İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün turistlər gəzəyəndir

Yaxud stereotiplər harada aktual olur

Milli mətbuatımız 150 illiyində 150-ci dəfə də sınaqdan uğurla çıxmadı. Son turist əhvalatında qəbirlərə qarşı təhqiramiz hərəkətdə suçlanaraq saxlanan şəxslərin milliyyətinin xüsusi vurğulanmasını, qabardılmasını nəzərdə tuturam. 2003-cü ildə jurnalistlərin qurultayında qəbul edilən, hazırda palaz boyda mətni Mətbuat Şurasının (MŞ) saytında duran, lakin heç kimin vecinə almadığı “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın 3-cü prinsipi məhz bununla başlayır: “Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır”. Hərçənd dərinə getsək, bu, "Media haqqında" Qanunda da var, 14-cü maddədə yazılıb: “İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır”. Amma həmişə olduğu kimi, belə tətbiqatlar yalnız yuxarılara lazım olanda yada düşür.

İnsafən, Audiovizual Şura bu kimi temalarda bizim MŞ-dən daha aktivdir. Məsələn, keçən ay “kişi qadından üstündür” cəfəngiyyatını yaydığı üçün telekanalizasiyalardan birinə xəbərdarlıq etmişdilər.

Belə yanaşmalardan sonra turizmin niyə inkişaf eləmədiyini soruşuruq. Əlbəttə, tək səbəb bu deyil, ancaq ümumi yanaşmamızın əlamətidir.

Bizdə ümumiləşdirmə, stereotiplərlə yaşamaq çox aktualdır. Bir jurnalist yalan yazırsa, vəssalam, bütün yazarları yalançı elan edirik. Hansısa rayondan bir axmaqla qarşılaşırıqsa, avtomatik o rayonun on minlərlə sakini çıxdaş edilir. Səbəb nədir? Səbəb avtoritar, bəzən hətta totalitar yanaşmamızın güclü olmasıdır. Biz fərdə, şəxsiyyətə, bir insana yox, kütləyə, cəmiyyətə, xalqa önəm veririk, dənizin içində damlanı, binanın divarında kərpici görmürük. Fərdi azadlıqların, insan hüquqlarının zəif qorunduğu ərazilərdə həmişə belə problemlər üzə çıxır və həllini tapa bilmir. Məşhur aforizmdə deyilən kimi: “Yalnız demokratiyalar öz aralarında savaşmırlar”. Təəssüf ki, nə biz demokratıq, nə ölkəmizə gələn turist. Nəticə də toqquşma, nifrət, həbs, mənasız diskussiyalar... 

Yarlık yapışdırmaqda ustayıq. 2024-cü ilin rəsmi statistikasına görə, dövlət nikahı ilə qeydə alınmayan ailələrdə doğulan uşaqların sayı 13 min 228 nəfər olub. Sivil dünyada buna normal baxırlar, hərçənd bizdə böyük ehtimalla dini nikahlar önə keçməkdədir, səbəb budur və insanların azadlığı seçməyi ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda dövlət nikahı, rəsmi qeydiyyatla doğulmaq uşağa heç zad vermir axı. Nə uşaq pulu var, nə hansısa sosial güzəştlər. Ona görə də rəsmi nikahla uşaq doğmağın uzağı gələcəkdə ailə dağılsa, aliment-zad almaq, əmlak bölgüsü tipli işlərdə əhəmiyyəti qalır. Başqa heç nə. O cümlədən Arvad-uşaq Komitəsi də “boş çoxluq”dan başqa bir şey deyil. Söhbət çox uzandı, yarlık nədir, onu yazım: hələ də bizdə, jurnalist, publisist-filan arasında rəsmi nikahsız doğulan uşaqlar haqda axmaqcasına, təhqiramiz “bicbala” ifadəsi işlədənlər var.

Təsəvvür edin. 21-ci əsrdir, bunlar hələ də hansısa bambılı peçatsız doğulmağa “bic” adı yapışdırır. Beləsinə nə ad qoyasan? “Tüfeyli, qrabitel”... Özü də təəssüf ki, belələrinə hətta “mütərəqqi” yazarlar arasında rast gəlinir. İndi nə edək, 13 min uşağı “bicbala” adlandıraq? Məncə, belə düşünənin özü “bicbala”dır.

Sonda məzarlıqda qanunu pozan turistlərin həbsini də müəyyən dərəcədə bəlkə çox sərt tədbir kimi qiymətləndirmək olar. Cərimə edib buraxmaq mümkün idi. Orada uyuyanlar bizim üçün əzizdir, turist isə bunu bilməyə bilər (deyəsən, onların ölkəsində, ümumiyyətlə, elə məzarüstü abidələr olmur). Biz özümüz dünyanın çox yerlərində milli adət-ənənələri bilirikmi? Turizmə aid dövlət qurumlarımızın saytlarında Azərbaycanda adətlər, dəyərlər haqda hansısa informasiyalar yerləşdirilibmi? Təəssüf ki, mən özümü turist yerinə qoyub belə məlumatları tapa bilmədim. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR