Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri, 8 ildir həbsdə olan Cahangir Hacıyevin dostları - keçmiş deputat Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” MMC-nin (zavodun) rəhbəri olmuş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Dünyamin Xəlilov məhkəməyə vəsatət təqdim edib. O, Beynəlxalq Bankdan götürülən kreditlərin müəyyən müəssisələrin inşasına yönəldiyini, mənimsənilmədiyini bildirib. Prokuror isə bildirib ki, vəsatətdə müəssisələrin adları göstərilməyib. Hakim vəsatəti iş sənədlərinə əlavə edib.
Qeyd edək ki, Cahangir Hacıyev iş üzrə şahidlər siyahısındadır. Ötən proseslərdə Cahangir Hacıyevin dindirilməsi olmalı idi. Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 603 min manat ziyan vurmaqda təqsirləndirilir.
Bundan başqa, Azad Cavadov Cahangir Hacıyevlə yaxın dostluğundan istifadə edərək 1 milyon 603 min 727 manatı mənimsəyib. Prosesdə təqsirləndirilən şəxslər barələrində elan edilən ittiham üzrə özlərini təqsirli bilməyiblər. Bu halda Cahangir Hacıyevin dindirilməsi zərurəti yaranıb. Amma məhkəmə günü məlum olub ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilən Cahangir Hacıyev prosesdə iştirak etmək istəməyib və bunu səhhəti ilə izah edib.
O, şahid qismində yazılı ifadəsində iddia edir ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır. Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub.
“Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməli idi. Lakin 2015-ci ildə Prezidentin fərmanı ilə o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”, - Cahangir Hacıyevin sözləridir.
“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edir. Ötən prosesdə olduğu kimi, sonuncu prosesdə də mülki iddiaçı məbləğin artırılması tələbində israr edib.
2015-ci ildə Beynəlxalq Bankın problemli kreditlərinin həll olunmasından ötrü Prezidentin fərmanı ilə yaradılmış “Aqrarkredit”in nümayəndəsi deyib ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər:
“Biz “Aqrarkredit” olaraq bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsi ilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır”.
İş üzrə zərərçəkən qismində tanınan Beynəlxalq Bankın nümayəndəsi də tələbin təmin edilməsini istəyib.
Prokuror isə bildirib ki, ziyanın məbləği artırılanda ittiham da ağırlaşır. Məhkəmə özbaşına ittihamı ağırlaşdıra bilməz. Çünki məhkəmə işə verilən ittiham çərçivəsində baxır: “İttihamın ağırlaşdırılması üçün vəsatət verilməlidir ki, iş istintaqa qaytarılsın...”
Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Son 8 ildə Dünyamin Xəlilov üçüncü, Azad Cavadov isə ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi bundan öncə bir dəfə Cahangir Hacıyevlə birlikdə mühakimə olunub. Cahangir Hacıyev də 2015-ci ildən bu yana 2 dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt Dünyamin Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı. Müttəhimlərin heç biri özünü təqsirli saymır. Hər ikisi bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.
Proses 18 dekabra qədər təxirə salınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ