Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci yarısında Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.
GDP xəbər verir ki, 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.
Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb, hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Qeyd olunub ki, 2024-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
İqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a bildirib ki, Azərbaycanda neft hasilatının həcmi 2010-cu ildə olan pik həddən bu günə qədər davamlı olaraq azalır.
Ekspert qeyd edib ki, 2010-cu ildəki pik hədd - 50,9 milyon ton xam neft hasilatı 2023-cü ildə 20 milyon tondan artıq azalaraq 30,2 milyon ton olub:
“Ötən müddət ərzində 40 faizlik azalma olub. Bu da başadüşüləndir. Hasilat həcmləri müddət ərzində pikə vardıqdan sonra azalmağa başlayır. Bu, quyunun məhsuldarlığı - təzyiq, həcm, daha əlverişli texniki şərtlərlə bağlıdır. Hasilat həcmini yenidən artırmaq üçün mütləq yataqlara əlavə investisiyaların yatırılmasına ehtiyac var. Bu, birbaşa hasilat prosesi ilə bağlıdır. Hasilat həcmini artırmaq üçün atılacaq digər addımlar daha dərin qatlarda olan ehtiyatları müəyyən etmək, geoloji kəşfiyyat işləri aparmaqdır. Azərbaycanda neft daha yuxarı səviyyəyə çıxarıldığı müddətdə xarici şirkətlər nefti daha asanlıqla hasil edib, hasilatın pay bölgüsündə iştirakçı olublar. Təbii ki, müqavilə şərtlərini də yerinə yetiriblər. Amma hasilat çətinləşdikdən və hasilat həcmi azaldıqdan sonra bu xarici şirkətlər eyni zamanda hasilat həcmlərinin artırılması üçün müvafiq investisiyaları yatırmağa məcburdurlar. Buna görə də bir il əvvəl, hətta 2024-cü ilin əvvəlində Prezident İlham Əliyev neft-qaz sektoruna sərmayələrin artırılması ilə bağlı çağırışlar səsləndirmişdi. Eyni zamanda neft-qaz sektoruna yatırılan investisiyaların azalması, neft hasilatı həcmlərinin azalması ilə bağlı məlumatlara münasibət bildirən ölkə başçısı demişdi ki, müvafiq xarici şirkətlərlə müzakirələr aparılacaq. Ehtimal edirəm ki, məhz Prezidentin bu məsələdə qoyduğu mövqe xarici şirkətlərin hasilata daha diqqətlə yanaşmasını, xarici qatlarda olan ehtiyatların müəyyənləşdirilərək hasil edilməsi məsələsini daha da aktuallaşdırdı”.
E.Əmirov hesab edir ki, qoyulan vəsait özünü doğruldacaq:
“Xatırladım ki, Şahdəniz yatağının ilkin ehtiyatları ilə bağlı proqnoz verilərkən 500 milyard kubmetrlik həcm müəyyən edilmişdi. İşlərə start verildikdən sonra 1,2 milyardlıq ehtiyatın olduğu üzə çıxdı. Bildiyim qədərilə hazırda bu yataq üzərindəki dərin qatlarda yeni layihə işlənməkdədir. Bununla bağlı xarici şirkətlərin nümayəndələrinin açıqlamaları olmuşdu. O cümlədən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) neft yatağının dərin qatlarında şübhəsiz ki, neft ehtiyatları var. Bu ehtiyatları hasil etmək üçün investisiyaların qoyulmasına ehtiyac var. Bu investisiyaların özünü doğruldacağını və yatırılmış xərci rahatlıqla ödəyəcəyini düşünürəm”.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ