin o, xalq düşmənidir” tipli açıqlamalar verənlər də vaxtaşırı olur. Ancaq biz hesab edək, hər halda, İspaniya Kürdəxanı deyil). Və mövzunun tragikomik cəhətlərindən biri isə budur ki, Azərbaycan kinosunda adı tam elə “Cansıxıcı əhvalat” olan bir film var! Güman edirəm milli tamaşaçılarımızın çoxu o filmi ekranda görməyib, çünki 1988-ci ildə rus dilində çəkilən o filmi yalnız bir neçə il qabaq ana dilimizə dublyaj etdilər.
Filmin rejissoru Cəmil Quliyevdir və milli kinomuz üçün spesifik olmayan arthaus stilində bir filmdir. Süjeti, qısa olaraq qeyd edim, oğullarının laqeyd münasibətilə üzləşən valideynlər haqdadır. Açığı, çox da mənasız və cansıxıcı film deyil, məsələn, mənə qalsa uca millətimizin qarnı cırıla-cırıla güldüyü bəzi komediya filmlərimizə baxanda hətta ürəkaçan filmdir.
İndi qalır müxbir göndərib “Marca”dan hansı filmlərimizi izlədiyini öyrənmək. Ya da gələn dəfə Messi ilə birgə “Marca”nın müxbiri də qonaq gətirilsin, ona filmlərimiz göstərilsin. Məsələn, Vaqif Mustafayevin son filmi. Məncə, ona baxsalar bir daha ümumiyyətlə kino izləməyəcəklər.
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ