İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərə estetik əməliyyat qətiyyən olmaz! - Tanınmış cərrahdan HƏYƏCANLI açıqlamalar

Məlum olduğu kimi, bu günlərdə daha bir gənc qadın estetik əməliyyatın qurbanı oldu. Xatırladaq ki, “Medera Hospital”da plastik əməliyyat etdirən Aygün adlı gənc qadın vəfat edib.

Bu, plastik əməliyyatdan ilk ölüm faktı deyil. Çox təəssüf ki, əksər hallarda dünyasını dəyişənlər gənc insanlar, qadınlar olur.

Bəs bədən şəkilləndirmə əməliyyatı nədir və həyat üçün nə dərəcədə risklidir? Kimlərə olmaz?

Tanınmış plastik cərrah Elnur Mehrəli mövzu ilə bağlı Musavat.com-un bu və digər suallarını cavablandırıb.

elnur.jpg (43 KB)

Müsahibəni təqdim edirik:

- Doktor, bədən şəkilləndirmə əməliyyatı nədir?

- Bədən şəkilləndirmə əməliyyatı günümüzdə ən aktual estetik əməliyyatlardandır. Bu, daha çox xanımların müraciət etdiyi əməliyyat növüdür. Yəni xanımlarda daha çox bədən çəkisinin artması səbəbindən bədənin müxtəlif nahiyələrində toplanmış piy kütlələrinin, eləcə də artıq dərinin aradan qaldırılması, bədənin şəkilləndirilməsi tipində aparılan əməliyyat hesab olunur. Əsasən idmanla nəticə əldə edə bilməyən, öz iradəsi ilə arıqlamağı, diyetaya əməl etməyi bacarmayan pasiyentlər bu əməliyyata müraciət edir.

Bədən şəkilləndirmə həm liposaksiya üsulu ilə bədəndə artıqlıq təşkil edən, bərkləşmiş piylərin çəkilməsi, həm də abdominoplastika deyilən qarıngərmə əməliyyatının icra olunması yolu ilə həyata keçirilir.

Müxtəlif nahiyələrdə liposaksiya icra edilə bilir. Bədənin qol nahiyəsi, yuxarı ətraflar, çiyin, kürək, bel, qarın nahiyələrində toplanan, eləcə də aşağı ətraflarda, budun daxili, arxa qismində, dizin daxili qismində toplanan, artıqlıq təşkil edən, bədənin formasını pozan piylərin çəkilməsi və bununla da şəkilləndirilmə tipinə aiddir.

Qarıngərmə - abdominoplastika isə daha çox hamiləlik, doğuş keçirmiş və bunun sayəsində qarının ön divarında qarın genişlənməsi, qarının düz əzələsinin genişlənməsi fonunda bədənin formasının itirilməsinin aradan qaldırılmasına yönəlmiş əməliyyat növüdür. Abdominoplastika zamanı qarının ön divar əzələsi tikilərək bərkidilir, boşluq aradan qaldırılır, həm də press effekti verilir, bununla da bədənin formasını şəkilləndirmiş oluruq.

Bu əməliyyatlar çox zaman birlikdə icra edilir. Yəni əksər hallarda həm liposaksiya, həm də abdominoplastika bir vaxtda icra edilir. Bundan əlavə, məsələn, mamoplastika əməliyyatı da bədən şəkilləndirmə əməliyyatının bir növü sayılır. Çünki süd vəzilərinin kiçik, eləcə də sallaq, böyük və sallaq olması səbəbi ilə icra olunan əməliyyatdır.

Sinə əməliyyatları 3 növə bölünür - sinənin böyüklüyü səbəbindən kiçiltmə, sinənin sallanması səbəbindən dikləşdirmə və sinənin kiçik olması səbəbindən icra edilmiş böyüdülmə əməliyyatı. Böyüdülmə əməliyyatı bir çox hallarda silikon implantlarla icra olunur.

- Bəs bədən şəkilləndirmə əməliyyatı kimlər üçün risklidir, kimlərə olmaz?

- Bu əməliyyatın risk faktoruna girən pasiyentlər qrupu bunlardır - laxtalanması yüksək olan, ciddi damar, varikoz problemi olan pasiyentlər. Bu pasiyentlərə bədən şəkilləndirmə əməliyyatı qətiyyən olmaz. Həmçinin, şəkəri yüksək olan və şəkəri aşağı salına bilinməyən pasiyentlərə qətiyyən liposaksiya, bədən şəkilləndirmə əməliyyatını icra etmək olmaz.

18 yaşdan aşağı, eyni zamanda 50-55 yaşlarından yuxarı olan pasiyentlərdə müəyyən əks göstərişlər ola bilir. Pasiyentlərin hər birinin əməliyyat öncəsi müayinə və  diaqnostikasının aparılması çox vacibdir. Çünki ola bilsin ki, pasiyentin yaş faktoru imkan versin, amma bədəninin digər sağlıq vəziyyəti əməliyyata imkan verməyə bilər. Məsələn, ola bilər ki, pasiyentin böyrəyində, ürək-damar sistemində problemləri var və bu problemlər bədən şəkilləndirmə və narkoz alması ilə bağlı sıxıntı, problem yarada bilər.

Eyni zamanda pasiyentlərin ciyərlərinin vəziyyəti də çox önəmlidir. Son illərdə koronavirus keçirmiş bir çox pasiyentlərin ağciyərlərinin vəziyyəti o qədər də ürəkaçan deyil.

Həmçinin, siqaret aludəçisi olan pasiyentlərin ağciyərlərində problem ola bilir. Belə ki, siqaret tromblaşmaya səbəb ola bilir. Beləliklə, əməliyyat öncəsi planlaşdırmağa görə bu faktorların araşdırılmasının çox önəmi var.

İrsi qan xəstəliklərində də bu əməliyyatın icra olunması məsləhət görülmür. Bir sıra beyin xəstəliklərində də bu əməliyyatların icra edilməsi qətiyyən olmaz.

- Son zamanlar kifayət qədər kişilər də bədən şəkilləndirmə əməliyyatlarına müraciət edirlər...

- Bəli, son zamanlar kişilər də zamanla ayaqlaşıb, xanımlara qoşulub estetik əməliyyatlara üstünlük verməyə başlayıblar. Kişilər daha çox qarının ön hissəsinin piylərini idmanla aradan qaldıra bilmədikdə, sinə, kürək, bel nahiyələrində olan piylərdən narahat olduqda estetik cərrahlara müraciət edirlər.

Məlum olduğu kimi, sinə nahiyəsində qalın süd vəzi formasının - ginekomastiyanın yaranması kişilərdə diskomfortluq yaradır. Bədən şəkilləndirmə əməliyyatı ilə bu problem aradan qaldırılır.

Kişilər arasında üz nahiyəsində yaşla əlaqədar üz sallanmalarının əmələ gəlməsi ilə bağlı üz gəncləşdirməyə də müraciət edənlər var. Üz gəncləşdirmə əməliyyatlarına üst və alt göz qapağının əməliyyatı (blefaroplastika) da daxildir.  

Məlum olduğu kimi, çəpçəqulaqlıq heç də deformasiya sayılmır, bu, yalnız sosioloji əməliyyatdır. Yəni insanlar qulaqlarının önə olması səbəbindən diskomfort yaşayırlar. Bu da çəpçəqulaqlığın ləğvi, otoplastik əməliyyatına müraciət sayəsində aradan qaldırılır.

Qeyd edim ki, son zamanlar buxaq nahiyəsinin liposaksiyasına da müraciət edən pasiyentlərin sayı artıb.

- Sonda tövsiyələrinizi öyrənmək istərdik.

- Tövsiyəm budur ki, pasiyentlər ilk növbədə doğru-düzgün həkim seçimlərini etməlidirlər. Həmçinin, vaxtilə keçirdiyi xəstəlikləri həkimlərdən gizlətmək olmaz. Başa düşməlidirlər ki, bu, onların problemləridir və onlar həkimlərə nə qədər doğru məlumat verərlərsə, həkimlər də doğru-düzgün kömək etmiş olarlar, problemlərini həll etməyə çalışarlar.

Həmçinin, əməliyyatdan sonrakı mərhələ ilə bağlı həkim tövsiyələrinə birə-bir, ciddi əməl etmələri çox önəmlidir. Bir çox hallarda pasiyentlərin məsuliyyətsizlikləri ucbatından ciddi problemlərlə, fəsadlarla qarşılaşdıqlarının şahidi oluruq. Məsələn, hansısa gündəlik yemək-içməklərindən vaz keçə bilmir, siqaret və içki qəbul edir, bunun ciddi ziyanlarına məruz qalmış olurlar.

Həm də bir çox hallarda həkimlərin tövsiyələrinə sona qədər əməl etmirlər. Dərmanların sona qədər qəbul edilməməsi, karsetlərin doğru-düzgün geyilməməsi ilə bağlı, yaxud keçirilmiş koronavirus, allergiyalarla bağlı müəyyən problemlərlə üzləşmiş olurlar.

Yəni tam səmimi həkimlərlə dost olmalarını, öz sağlamlıqlarına biganə qalmamağı tövsiyə edirəm.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR