Onlayn ictimai-siyasi qəzet
Sabah dünya ölkələri Yeni il bayramını qeyd edəcək. Amma bu bayramı qeyd etməyən ölkələr də var. Səbəblər isə müxtəlifdir.
Məsələn, Səudiyyə Ərəbistanında bir neçə il öncə Yeni ili qeyd etmək rəsmən qadağan olunub. Lakin 2020-ci ildə ilk dəfə olaraq ölkədə Yeni il ərəfəsində bayram bəzəkləri mağazada satışa çıxarılmışdı. İnsanlar bu bəzəkləri almaq üçün mağazaya axın etmişdilər. Santa Klaus, bəzədilmiş yolka və digər Yeni il atributlarını mağazada görən Krallığın vətəndaşları heyrətlənmişdilər. Yayılan məlumatlara görə Yeni il bəzəklərinin satışa çıxarılması Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın həyata keçirdiyi “müasir İslam” tendensiyasının təzahürüdür. Məhz onun təklifi ilə 2020-ci ilin fevralında Səudiyyə Ərəbistanında İslama zidd hesab edilən Valentin Günü münasibətilə mağazalarda qızılgül satışına və onun restoranlarda qeyd edilməsinə də icazə verilib.
Lakin Səudiyyə Ərəbistanı Yeni ili qeyd etməyən yeganə dövlət deyil. Bu bayramı yanvarın 1-də qeyd etməyən digər ölkələr də var. Onlardan biri İsraildir. Belə ki, yanvarın 1-i İsraildə adi gün kimi qeyd olunur. Yəhudilər yəhudi təqviminə əsaslanaraq Yeni ili payızda qeyd edirlər. Onların bayramı Roş Xa-Şana adlanır və 2 gün qeyd edilir. İsraildəki bir çox adət, ayin və mərasimlər məhz bu bayramla bağlıdır.
İran da Yeni il bayramını qryd etməyən ölkələr sırasındadır. İranda yeni il yazın ilk günündə, yəni martın 22-də Novruz bayramıyla qeyd edilir.
Çoxmədəniyyətli Hindistan ölkəsində də Yeni il günü bütün şirkət və ofislər çalışır. Martın 22-si Hindistanın vahid milli təqvimi üçün Yeni ildir. Maxaraştra ştatında bu bayramı “Qudi padva”, Andxra Pradeş ştatında isə “Uqadi” adı ilə keçirirlər. Cənubi Hindistanda isə payızda Divapali bayramı qeyd olunur ki, bu da Yeni ilin gəlişini bildirir.
Eləcə də Çində Yeni il keçirilmir. Yalnız böyük mağazalarda və alış-veriş mərkəzlərində Qərb ənənələrinə hörmətlə parlaq süni yolkalar və Santa Klaus qoyurlar. Çində Yeni il əslində Ay təqviminə görə keçirilir və Bahar bayramı adlanır. Bu bayram ölkədə üç gün qeyd olunur. Əsasən yanvarın 15-dən fevralın 20-nə qədər müddət ərzində olan tarixlərə düşür. Hər ilə görə tarixi dəyişir.
Qeyd edək ki, bu il Pakistanda da Yeni il şənlikləri qadağan edilib. Səbəb Fələstinlə həmrəylik nümayiş etdirməkdir. Belə ki, Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvar-ul-Haq Kakar İsrailin zərbələri nəticəsində Qəzza zolağında insanların həlak olması səbəbindən ölkədə bayram tədbirlərinin olmayacağını açıqlayıb.
Xalidə Gəray
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ