Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 2015-ci ildə baş verən iki devalvasiyadan sonrakı 9 il ərazində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərdə ciddi artımlar baş verib. Yüksək bahalaşma sürəti hesabına son 8 ildə (2015-2023) qiymətlərdə ümumi artım 81 faizə çatıb.
Statistik rəqəmlərə görə, ümumi bahalaşmada daha çox pay qida məhsullarına düşüb. (Sfera.az) Qida məhsullarının bazar dəyəri orta hesabla 110 faiz (2,1 dəfə), qeyri-qida məhsullarının dəyəri 69 faiz, pullu xidmətlərin dəyəri isə 54,6 faiz artıb.
2015-2023-cü illərdə ümumən bahalaşma yüksək olmaqla bərabər bəzi məhsullarda qiymət artımları digərlərindən kəskin fərqlənib. Son 8 ildə qiyməti ən çox artan məhsul kanalizasiya xidməti olub. Kanalizasiya xidmətinin qiyməti 5 dəfə artıb. Bahalaşma sürətinə görə ikinci sırada tərəvəz məhsulları dayanır. Ötən müddətdə tərəvəzlərin qiyməti orta hesabla 3,65 dəfə artıb. 2015-ci ildə 100 manata alınan tərəvəz səbətini 2023-cü ilin sonunda 365 manata almaq mümkün olub.
Devalvasiyadan ötən müddət ərzində dəftərxana vasitələri də kəskin bahalaşıb. Bu malların dəyəri orta hesabla 2,53 dəfə artıb. Bahalaşma sürətinin böyük olmasına görə fərqlənən məhsullar arasında soyuq su xidmətinin (2,35 dəfə), tütün məmulatlarının (2,3 dəfə), hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin (2,28 dəfə), parçaların (2,17 dəfə), tibbi ləvazimatlarının (2,11 dəfə), xalçaların (2,1 dəfə), kərə və bitki yağlarının (2,04 dəfə), çay, qəhvə və kofenin (2 dəfə) adını çəkmək olar.
Son 8 ildə adıçəkilən məhsulların dəyərinin kəskin şəkildə artması əhalinin ümumi istehlak xərclərində də ciddi artıma səbəb olub. 2015-ci ildə bir ayda adambaşına istehlak xərcləri 300 manat olduğu halda, 2023-cü ilin sonunda xərclər 595 manata yüksəlib.
Azərbaycanda 2015-ci ildə baş verən iki devalvasiyadan sonrakı 9 il ərazində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərdə ciddi artımlar baş verib. Yüksək bahalaşma sürəti hesabına son 8 ildə (2015-2023) qiymətlərdə ümumi artım 81 faizə çatıb.
“Qəpik-qəpik” bahalaşma və xidmətlərin rəsmi artımı kifayət qədər yüksəkdir. Bəs bunun qarşılığında maaşlar, pensiyalar nə qədər artırılıb? Sosial siyasətdə yeniliklər edilməlidirmi?
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, hazırda Azərbaycanda orta əmək haqqının artım tempi təxminən 6-7 faiz arasıdır: “Bu baxımdan məsələyə yanaşsaq, yəqin ki, yenidən formalaşan parlamentin noyabr ayında büdcə zərfinə baxması üçün müddət başlanacaq. Dekabrda 2025-ci illə bağlı yeni büdcə qəbul olunacaq. Büdcənin tərkibində minimum əmək haqqının artması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım gözləniləndir.
Hazırda ölkədə normativ hüquqi aktlara görə 8 saatlıq iş rejimi tətbiq edilir. Hətta 5 günlük iş hissəsini hesablasaq, indiki 345 manatı saat hesabına böləndə, saata təqribən 1 manat 80 qəpik düşmür. Bu, çox aşağı göstəricidir. Ciddi artım olmalıdır ki, insanların büdcəsinə təsir eləsin. Tənzimlənmə mexanizmi çox dəqiq olmalıdır".
Natiq Cəfərli qeyd edib ki, yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də artımın olması dəqiqdir, təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8-10 faiz artımı gözləniləndir.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli deyir ki, qiymət artımı dünyanın hər yerində baş verir: “Ölkə manatın stabil qalacağı öhdəliyini götürməyib. Dövlətin, hökumətin və Mərkəzi bankın belə bir öhdəliyi yoxdur. Türkiyə lirəsi, gürcü larisi, rus rublu da ucuzlaşır. Hər yerdə pulun stabil saxlanması ilə bağlı hökumətin öhdəliyi yoxdur. Normal prosesdir. Hökumət çalışır ki, minimum əmək haqqının, yaşayış minimunu artırsın. Buna görə də fərdi ünvanlı sosial yardımların məbləği artır. Pensiyalar inflyasiyaya görə indeksasiya edilir. Pensiyalar orta aylıq əmək haqqının faizinin artımına görə indeksasiya edilir. Burada hökumət tədbirlər görüb. Daha yaxşı yaşamaq üçün gərək daha yaxşı iqtisadiyyat olsun. Siz Almaniyanın iqtisadiyyatını istəyirsinizsə, gərək ölkəniz onlar kimi maşın istehsal etsin. Bizim ölkə isə neft satır. Neftin qiyməti isə aşağı düşür. Buna görə də Azərbaycan ehtiyatlı şəkildə davranır”.
Vüqar Bayramov
Millət vəkili Vüqar Bayramov bildirib ki, bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min pensiyaçı qeydiyyatda olub: “Bu ölkə əhalisinin 10.8 faizi deməkdir. Yəni Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır. Bəs pensiya növlərinə görə pensiyaçıların sayı necə dəyişib?
Pensiyaçıların 64.4 faizi yaşa görə pensiya alır. Bu o deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709 min 44 nəfərdir. Ötən ilin eyni dövründə bu göstərici 702 min 920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6 min 124 nəfər artıb".
Şahanə RƏHİMLİ,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ