İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün “təcili yardımlar” bir mərkəzə birləşdirilir - Nə dəyişəcək?

Zamirə Adilova:"Yeni proqram təminatı hazırlanır, bundan sonra..."

İyunun 1-dən Sumqayıt Şəhər Təcili Yardım Stansiyası da daxil olmaqla ölkə üzrə bütün Təcili Yardım Stansiyaları "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nə birləşdiriləcək.

Musavat.com xəbər verir ki, bununla bağlı artıq qərar verilib. Qərara əsasən, respublika üzrə bütün Təcili Yardım Stansiyaları bir mərkəzdə birləşdiriləcək.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bu mərkəzdə birləşdirilib.

TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli müvafiq qərarı ilə bağlı TƏBİB-in İcraçı direktorunun müvafiq əmrinə əsasən, "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Təcili Yardım Avtobazası" publik hüquqi şəxsin və eyni zamanda TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının ştat vahidlərinin ləğv olunaraq mərhələli şəkildə yeni yaradılan "Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi" publik hüquqi şəxsə birləşdirilməsi prosesinə başlanılıb. Hazırda proses davam etdirilir.

O da qeyd olunub ki, Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə” sistemi şəklində qurulmasıdır.

Bakıda həkim briqadasının çağırış yerinə gec gəlməsi bilinən faktdır. Əsas səbəblər gün ərzində şəhərin mərkəzi küçələrində müşahidə olunan tıxacların olması, sürücülərin "Təcili tibbi yardım" maşınlarına yol verməməsi, yeni binaların nömrələnməməsidir. Bəzən "Təcili tibbi yardım" maşınları keçid üçün yol istəyir, lakin digər avtomobillərin sürücüləri onlara yol vermirlər. "Təcili tibbi yardım" maşınları onlara yol vermədiyinə və ya yollardakı tıxacda qaldığına görə çağırış ünvanına vaxtında gedib çata və ya xəstəni xəstəxanaya vaxtında çatdıra bilmir. Bu isə çox vaxt ciddi narazılıq yaradır. Bəs, bu problemlərin kökündən həlli nə zaman mümkün olacaq?

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Musavat.com-a bildirib ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

3M6A0373.jpg (4.18 MB)

Zamirə Ədilova

Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.

Məlum olduğu kimi, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Hazırda restrukturlaşdırma işləri həyata keçirilir. Əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni Mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir. Qeyd edim ki, Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sistemli şəkildə qurulmasıdır. Bilirsiniz ki, mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır. Bəzi media resurslarında qeyd olunan “103” xidməti ləğv olunur ifadəsi çaşqınlıq yarada bilər deyə vurğulamaq istəyirəm ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üçün vahid Çağrı Mərkəzinin nömrəsi “103”dür”.

TƏBİB rəsmisi əlavə edib ki, gün ərzində icra olunan çağırışların sayı 2 000-2 500 civarında olur: 

“Onların arasında kifayət qədər əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Son zamanlar kifayət qədər nəticəsiz çağırışlar da müşahidə olunur.  Belə ki, çağırış üzrə ünvana yollanan briqadalar ünvanda təcili yardıma ehtiyacı olan heç kəslə qarşılaşmır, digər halda isə ya yardımdan imtina olunur, ya da həkiməqədər ölüm halı qeydə alınır. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, avtonəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən artıq çox olması ilə müşahidə olunan hallarda gecikmələrin olması qaçılmazdır. Bəzi hallarda protokol üzrə düzgün icra olunan çağırış da vətəndaşlar tərəfindən gecikmə kimi qiymətləndirilə bilir. Qeyd edim ki, çağırışlar təcili və təxirəsalınmaz olmaqla çeşidlənir, çağırışın növünə və qüvvədə olan protokollara uyğun olaraq icra olunur. Əlavə edim ki, təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı) və tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR