Onlayn ictimai-siyasi qəzet
“Gürcüstanda baş verən hadisələr onun göstəricisidir ki, Qərb uzun illər bu ölkədə destruktiv fəaliyyətlə məşğul olub. Nəticədə Gürcüstanda dərin kök salan radikal qüvvələr bu gün öz narazılıqlarını ifadə edirlər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq xatırladıb ki, bu ssenari 2004-cü ildən başlayıb:
“Hakimiyyətə gələn Mixeil Saakaşviliyə Qərbin yalan vədləri buna gətirib çıxardı ki, 2008-ci ildə Abxaziya və Cənubi Osetiya itirildi. Saakaşvili bu avantüraya inandı, ona tərəfdar çıxdı. Bu gün Saakaşvilinin vəziyyəti hər kəsə bəllidir”.
Politoloq bildirib ki, ötən müddət ərzində Gürcüstanda külli miqdarda QHT-lər Qərbdən qrantlar, maliyyə vəsaitləri əldə ediblər:
“Xarici agentlər haqqında qanunun qəbul olunması onların təbirincə, bu maliyyə vəsaitlərinə məhdudiyyət qoyacaq. Hazırda Gürcüstanda Qərbin informasiya təmsilçiləri baş verənləri tamamilə başqa bir tərzdə təqdim etməyə çalışırlar. Sanki bu cür qanunlar ölkədə Qərbə inteqrasiyanı, Avropa İttifaqı ilə əməkdaşlığı zəiflədəcək, məhdudlaşdıracaq, Gürcüstan Aİ-nin siyasi kursundan kənara yuvarlanacaq. Bu kimi fikirlər cəmiyyətə də təsir göstərir. İnsanlar öz etiraz səslərini daha da ucaltmağa çalışırlar”.
İlyas Hüseynov xatırladıb ki, eyni zamanda Gürcüstan ərazisindən Cənubi Qafqaza təsir göstərmək üçün maliyyə imkanlarının genişləndirilməsi şəraiti də yaradılmışdı:
“Bu da Qərbin Gürcüstan vasitəsilə Cənubi Qafqazda geniş anlamda daha təsirli olmasına hesablanmışdı. Bütün bunlar onu göstərir ki, açıq cəmiyyətləri təşviq etmək, insan haqları və demokratiyanı, söz azadlığı və fikir müxtəlifliyini, siyasi plüralizmi təqdim etmək istəyən Qərb öz maliyyə resursları vasitəsilə ənənəvi, formalaşmış milli-mənəvi dəyərləri aşındırmağı, eləcə də cinsi azlıqların təbliğini, tarixən burada olan milli-mənəvi irsi sarsıtmağı, öz istədikləri həyat tərzini təbliğ etməyi əsas hədəf seçib. Bunun da acı nəticələri indi üzə çıxmaqdadır. İnsanlar öz etirazları ilə bu tipli həyat tərzini daha üstün hesab edirlər. Məlumdur ki, Gürcüstanda hakimiyyətə qarşı həyata keçirilən fəaliyyət heç də yaxşı nəticə vəd etmir. Eyni yolla Ermənistan və Moldova da hərəkət etməyə çalışır. Fəallığını artırmağa fürsət axtarır, amma nəticə dəyişməz olaraq qalır”.
Politoloq vurğulayıb ki, Azərbaycana yönəlik də bu cür addımları biz görürük:
““Abzas media”, “Toplum TV”, eləcə də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi kimi destruktiv qüvvələr öz yanaşmaları ilə burada Qərbin “pulyuyan maşınları” olduqlarını, maliyyə mənbələrini mənimsədiklərini nümayiş etdiriblər, insanların kütləvi surətdə ələ keçirilməsi, təsir altına düşməsi fəaliyyətini icra ediblər. Müxtəlif təlimlər, seminarlar, xarici ezamiyyələr, tövsiyə məktubları və onların müqabilində əldə olunan maliyyə vəsaitləri bunu deməyə əsas verir”.
Aytən Novruz
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ